Amerikada arılar zombiləşir

Amerikada arılar zombiləşir
  13 Fevral 2014    Oxunub:1200
Bal arılarının zombiləşməsinin səbəbləri məlum olub.
Bioloqlar tərəfindən il yarım əvvəl San-Fransiskoda aşkar edilən zombi-arılar artıq demək olar ki, bütün Amerikaya yayılıb. Son məlumata görə onları Vermont ştatında da görüblər. Zombi arıların belə sürətlə artması amerikalı arıçıları olduqca narahat edib. Belə getsə Amerikada bal arısı qalmayacağını düşünən arıçılar, təcili araşdırmalara başlayıblar.

Məlum olub ki, arıların zombiləşməsinə Apocephalus parazit-milçəyi səbəb olub. Bu milçəklər arıların bədənlərinin içərisinə yumurta qoyurlar. Yumurtadan çıxan sürfə arını daxildən yeyir. Bunun nəticəsində əvvəlcə arı öz oriyentasiyasını itirir, hara uçacağını bilmir, özünü `zombi` kimi aparmağa başlayır, sonra yuvasını tərk edir və çox keçmədən ölür.

Mütəxəssislərin sözlərinə görə, xəstə arılar cəmi bir neçə saat yaşayırlar. Lakin arıçıların problemləri bununla bitmir. Həşəratların kütləvi şəkildə məhvinə son zamanlar ABŞ-da havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi, bir sözlə anomal hava şəraiti də təsirini göstərir.

Qeyd edək ki, bal arıların kütləvi şəkildə məhvinə ABŞ-la yanaşı, digər ölkələrdə də rast gəlinir. Buna baxmayaraq liderlik yenə də ABŞ-a məxsusdur. Əgər əvvəllər qış mövsümündə arıların sayında 10% azalma vardısa, hazırda bu göstərici 35% -ə çatıb.

Arılar kənd təsərrüfatı üçün böyük önəm kəsb edirlər. Məlum olduğu kimi bal verməklə yanaşı, arılar həm də bitkilərin çarpaz tozlanmasında rol oynamaqla onların çoxalmasına səbəb olurlar. Zamanında Albert Eynşteyn arıların məhvinin bəşəriyyətin süqutuna yol aça biləcəyini söyləmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti