Vətən müharibəsi ilə bağlı müsabiqə elan olunub

Vətən müharibəsi ilə bağlı müsabiqə elan olunub
  27 Aprel 2021    Oxunub:5907
44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan olunub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə baş tutur.

Müsabiqə mayın 1-dən oktyabrın 1-dək keçiriləcək.

Simfonik əsər kateqoriyası üzrə keçirilən müsabiqədə yaşı 25-dən 35-ə qədər olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilər.

İştirakçıları münsiflər heyətinin üzvləri – Firəngiz Əlizadə (Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri), Aydın Əzimov (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru), Fəxrəddin Kərimov (Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru), Həcər Babayeva (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru) və Ayaz Qəmbərli (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, bəstəkar) qiymətləndirəcəklər.

Əsərlərin müzakirəsi qapalı şəraitdə keçiriləcək. Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra oktyabrın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (https://azvision.az/redirect.php?url=http://mct.gov.az) yayımlanacaq.

Qalib olmuş müəlliflərin əsərlərinin noyabrın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək “Qələbə” konsertində səsləndirilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Vətən-müharibəsi   Bəstəkarlıq   Müsabiqə  





Xəbər lenti