Xocalı Almaniyada anılıb - FOTOLAR

Xocalı Almaniyada anılıb - FOTOLAR
  25 Fevral 2014    Oxunub:2145
Almaniyanın Berlin şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədər Azərbaycan Tələbə Şəbəkəsi (ASN) tərəfindən bir sıra tədbirlər təşkil olunub.

Fevral ayının 22-də ASN Berlindəki `Türk Alperen Ocakları` təşkilatı ilə bərabər keçirdiyi gecədə əvvəlcə Xocalı soyqırımı şəhidləri 1 dəqiqəlik sükutla anıldılar, daha sonra ‘Alperen Ocakları’nın baş imamı Hüseyn Karakoyun tərəfindən şəhidlərimizin ruhuna Fatihə surəsi oxundu. Sonra 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş o dəhşətli gecəni əks etdirən qısa metrajlı sənədli film nümayiş etdirildi.

Filmdən dərhal sonra Azərbaycan Tələbə Şəbəkəsinin baş katibi Elşən İsmayılov və tarixçi Dipl-İng Ali Şen Xocalı soyqırımı ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ile bölüşdülər. Elşən İsmayılov öz çıxışında həmçinin Qarabağ müharibəsi ilə bağlı acınacaqlı uşaqlıq xatirələrindən də söz etdi.

Tədbirdə istər ASN,istərsə də “Alperen Ocakları”nın üzvleri fəal iştirak edərək,soyqırım ilə bağlı suallarını verdilər. Tədbirin sonunda ‘’Alperen Ocakları’’ təşkilatının üzvlərindən biri olan Mehmet Kızılkaya tərəfindən erməni amansızlığına həsr olunmuş ‘’Katl eden ermeni, akan Türk kanı’’ adlı şeri səslənib.

Fevral ayının 22-də Ştutqart yaxınlığında yerləşən Ludviqsburq şəhərində ASN yerli Türk Tələbə Təşkilatı ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş daha bir tədbir keçirdi. Tədbirdə ASN-in icraçı direktoru İbrahim Əhmədov, tələbələr və onların adından çıxış edən Cəfər Süleymanov, Ludviqsburq Türk Tələbə qurumunun sədri Hakan Çakıl və qurumun əməkdaşlarından biri olan Enes Demirci öz fikir və məlumatları ilə qonaqlarla bölüşdü.

Daha sonra qonaqlar Xocalı faciəsinə aid sənədli film izlədilər. Filmdə Çingiz Mustafayevin çəkdiyi kadrlarla yanaşı, çoxlarına tanış olan “Hoca” filmindən də kadrlar nümayiş olundu. Baden Vürttemberq əyalətində fəaliyyət göstərən bir sıra tələbə təşkilatlarının sədrləri də bu tədbirdə fəal şəkildə iştirak etdi.

Tədbirin digər maraqlı tərəflərindən biri də, ASN tərəfindən hazırlanmış kiçik sərgi idi. Azərbaycanın mədəniyyəti və tarixini əks etdirən kitablar, milli musiqimiz qonaqların diqqətini cəlb etdi. Tədbir boyunca qonaqlarla təşkilatçılar arasında sual-cavab tipli müzakirələr də öz əksini tapdı. Sonda iştirakçılara müxtəlif qəlyanaltılar təklif olundu və burada müzakirlər davam etdi.
Fevral ayının 23-də Azərbaycan Tələbə Şəbəkəsi tərəfinden Berlindəki Gottfried-Benn kitabxanasının həyətində yerləşən Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin ziyarəti həyata keçirildi.Tələbələrin kitabxanaya gəlişini asanlaşdırmaq üçün ASN xüsusi nəqliyyat təşkil etdi.Ziyarətçilər abidənin önünə qərənfillər qoyduqdan sonra, şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla andılar.

Daha sonra abidənin önündə ömrünün çox hissəsini Berlindeki Humboldt və Frei Universitetlərində politologiya ve sosiologiya üzrə professor olaraq fəaliyyət göstərmiş, çoxsaylı almanca-azərbaycanca lüğətlərinin müəllifi olan Prof. Ehmed Ümid Yazdani Qarabağ konfliktinə həsr ətdiyi `Bölünmüş Azərbaycan` adlı kitabından maraqlı sitatlar gətirdi. Günün davamında ASN-nin Berlində yerləşən ofisində Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirildi. Filmdən dərhal sonra Azərbaycanın Almaniyadakı Səfirliyindən ikinci katib Nurçin Əliyev öz çıxışında Xocalıda baş vermiş dəhşətli hadisələr haqqında fikirlərini bildirmiş və gənclərə gələcəklə bağlı öz məsləhətlərini verdi.

Qeyd edək ki,yuxarıda adı keçən bu abidə 2011-ci il may ayının 30-da azərbaycanlı memarlar Akif Əsgərov, Əli Ibadullayev, İbrahim Əhrari və Salhab Məmmədov tərəfindən Xocalı şəhidlərinin xatirəsinə ucaldılıb.Abidənin daşıdığı əsas anlam isə-millətlərin gələcəkdə mehribanlıq içində yaşayacağına inamdır.

Hər üç tədbirdə ASN üzvləri sərgi masalarını açaraq tədbir iştirakçılarına soyqırımla bağlı broşüb, kart, jurnal və kitablar paylayıblar. Tədbirlərin sonunda Xocalı şəhidlərinin xatirəsinə ehsan yeməyi verilib.

Qeyd edək ki, fevralın 26-sı da Hannover və Münxen şəhərlərində ASN tərəfindən Xocalı xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək.

Qalereya




Teqlər:  





Xəbər lenti