Polkovnik `kütləvi şikayətlər`dən danışdı

Polkovnik `kütləvi şikayətlər`dən danışdı
  01 Mart 2014    Oxunub:1171
Sadiq Gözəlov: Ötən il polis orqanları ilə bağlı Ombudsmana 1840 müraciətin daxil olmasını sensassiya kimi sırımağa cəhd göstəriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov "Azadlıq" qəzetinin bugünkü sayında "Usubovun işçilərindən kütləvi şikayətlər" başlıqlı yazı ilə bağlı açıqlama verib.

S.Gözəlov AzVision.az Trend-ə istinadən xəbər verir ki, həmin yazıda hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının fəaliyyətinə hər zaman qərəzli mövqedən yanaşan, özlərini bu sahənin "mütəxəssisləri" sayan Leyla Yunus, Əyyub Kərimov və həmçinin "Azadlıq" qəzeti məsələnin mahiyyətinə varmadan, polis orqanlarını ictimai qınaq obyektinə çevirmək, onun cəmiyyətdəki yüksək nüfuzuna və imicinə kölgə salmaq üçün əllərinə düşən bu fürsətdən də yararlanmağa çalışıb, ötən il polis orqanları ilə bağlı Ombudsmana 1840 müraciətin daxil olmasını az qala sensassiya, guya vətəndaşların Daxili İşlər Nazirliyinə inamsızlığı, polisdən yuxarı instansiyalara "kütləvi şikayətlər" kimi ictimai rəyə sırımağa cəhd göstəriblər.

S.Gözəlov bildirib ki, Azərbaycan iqtidarına, daxili işlər orqanlarına qarşı aşkar qərəz və kin-küdurət onların gözlərini elə örtüb ki, məsələni siyasiləşdirmək, hər zaman olduğu kimi, yanlış şəkildə şərh etmək yolunu tutublar: "Real vəziyyət isə belədir ki, üzərinə qanunvericiliklə mühüm vəzifələr qoyulmuş, ölkəmizdə cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini, insan və vətəndaş hüquqlarının qorunması kimi mühüm funksiyaları həyata keçirən polis orqanları tərəfindən təkcə ötən il yol hərəkətinə nəzarət prosesində 1.429.781 müvafiq inzibati xəta müəyyən edilmişdir. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci illə müqayisədə 29 faiz çox və ya 1.452.461 protokol tərtib olunmuş, nəticədə 1.347.617 nəfər cərimələnmiş, 4130 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunmuş, 41.495 şəxsə xəbərdarlıq edilmişdir.

Əgər polis əməkdaşları ən müxtəlif hüquqpozmalarla əlaqədar il ərzində təqribən 1,5 milyon şəxs barəsində inzibati qaydada tədbir görürsə, təbii ki, cərimələnmiş vətəndaşlarımız arasında qanun keşikçilərinin belə prinsipial fəaliyyətindən narazı qalan ayrı-ayrı şəxslər də tapılır və onlar ən müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər göndərirlər. Zənnimizcə, 1,5 milyon vətəndaş arasında 1840 potensial şikayətçinin olması həmin dırnaqarası ekspertlərin iddia etdikləri kimi, o qədər də böyük rəqəm deyil. Bir məqamı da nəzərədən qaçırmayaq ki, adətən yüksək instansiyalara, o cümlədən Daxili İşlər Nazirliyinə ünvanlanan ərizə və şikayətlərin böyük əksəriyyəti yoxlamalar zamanı öz təsdiqini tapmır".

Mətbuat xidmətinin rəisi qeyd edib ki, cəmiyyətdə polisin nüfuzu vətəndaşların müraciətlərinə vaxtında, obyektiv və ədalətli şəkildə baxılmasından, bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminindən birbaşa asılıdır: "Bu baxımdan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində möhtərəm dövlət başçımızın qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılır, bu yöndə zəruri təşkilati-əməli tədbirlər davam etdirilir. Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən təkcə ötən il 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunmuş, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə müsbət həll edilmişdir. 2013-cü ildə vətəndaşlardan Nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olmuşdur ki, onların da yalnız 3 faizini polis əməkdaşlarından şikayətlər təşkil etmişdir. Ombudsman Aparatına təxminən iki min müraciətin daxil olmasını az qala faciə kimi qeyd edənlərin məntiqindən çıxış etsək, o zaman il ərzində DİN-ə sözügedən rəqəmdən təqribən 23 dəfə çox, yəni 45 mindən artıq müraciətin ünvanlamasını vətəndaşların bu orqana kütləvi inamsızlığı ilə izah etmək olar. Lakin adi məntiqlə həmin rəqəmlərin tamamilə başqa bir mənzərənin göstəricisi olduğu aydın görünür".

S.Gözəlov hesab edir ki, bu, vətəndaşların polisə inamsızlığından deyil, əksinə, Azərbaycan dövlətinə, onun Prezidentinə, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarına bəslədikləri yüksək inam və etimadın əyani təsdiqidir: "Nazirliyin rəhbərliyi öz fəaliyyətində hər zaman xalqa xidmət funksiyalarının icrasını və vətəndaş məmnunluğunu daha səmərəli təşkil etməyə çalışır, qanunçuluğun qorunması işinə böyük tələbkarlıqla yanaşır.

Bunun nəticəsidir ki, təkcə ötən il daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülmüşdür.
Ombudsman Aparatına polislə bağlı göndərilən müraciətlər ətrafında yersiz şou yaradan, müvafiq qurumları buna "ciddi yanaşmağa" çağıran bədnam ekspertlər və onların havadarları heç də narahat olmasınlar. Azərbaycan polisi cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında qanunla üzərinə düşən məsul vəzifələrin öhdəsindən hər zaman layiqincə gəlmişdir və bundan sonra da layiqincə gələcəkdir".



Teqlər:  





Xəbər lenti