Bielfelddə Xocalı mitinqi keçirilib - FOTOLAR

Bielfelddə Xocalı mitinqi keçirilib - FOTOLAR
  26 Fevral 2014    Oxunub:1396
Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri səsgücləndiricilər vasitəsilə şəhər sakinlərinə və qonaqlarına Xocalı faciəsi haqda məlumat verib
İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayan „Xocalıya ədalət“ kampaniyası çərçivəsində Almaniyanın Bielfeld şəhərində izdihamlı yürüş-mitinq keçirilib. Aksiyada Bielefeld, Hannover, Hamburq və digər şəhərlərdən gəlmiş 350-dən çox həmvətənimiz, türk diasporunu nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər və almanlar iştirak edib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat verib.

Azərbaycanın dövlət himni ilə müşayiət olunan mitinqi Almaniyanın Nordrayn- Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva açaraq XX əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımı haqda məlumat verib. Hannover şəhərindəki “Xəzər” Alman-Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha geniş miqyaslı işlərin görülməsi vacibliyindən danışaraq həmyerlilərimizi bu işdə daha fəal olmağa çağırıb.

Daha sonra aksiyada iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlı söz alaraq tədbirin təşkilatçılarına təşəkkür edib, soydaşlarımızın nümayiş etdirdiyi bu birlikdən duyğusal anlar yaşadığını dilə gətirib. Mərkəzi meydanda baş tutan mitinqin ardınca iştirakçılar nizamlı şəkildə Bielfeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı faciəsinin soyqırım kimi dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarlarının Qarabağı tərk etmələrini tələb ediblər. Yürüş zamanı şəhər sakinlərinə soyqırıma dair vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanıb.

Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri səsgücləndiricilər vasitəsilə şəhər sakinlərinə və qonaqlarına Xocalı faciəsi haqda məlumat verib, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış ediblər. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər, plakat və şüarlar, Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları "Qarabağa azadlıq", "Xocalıya ədalət”, “Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun” və digər bu kimi şüarları alman və azərbaycan dillərində səsləndiriblər. Mitinq-yürüşün ardınca isə Bielfeld şəhərinin mərkəzi akt zallarının birində “Xocalı həqiqətləri” adlı konfrans keçirilib.

Qeyd edək ki, mitinq-yürüşdə çox sayda Türk cəmiyyətləri və təşkilatları, o cümlədən sədr Mehmet Ali Ölmez başda olmaqla Bielfeld Atatürkçü Düşüncə Dərnəyi, Bielfeld Azərbaycan-Türk məscidinin sədri Mehmet İrmaq, Bielefeld Ülkü Ocaqları Başkanı Muhterem Öztürk, iğdırlı şair-yazıçı Nizamettin Onk iştirak edib.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyasını rəhbər tutan türk soydaşlarmız fəal iştirakları ilə tədbirin keçirilməsində Azərbaycan-Alman Dostluq Cəmiyyətinə dəstək olublar. Bundan savayı Türk iş adamları, Bielfeld “Deutsche Bank” müəssisəsinin əməkdaşı Adem Yavuz Tumay, İsmail Nefis, Özər, İlhan və Murat Aslanlar, Gürsel 2 Tumay, Yavuz Onk, Bielefeld mərkəzi klinikasının həkimi, Ruslan Ceferi, vəkil Özlem Tuncay və digərləri Xocalı yürüşünün keçirilməsində xüsusi fəallıq göstəriblər.

Qalereya




Teqlər:





Xəbər lenti