Həsən Zeynalov ilin diplomatı seçildi

Həsən Zeynalov ilin diplomatı seçildi
  05 Mart 2014    Oxunub:1860
Ötən gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Azərbaycan-Türkiyə dərnəklərinin və digər qeyri-hökumət təşkilatlarının, İstanbulda yaşayan türk və azərbaycanlı ziyalıların, elm və incəsənət adamlarının iştirakı ilə toplantı keçirilib.
Konsulluqdan verilən xəbərə görə, toplantı zamanı dərnəklərin, diaspor təşkilatlarının və Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə çalışan bütün soydaşların fəaliyyətinin Baş Konsulluqla əlaqələndirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruri olduğu vurğulanıb.

Toplantıda çıxış edən baş konsul Həsən Zeynalov son illərdə Baş Konsulluq tərəfindən görülmüş işlər, ümumi hədəflər istiqamətində qət edilmiş yol və əldə edilmiş uğurlar barədə qısa məlumat verib.

Azərbaycan Türkləri Mədəniyyət və Təhsil Vəqfinin (ATKEV) sədri Erol Göllü bildirib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafında, Azərbaycan həqiqətlərinin Türkiyədə yayılmasında, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində dolğun məlumatların geniş kütlələrə çatdırılmasında, Xocalı soyqırımının tanıdılması işində, xüsusən bu ilin fevralında Türkiyənin Uşak şəhərində “Xocalı soyqırımı” abidəsinin açılmasında, bununla yanaşı Türkiyədəki soydaşlar arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsində baş konsul Həsən Zeynalovun xidmətlər onun rəhbərlik etdiyi Vəqf tərəfindən diqqətlə izlənir və yüksək qiymətləndirilir.

E.Göllü bu fəaliyyəti nəzərə alaraq ATKEV İdarə heyətinin baş konsulu “İlin diplomatı” adına layiq gördüyünü bildirib. Sözünə davam edən Vəqf sədri ATKEV İdarə heyəti adından baş konsula “İlin diplomatı” mükafatını təqdim edib.
H.Zeynalov soydaşlarımız tərəfindən ona və rəhbərlik etdiyi kollektivə göstərilən etimada və fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib.

Toplantı iştirakçılarına xitabən, Baş Konsulluqla əməkdaşlıq edən dərnəklərimiz və soydaşlarımız olmadan heç bir nəticə əldə etməyin mümkün olmayacağını vurğulayan H.Zeynalov bu mükafatın şəxsən onun üzərinə əlavə məsuliyyət qoyduğunu və vəzifə borcunu yerinə yetirərkən səylərini daha da artırmağa və fəaliyyətini genişləndirməyə stimul verdiyini söyləyib.


Teqlər:  





Xəbər lenti