Mariusun danalardan nəyi artıqdır?
Kopenhagen zooparkında kəsilən zürafə Mariusun müdafiəsinə qalxan təbiətsevərlərin səs-küyü bizim ölkəyə də gəlib çıxdı. Mətbuatımız hadisəni işıqlandırdı, zoomüdafiəçilərimiz danimarkalı həmfikirlərinin səsinə səs verib, Mariusu uşaqlar qarşısında nümayiş etdirməklə şaqqalatdıran zoopark rəhbərliyini lənətlədilər.
İnsan oğlu özünü “yaradılanların əşrəfi”, özündn zəiflərin hamısını “əmtəə” elan edib. Hər gün yüz minlərlə heyvanın bəzisi qıda, bəziləri xəz, bəziləri sadəcə, əyləncə üçün kütləvi surətdə qətlə yetirilir. Məsələn, İngiltərədə hər il məşhur it yarışları üçün 30 min qaçış iti yetişdirilir. Amma onlardan yalnız yarısı yarışa buraxılır. Sizcə qalan itlər necə olur? Sadəcə, güllələnirlər. Dərhal ölməyən itlərə ikinci güllə vurmaq qadağandır. Çünki rəhbərlik itlərdən mümkün qədər az xərclə yaxa qurtarmaqda qərarlıdır. Yarışda yaralanan, ya da zəiflik nümayiş etdirən digərlərini də bu aqibət gözləyir. Amma ekoloqlar böyük məmnuniyyətlə bu yarışları izləyirlər.
İstənilən heyvanxanada monitorinq aparsaq, heyvanların nazı ilə oynanılmadığını sübut edən yüzlərlə fakt qeydə almaq olar. Orada xəstə heyvanları çox nadir hallarda müalicə edirlər. Qalan hallarda isə sadəcə, öldürüb digər heyvanlara yem edirlər. Bunlar da zürafə kimi canlılar deyilmi? Ya ovlanan heyvanlar? Onların təkcə bir fərqi var: insan bunlardan birini öldürməkdən, digərinin ətini yeməkdən, bir başqasını qəfəsə salıb baxmaqdan, dördüncünü müdafiə etməkdən həzz alır.
Yalnız öz həzzini düşünənlərin hissi səviyyədə olduğunu bir az ucadan demək istərdim. Yəni, burada dərrakədən danışmaq doğru olmazdı. İnsan öz həzzi naminə ən dəhşətli addımlar atmağa qadirdir: nəinki inəyin, zürafənin... hətta qardaşının da başını kəsər, kütlələri bir-birinə qırdırar. İndi Suriyada, Ukraynada nə baş verir? Bunlar kiminsə öz həzzi naminə qurduğu planların nəticəsi deyilmi? Bəli, bu planların qurulmasında dərrakə də iştirak edib, amma bu azad dərrakənin məhsulu deyil. Bu, həzz təşnəsi hisslərin diktəsiylə işləyən, qul səviyyəsinə endirilmiş dərrakənin məhsuludur. Bu, artıq siyasətdir...
Amma biz mövzudan uzaqlaşmamışıq. Elə, bir heyvanı müdafiə edib digərinin ətini yeyən adam da təbiət müdafiəçisindən daha çox siyasətçidir. Bu da onun siyasətidir. Mülayim, mərhəmətli görünmək istəyir. Niyə? Çünki onun da çörəkpulu bundan çıxır. Çörəyi də təbii ki, yavan yox, kotletlə və ya dolma ilə yeməlidir. Və ya daha çox həzz aldığı bir şeylə. Amma bu siyasət bir az ikrah doğurur, demək istərdim. Başınıza işmi qəhətdir, cənablar? Nə olar, dünyanı düzəldənlər kimi görünüb dünyanı bir az da korlamayın.
Teqlər: