Ukraynada milyonçular ölkədən qaçır

Ukraynada milyonçular ölkədən qaçır
  21 Fevral 2014    Oxunub:1094
Kiyevdə baş verən qarşıdurmalar fonunda Ukraynada fəaliyyət göstərən iş adamları və bir sıra siyasətçilərin ölkəni tərk etməsi barədə xəbərlər yayılıb. Bildirilir ki, Kiyevin “Jilyan” hava limanında 60-dan çox biznes aviareysi qeydiyyata alınıb.

Ölkənin məşhur iş adamlarından olan Rinat Əhmədov şəxsi təyyarəsi ilə Londona getdiyi deyilir. Bundan başqa prezident Viktor Yanukoviçin qohumlarından bəziləri və Ali Radanın spikeri Vladimir Rıbakın da ölkədən qaçması ilə bağlı xəbərlər yayılıb.

“RBK Ukrayna”nın “Jilyan” aeroportundakı mənbələrindən verilən xəbərə görə bu gün parlamentdə deputatlarla görüşməli olan V.Rıbak ölkəni tərk edib: “Rıbak hava limanının VİP zalından istifadə edib. O, nəvəsi və onun həyat yoldaşı ilə birlikdə olub”.

Ukraynanın “Tribuna” qəzetinin baş redaktoru Yevqeni Lauer iddia edir ki, BP-nin vitse spikeri İqor Kaletnik, bundan əlavə Gəlir və Yığımlar üzrə nazir Aleksandr Klimenko da ölkədən qaçıb. Jurnalistin yaydığı məlumata görə hava limanına inkassator avtomobillərdə gələn İqor Kaletnik və Aleksandr Klimenkonun əlində bir neçə diplomat olub. Yanukoviçin partiyasından olan bir neçə millət vəkili isə Moskvaya uçub.

Rusiyanın “İnterfaks” xəbər agentliyi “Jilyan” aeroportundakı mənbələrinə əsasən xəbər verir ki, hava limanının qarşısında qələbəlik hökm sürür: “Bura gələnlərin əksəriyyəti Mercedes və Lexus avtomobillərindən istifadə edir. Maşınları silahlı şəxslər qoruyur. Maşından isə əllərində diplomatlar olan şəxslər düşür. Son 10 dəqiqə ərzində 3 biznes aviareysi aeroportu tərk edib. “Kiyev” hava limanında isə 60-dan çox biznes aviareysi üzrə beynəlxalq uçuşlar həyata keçirilib”.

“RİA novosti” saytı isə ölkəni tərk edənlərin arasında prezident Viktor Yanukoviçin oğullarının da olduğu barədə xəbərlər yayıb. Lakin Ukrayna Prezident Administrasiyasının mətbuat katibi Andrey Lisonko sözügedən sayta açıqlamasında bildirib ki, Yanukoviçin ailəsi ölkəni tərk etməyib: “Bu barədə yayılan xəbərlərin əsası yoxdur”.(Anspress)


Teqlər:





Xəbər lenti