Oqtay Rəcəbov: “80 yaşa necə gəlib çatdığımı hiss etməmişəm” - MÜSAHİBƏ

  Oqtay Rəcəbov:  “80 yaşa necə gəlib çatdığımı hiss etməmişəm” -  MÜSAHİBƏ
  05 Aprel 2021    Oxunub:9696
“Mən həyatda olmayanda onlar yaşayacaq”

Bu gün sevimli bəstəkar, ölməz mahnıların musiqi müəllifi Oqtay Rəcəbovun doğum günüdür. 80 yaşı tamam olan bəstəkar doğum günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
- Oqtay müəllim, 80 illik yubileyinizi təbrik edirəm. Ömrün daha bir çağına qədəm qoydunuz. Özünüzü necə hiss edirsiniz?

- Elə deyirlər, şayiə yayılıb. Mənim maksiumum 16-18 yaşım olar, 80 haradan oldu?! (gülür) Anam deyirdi ki, səhər tezdən doğulmuşam.

- Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət olar?

- Həyatın özü elə var-dövlətdir. Mən yoxamsa, var-dövlət də yoxdur.


- Bu baxımdan sizi varlı kişi hesab etmək olarmı?

-Əlbəttə, olar. Həyatım, yaşadıqlarım, kitablarım, dərsliklərim, operalarım, simfoniyalarım, operettalarım mənim dövlətimdir. Çünki bütün həyatımı onlara həsr etmişəm. Mən həyatda olmayanda onlar yaşayacaq.

Rusların bir sözü var “мои годы мое богатство” (Mənim illərim mənim dövlətimdir), 80 yaşa necə gəlib çatdığımı hiss etməmişəm. Həmişə başım qarışıq olub. Oturub bir səhifə yazırsan, bir də görürsən ki, bir saat getdi. Eləcə ömür səndən asılı olmadan gedir.



- Bu gün sizə nə desələr və ya necə təbrik etsələr, ürəyinizin sarı simi tərpənər?

- Neçə gündür səhərdən axşama kimi zəng edirlər. Mən də çalışıram ki, verilən suallara cavab verim, təşəkkürümü bildirim. Əgər xalq sənin yaradıclığına xitab edirsə, bu, hər cür var-dövlətdən qiymətlidir. Ola bilər mən babam kimi 140 yox, 139 il 11 ay yaşayım. Amma mənim yazdıqlarım illərlə xalq üçün qalacaq, müğənnilər mən olmayanda da oxuyacaq. Bundan gözəl nə ola bilər. Çünki o biri dünyaya gedəndə özümüzlə heç nə aparmırıq.

- Sizin bir mahnınız var: “Necə unudum səni?”. Həmin mahnıda deyildiyi kimi, sizi və gözəl bəstələrinizi unutmaq mümkün deyil.



- O mahnının sözləri Zivər Ağayevaya məxsusdur. Çox gözəl şairə idi. Mən ilk mahnılarımı Nüsrət Kəsəmənlinin şeirlərinə musiqi bəstələməklə başlamışam. 1970-ci illərin ortalarında “Bakı” qəzetinin redaksiyasına getmişdim. Nüsrətin yanında bir xanımı gördüm. Bu, Zivər xanım idi. Nüsrət onu mənimlə tanış etdi. Orada Zivər xanım bu şeiri mənə göstərib mahnı bəstələməyimi istədi. Görüşümüzdən xeyli müddət keçsə də, ilham pərisi gəlmirdi. Bir gün yatıb yuxuda gördüm ki, Flora Kərimova bu mahnını oxuyur, mən də onu müşayiət edirəm. Yuxudan tez ayılıb onun melodiyasını nota yazdım. Sabahı gün bu mahnı yarandı. Flora xanım həmin mahnını 1978-ci ildə Yeni il gecəsi oxudu. O vaxtdan mahnını Azərbaycanda 30, Türkiyədə 15 müğənni oxuyub, 8 klip çəkilib.

- 80 yaşlı bir insan həyatdan nə istəyər?

- Olmaz ki, deyəsiniz 16-18 yaşlı insan? (gülür) Mənim hər şeyim var. Alalh bir az müddət versin, yeni-yeni əsərlər yaradım. Qoy məndən yadigarlar qalsın. Daha sonra nəvələrdən heç olmasa ikisinin toyunu görmək istərdim. Biz uzun ömürlü nəsilik. Mənim anamın atası Əbil kişi 140 il yaşayıb. Babam Qubanın Gigah kəndində varlı mülkədar olub. Onun birinci evliliyindən iki qızı dünyaya gəlib. Oğul övladı olması üçün həyat yoldaşının təklifi ilə ikinci dəfə evlənib. Birinci həyat yoldaşı özü gedib ona qız seçib. İkinci evliliyindən 3 qızı doğulub. Üçüncü dəfə mənim nənəmi alıblar. Bu evlilikdən də babamın 2 qızı dünyaya gəlib. Dördüncü həyat yoldaşı da oğul dünyaya gətirməyib. Nəhayət, 90 yaşında 5-ci dəfə evlənəndə iki əkiz oğlu doğulub. Babam 5-ci arvaddan sonra daha 50 il yaşayıb. Dayılarım indi sağdırlar.

- Dövlətdə dəvə, övladda nəvə deyilər.... Nəvələriniz sizi necə təbrik etdilər?

-5 nəvəm var - ikisi oğlan, üçü qızdır. Ən böyüyü 4-cü sinifdə oxuyur. Ən kiçiyinin isə 1 yaşı olub. Bir övladım mənimlə eyni binada qalır. Hər axşam onlar bizə gəlirlər, nəvələr qucağımda oturur, məni qucaqlayırlar. O birilər isə həftədə bir dəfə gəlirlər. 3 il bundan əvvəl hörmətli Prezidentimiz İlham Əliyevin elektron poçtuna məktub göndərib bildirdim ki, nəvələr artıb, yaradıcılıqla məşğul olmağa şəraitim imkan vermir. Ölkə başçısı sağ olsun, 3 gün ərzində mənə "Nəriman Nərimanov" metrosunun yanında 2 otaqlı mənzil bağışladı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: OqtayRəcəbov  





Xəbər lenti