“Neftin hazırkı qiyməti Mərkəzi Bank üçün məqbuldur”

 “Neftin hazırkı qiyməti Mərkəzi Bank üçün məqbuldur”
  31 Mart 2021    Oxunub:1330
Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itiriməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, regionun aparıcı ölkələrində milli valyutaların ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var.

"Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır. Həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır. Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu, ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərinin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur", - deyə deputat vurğulayıb.

Azvision.az


Teqlər: Dollar   Manat   AMB  





Xəbər lenti