Elə gülə-gülə öləsiyəm mən... - Musa Yaqubun məşhur şeirləri

Elə gülə-gülə öləsiyəm mən... -  Musa Yaqubun məşhur şeirləri
  07 May 2021    Oxunub:8005
Bu gün Azərbaycanın Xalq şairi Musa Yaqub haqq dünyasına qovuşdu. 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edən söz ustadının qələmə aldığı şeirlər oxucuların qəlbində onu əbədi yaşadacaq.
Azvision.az Musa Yaqubun dillər əzbəri olan bir neçə şeirini oxuculara təqdim edir:

Taleyin qisməti

Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxıb yandıracaq bu ocaq səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

***

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,payız gəlib,qış qalıb.
Göy çəməndə ocaq yanıb,daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə bu ocaq közərəsi,sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım,o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz...

***

Qızıl dan kimi

Sən Allah, bu gülü yasa aparma,

Bu gül ləçəyində başqa həyat gör.

Bu qızıl güllərdən mənə qanad hör,

Sən Allah, bu gülü yasa aparma…


Qızıl dan yerindən rəng alıb bu rəng,

Göylərdən nur alıb, günəşdən çələng,

Bu doğulmaq üçün, uçmaq üçündür

Qövsi-quzehləri qucmaq üçündür,

Sən Allah, bu gülü yasa aparma…


Torpaq bitirəni gül eylər gedər,

Torpaq itirəni kül eylər gedər.

Bu ki, mələklərin rəng düzümüdü

Körpənin süd rəngli təbəssümüdü,

Sən Allah, bu gülü yasa aparma…


Torpaq! Qara torpaq, fırçana əhsən

Fırçanın verdiyi bu cana əhsən!

Qırxyarpaq qızılgül İlahinindir,

Vurduğu ilməyə qırçına əhsən!


Yəqin dünya əvvəl hər yeri gülşən,

Yəni qızıl güllü, qızıl bağ olub

Qədirbilməzlərin əlindən düşən

Gedib çöldə bitib bağrı dağ olub.


Tamam başdan-başa heyrətdi, vallah,

Vallah möcüzədir, möcüzə güllər.

Yaz ağzı elə cür tələsibdilər,

Dönüb bənövşəyə, nərgizə güllər.


Bu qırxləçəyi gör, qızılı yarpaq –

Şanapipiklərin başında daraq –

O aşiq bülbüllər hamıdan qabaq

Döşünü güllərə sipər eyləyib

Sən bu qızıl donlu mələklərə bax

Boynunu qızıl gül çəpər eyləyib


Çəpərin qurbanı, a gül yanaqlar,

Belə açılmışdım mən də qabaqlar –

Bu ilahi güllər qırmızı donda

Mənim də sinəmdə bitmişdi onda –

O da ilk məhəbbət alovlarıydı

Ağ güllər təmizlik qırovlarıydı –

Məni apardılar eşq aləminə

Hələ də ordayam dönüb gəlmərəm –

Ölərəm qalaram – sönüb gəlmərəm.


İlk sevgi qızılı şimşək ömrüdü,

Özü çaxıb gedər, şırımı qalar,

İztirab bu eşqin daha kömürüdü –

Qara, qırmızımı, sarımı qalar…


Bizim qaşımızda gül mayası var,

Onunçün gözəllər gülyanaqdılar –

Dan yeri qırmızı.

Qürublar sarı…

Sən allah, bu gülün keyfinə dəymə,

Çevirmə üzünü qüruba sarı

Sən Allah, bu gülü yasa aparma…

***
Payız günüm

Bir sarı budaqdır il ağacında
Görən bu payızın yaşı neçədir? –
Bir qıvrım duman da qalıb solanda,
Yaddaşı necədi, huşu necədi –


Sarıköynəkləri dözmədi qaçdı;
Amma həmin torpaq, həmin ağacdı,
Qüdrəti qalıbmı bir gül bitirsin,

Ya bir xəzəlini yerdən götürsün.
Bir dilim yemişi aypara bilsin
Bir quşu yolundan qaytara bilsin –
Çağırsın geriyə şirin dilləri,
Əlini uzatsa qış tərəflərə
İsidə bilərmi soyuq əlləri?..
Görəsən payızın yaşı neçədi?..

Həvəsi qalıbmı kef-damaq üçün
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz yurd-yuva qorumaq üçün
Əsgərlik yaşında payız olarmı,
Görəsən payızın yaşı neçədi?..

Yenə yerişim var küçələrində
Hasarda sarmaşıq yaman üşünür.
Görəsən ukuzun gecələrində
Nələrə səbr edir, nəyi düşünür –
Görəsən payızın yaşı neçədir?..


Qalmışam həvəslə yaş qınağında,
Bu qızıl yarpağın alnından öpüm
Qızıləhmədinin al yanağında
Bir ləzzət qalıbmı xalından öpüm,
Görən bu payızın yaşı neçədir?..


Mizrab xəzəlləri qırışlarıyla
Toxunub bir sarı simə ağlayır.
Bu qədər aramsız yağışlarıyla
Görəsən bu payız kimə ağlayır?..

Dumanlar yeriyir dərələr boyu
Dağlar elə bil ki, qoşun aparır
Deyəsən bu payız vaxt sahibidi
Məni də özünə qoşub aparır.
Görən bu payızın yaşı neçədi?..

***
Hələ ki...

Elə hələ deyib hələ dözürük,
Hələ ki, hələnin hələsiyəm mən.
Nə sərhəd tanımaz aşiq Kərəməm,
Nə də xan oğlunun Lələsiyəm mən.

Nahaqlar önündə neçin kiridim,
Qal bu xəcalətdə ağız kilidim,
Guya bu dünyada neyləyə bildim,
Deyim ki, təzədən gələsiyəm mən.

Bekar əl neçin də sözümə baxsın,
Əlimin üzü yox üzümə baxsın.
O hansı ümiddir bizi çağırsın,
Durub arxasınca tələsiyəm mən.

Dayan, durum gedim bazarımgilə,
Dünya bolluğuna ərkim bir gilə.
Qalmışam özümə lap gülə-gülə,
Elə gülə-gülə öləsiyəm mən.

Kimlərə borcum var, dolub siyahı,
Vura bilmədiyim hədəf günahı –
Kəsib barmağımı verib silahı,
Bir namərd dünyanın köləsiyəm mən.

Azvision.az


Teqlər: Xalq-şairi   Musa-Yaqub  





Xəbər lenti