Nəsibə Zeynalovanın 105 illik yubileyi qeyd edildi

  20 Aprel 2021    Oxunub : 5275
Nəsibə Zeynalovanın 105 illik yubileyi qeyd edildi
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan teatrının unudulmaz korifeyi Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 105 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Teatr Muzeyindən Azvision.az -a bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin tələbələri, muzey əməkdaşları və media nümayəndələrinin iştirak etdiyi tədbirdə sənətkarın həyat və yaradıcılığı barədə ətraflı söhbət açılıb.

Bildirilib ki, N.Zeynalovanın sənət fəaliyyətinin ən parlaq dövrü məhz Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışdığı illərdir. Yaratdığı bir-birindən rəngarəng rollar ilə tamaşaçılar tərəfindən sevilən, müxtəlif obrazlarla “qonaq olduğu” bütün evlərdə, ocaqlarda ürəkləri fəth edən sevimli aktrisa Nəsibə Zeynalovanın əziz və unudulmaz xatirəsi yüksək məhəbbətlə xatırlanacaq və xalqın yaddaşından silinməyəcək.



Tədbir çərçivəsində aktrisanın muzeyin fondunda saxlanılan fotolarından ibarət videoçarx nümayiş olunub. Eyni zamanda, “Hicran” musiqili komediyasından, o cümlədən “Ögey ana”, “Böyük Dayaq” və “Qayınana” filmlərindən də fraqmentlər izlənilib.

Sonda Xalq artisti Tofiq Quliyevin “Qayınana” filminə bəstələdiyi "Biz mehriban ailəyik" mahnısı ilə gecəyə xüsusi rəng qatılıb.

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.

Azvision.az

Teqlər: NəsibəZeynalova