Cəhənnəmin əsas `sirri` - ARAŞDIRMA

Cəhənnəmin əsas `sirri` - ARAŞDIRMA
  21 Fevral 2014    Oxunub:3005
(Əvvəli burada )

Günahkarların cəhənnəmdə qalma müddətini bəzi mənbələr əbədi (Şammay), bəziləri isə müvəqqəti hesab edir. Birincilərə görə oradan yalnız savabla günah arasında tərəddüd edənlər təmizlənərək səma səltənətinə yüksələ biləcəklər. İkincilər (məs. Hellel) isə tərəddüd edənlərin ümumiyyətlə, cəhənnəmə düşməyəcəyini, adi günahkarların şeolda yalnız 12 ay qalacağını deyir.

Odlu Geena

İncildə “cəhənnəm”in sinonimi kimi, “odlu geena”, “aid”, avropa dillərinə tərcümələrdə “hell”, rusdilli xristian ədəbiyyatında isə “aid”in təhrif edilmiş forması olan “ad” sözü yer alıb. Bunlardan “geena” isə “ge-hinnom”un dəyişik formasıdır.

Göründüyü kimi, cəhənnəm ideyası müasir dinlərə qədim inanclardan keçib. Tövrat şeolu sadəcə, “qəbir” və ya “yeraltı dünya” kimi təqdim etdiyi halda, qədim inanclarda ölümdən sonrakı həyat ideyası daha zəngin rənglərlə təsvir edilir. Roma imperatoru Konstantinin dini islahatı nəticəsində (4-cü əsr) xristianlığın bir yəhudi təriqəti halına gətirilmə cəhdi faktik olaraq yeni dinin meydana gəlməsi ilə nəticələndi. Yeni din bir çox məsələlərdə yəhudiliyi xatırlatsa da, müəyyən məqamlarda, o cümlədən ölümdən sonrakı həyat barədə suallara cavabında fərqli mövqeyə malik idi. Odur ki, İncil artıq “şeol” deyil, “geena”dan bəhs edirdi.

Geena şeoldan daha çox vedik Narakaya bənzəsə də, ikincinin də eynisi deyil. Roma inperiyası xalqlarının yəhudilik, ilkin xristianlıq və Konstantinin xristianlığı arasında tərəddüdləri dövründə yaranan cərəyanların bəziləri “şeol”un “qəbir” mənalanmasına üstünlük verərək, cəhənnəm ideyasını rədd etdi, bəziləri İsaya daha sadiq qalaraq Vedik təsəvvürləri özününküləşdirdi, bəziləri isə həqiqəti bu ikisinin sintezində tapmağa çalışdı.

Xristianlıqda cəhənnəm ideyası ilk dəfə V əsrdə Avqustin Avreli tərəfindən (“Tanrının şəhəri haqqında” traktatı, 410-cu il) işlənib. Maraqlıdır ki, Avqustinin təsvir etdiyi cəhənnəm nə qədər dəhşətli olsa da, əbədi deyil. “Əbədiyyət möhürü”nü kilsə geenaya 533-cü ildə vurub. XIII əsrdə Avvinli Foma bu ideyanı daha da möhkəmləndirib. Onun “İlahiyyat məcmuəsi” traktatı 1324-cü ildə Vyana Kilsə Qurultayı tərəfindən katolik məzhəbinin rəsmi fəlsəfəsi kimi qəbul edilib. Cəhənnəmin mövcudluğu barədə fikir ayrılığı bu qərardan sonra daha da kəskinləşib. 1545-1564-cü illərdə çağrılan Trident kilsə qurultayları bu məsələnin müzakirəsindən sonra odlu geenaya inamı bir ehkam kimi rəsmiləşdirib.

Xristian fəsəfəsinə görə, geena iblis Lüsiferin Tanrıya xəyanətindən sonra onun özünün və çoxsaylı qullarının göndərilməsi üçün yerin altında yaradılan bir məkandır. Paradoksal haldır ki, yeni ehkama görə, geena həm şeytanların, həm də günahkar insanların birlikdə cəzalandığı yer kimi göstərilir. İblis insanların günaha yuvarlanmasının səbəbkarı, eyni zamanda cəhənnəmin hökmdarı və insanları günahına görə cəzalandıran hakimdir.

XVI əsr xristian ilahiyyatçısı İohan Virin yazdığına görə, geena iblis Velzevulun imperatorluğundan ibarət bir dövlətdir. Imperatorun tabeliyində 7 kral (Vaal, Pursan, Bılef, Poyman, Velial, Asmodey və Zapan), var. Hər krala 23 hersoq, 13 markqraf, 10 qraf, 11 prezident və saysız cəngavərlər tabedir. Cəngavərlərin hər birinə 6 666 legion tabedir və hər legionda 6 666 şeytan-döyüşçü var.

Müasir xristianlardan bəziləri (adventistlər və s.) cəhənnəmin mövcudluğuna inanmasa da, əksəriyyət öz fəlsəfəsini bu ehkam ətrafında formalaşdırıb. Katoliklərə görə, cəhənnəm giriş və əlavə 9 təbəqədən ibarətdir. Geenanın girişində nə günah, nə də savab sahibi olmayan “yazıq” ruhlar, 1-ci təbəqədə xaç suyuna salınmayan xristian uşaqları və xeyirxah qeyri-xristianlar, 2-cidə şəhvət düşkünləri, 3-cüdə qarınqulular, 4-cüdə xəsislər və israfçılar, 5-cidə qəzəblilər və tənbəllər, 6-cıda küfr edənlər və saxta müəllimlər, 7-cidə zorakılar, 8-cidə inamsızları aldadanlar, 9-cuda isə satqınlar islah edilirlər.
Xristian ehkamına görə, insanlar öz günahları ilə Tanrını özlərindən uzaqlaşdırır və qəlblərində cəhənnəm yaradırlar. Ölüm anında isə bu əhvalı tərk edə bilmədikləri üçün bundan sonra həmin vəziyyəti daha da dərinləşdirirlər.

