Ramiz Həsənoğlu: “Mən o azadlıq üçün darıxıram” - MÜSAHİBƏ

 Ramiz Həsənoğlu: “Mən o azadlıq üçün darıxıram” -  MÜSAHİBƏ
  13 Aprel 2021    Oxunub:7694
"Böyüyəndən sonra başa düşürsən ki, qayda-qanun var"

Bu gün Xalq artisti Ramiz Həsənoğlunun doğum günüdür. 75 yaşını qeyd edən rejissor özəl günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Ramiz müəllim, doğum gününüzü təbrik edirəm. Soruşmaq istərdim ki, yaş sizin üçün nə deməkdir?

- Ömürdür, həyatdır, təcrübədir. Əgər sən hansısa bir sənətlə məşğul olursansa, o sənətdir. Normal bir şeydir. Yaşayan, yaradan adam üçün hər zaman nəsə etməyə imkan var. Allaha şükür edirəm ki, bu yaşa çatmışam, hələ də planlarım var və öz üzərimdə işləyirəm.

- 75-dən geriyə boylananda hansı illərin xatirəsi sizə daha əzizdir?

- Mənim üçün yaşadığım ömrün hamısı vacibdir. Yaxşı adamlardan ibarətdir. İstər uşaqlığımla, valideynlərimlə, istərsə də gəncliyimlə, universitet illərimlə, yaşadığım, gördüyüm işlərlə bağlı olsun. Həyatdır. Mən burada ikinci dərəcəli bir şey görmürəm. Hamısı vacib olan bir şeydir. Amma bunların hamısı keçmişdir. Keçmişi ona görə yada salırıq ki, gələcəkdə özümüz üçün bir yol quraq, aydınlaşdıraq.

- Uşaqlığın adını çəkdiniz. Necə uşaq olmusunuz?

- Deyilənə görə, çox dəcəl uşaq olmuşam, həmişə problem yaratmışam. Uşağın öz ideyası olur və o, elə bilir ki, ideyasının çərçivəsində nə edirsə, normal bir şeydir. Böyüyəndən sonra başa düşürsən ki, qayda-qanun var, bunları gözləmək lazımdır. Uşaqlıqda insan çox azad olur. Mən o azadlıq üçün darıxıram.

- Uşaqlıqda qeyd etdiyiniz hansısa doğum gününüzü xatırlayırsınızmı?

- Onu deyə bilərəm ki, anam Ətayə xanım doğum günlərimdə başımı sığallayar, yanağımdan öpərdi.

- Nəvələriniz varmı? Sizi necə təbrik etdilər?

- Bəli, 8 nəvəm var. Ən böyük nəvəm 29 yaşındadır. Çox təəssüf edirəm ki, nəvələrin hamısı Azərbaycandan kənardadırlar. Onlar məni telefonla zəng edib təbrik edirlər.

- Belə günlərdə nəvələrin xiffətini çəkirsinizmi?

- Mən hər gün onların xiffətini çəkirəm. Şükür Allaha ki, internetlə o məsafəni qısaldırıq.

- 8 nəvədən yəqin ki, biri sizün üçün daha əzizdir.

- Müdrik bir kəlamla sizə cavab verəcəyəm: Deyir, nəvələrlə münasibətinizi elə qurun ki, övladlarınızı ona etibar edə biləsiniz. Mən münasibətimi onlarla bərabər, dürüst qurmağa çalışıram ki, dünyada nələrin baş verdiyini başa düşsünlər.

-Sizin ürəyinizin sarı simini özəl gününüzdə nə tərpədə bilər?

- Zənglər, mesajlar olur. Hər kəsin diqqəti mənim üçün dəyərdir.

- 75 yaşlı adam həyatdan nə istəyir?

- Sağlamlıq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RamizHəsənoğlu  





Xəbər lenti