İncil İsaya istinadən elan edir ki, cəhənnəmdə ən çox əzab çəkənlər onun vəsiyyətlərini bilib əməl etməyənlər və öz yaxınlarının səhvlərini bağışlamayanlar olacaq. Geena haqqında belə xəbərdarlıqlar bir qayda olaraq, “orada hıçqırtı və qıcanan dişlərin xırçıltısı eşidiləcək” (Matf. 8,12; 13,42 və 50; 22,13; 24,51; 25,30) sözləri ilə bitir.

Cəhənnəmdən necə yaxa qurtarmalı?

Islam dininə görə, Cəhənnəm dən yaxa qurtarmaq üçün dinin tələbləri üzrə yaşamaq (tövhidi və Məhəmmədin peyğəmbərliyini qəbul etmək, namaz, oruc və s. ) tövsiyyə edilir. Amma bəzi hədislərə görə, əzablı od aləmindən qurtulmaq üçün bu da kifayət etmir: “Allahın Rəsulu deyib: Həqiqətən, insan heç özü də bilmədən dediyi bircə sözə görə yetmiş il Oda düşə bilər” (Əhməd).

Katoliklər və pravoslavlar hesab edirlər ki, ruun cəhənnəmə düşməməsi üçün inam, xaçı qəbul etmək, incilin tələblərinə sadiq olmaq, ruhi təmizliyə riayət etmək, mərhəmətli olmaq, Tanrıya həmişə dua edərək öz ruhunun əbədi xilasını diləmək lazımdır.

Protestantizm iddia edir ki, cəhənnəmə yox, cənnətə getmək istəyənlər sadəcə İsanın ali xilaskar olduğunu, onun bizlərin günahı ucbatından çarmıxa çəkildiyini və öldüyünü, 3 gün sonra yenidən dirildiyini qəbul etməlidir.

Neoprotestanlar (baptistlər,50-cilər və s.) xaça tapınmağı cəhənnəmdən xilas üçün vacib saymırlar. Klassik protestantlar (lüteranlar, kalvinistlr, anqlikanlar və s.) isə körpə uşaqları xaç suyuna salınmaqla onların cəhənnəmdən xilas ola biləcəyinə inanırlar.

Bəzi xristian teoloqları cəhənnəmin əbədiliyi ideyasını inkar edirlər. Onalrın fikrinə görə, cəhənnəmin əbədi əzab yeri hesab edilməsi Tanrıya aid ola bilməz. Əks halda, Tanrı yaradılışın uğursuzluğunu etraf etmiş olar: “Cəhənnəmin əbədi əzablar sferası kimi təsviri tamamilə dözülməz, ağılasığmaz və sadəcə, Tanrıya inamla bir araya sığmayan ideyadır. Bu, Tanrıdan çox iblisin əl işinə oxşayır... Cəhənnəmin əbədiliyinə inam Xristin gücünə inamsızlıq deməkdir.” (Nikolay Berdyayev) .

Vedalar isə cəhənnəmdən xilas olmaq üçün cinayətkar xisləti birdəfəlik tərk etməyi tövsiyyə edir. Bunun ən etibarlı üsulu bəndənin Tanrı ilə itmiş əlaqəsini bərpa etməsidir (yoqa məhz bu halın adıdır). Tanrını dərk etmək üçünsə hisslər nəzarətə götürülməli, ağıl təmizlənməli, dərrakənin tabeliyinə verilməlidir. Hisslər nizamlayıcı prinsiplər (qumardan, qanunsuz seksdən, başgicəlləndiricilərdən və ətdən imtina) vasitəsilə, ağıl isə Tanrının müqəddəs adlarından ibarət maha-mantranın oxunması ilə təmizlənir.

Və bir daha cəhənnəmin coğrafiyası barədə

Günahkar ruhların cəza yerinin tanıdığımız dinlərdə İsraildəki bir vadinin adı ilə Ge-Hinnom, Geena və ya Cəhənnəm adlanması qəribə durum yaradır. Əgər cəhənnəmin Yerusəlim yaxınlığındakı həmin dərədən ibarət olduğunu düşünsək, onda ərafı da, cənnəti də onun yaxınlığında aramalıyıq.

Çünki İncil və Qurandakı dioloqlardan görünür ki, onlar ərazilərindəki ruhların bir-birinı görəcəyi və bir-biri ilə söhbətləşəcəyi qədər yaxındır. Amma təbii ki, bu cür təsəvvürlər dərin transsendental bilgilərdən xəbər vermir. Cənnət və cəhənnəmin Yer üzündə olması fikri o mənada doğrudur ki, burada o aləmlərin hər ikisinin əlamətləri (zülm də, həzz də) mövcuddur. Amma cənnət və cəhənnəmin əsli, təbii ki başqa aləmlərdədir. Hərçənd, o aləmlərin ruhi dunyada olduğunu düşünmək də səhv olardı. Çünki, bu məqalədə topladığımız sitatlardan da göründüyü kimi, cəhənnəmdə ruhlar yanma, parçalanma kimi fiziki dəyişikliklərə məruz qoyulurlar. Bu isə onların ruhi deyil, maddi bədəndə olduğuna işarədir. Əksər transsendentalist ilahiyyatçılar ruhi dünyanı hər cür maddi çirkablardan, maddi təsəvvürlərdən uzaq - əbədyyət, həzz və bilikdən ibarət bir dünya kimi təqdim edirlər.

Cəmşid Bəxtiyaroğlu
AzVision.az üçün



Teqlər:





Xəbər lenti