Ali Məhkəmənin sabiq sədri vəfat etdi

Ali Məhkəmənin sabiq sədri vəfat etdi
  12 Fevral 2014    Oxunub:2903
Azərbaycan Ali Məhkəməsinin sabiq sədri İbrahim İsa oğlu İsmayılov vəfat edib. AzVision.az-ın məlumatına görə, İ.İsmayılov 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim İsa oğlu İsmayılov 1921-ci ildə Naxçıvan şəhərində anadan olub. 1942-ci ildə qiyabi Ümumittifaq Ali Hüquq İnstituna daxil olmuş və 1948-ci ildə oranı bitirib.

İbrahim İsmayılov 1939-1941-ci illərdə Naxçıvan MSSR prokurorluğunda işlər idarəsinin katibi, 1943-1948-ci illərdə Naxçıvan MSSR prokurorluğunda prokuror köməkçisi və Muxtar Respublika prokurorunun müavini olub. 1948-1962-ci illərdə Azərbaycan SSR prokurorluğunun sistemində İstintaq şöbəsinin rəisi, Gəncə vilayət prokuroru, Respublika prokuroru, Respublika prokurorunun köməkçisi, Azərbaycan SSR prokurorunun müavini və Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifələrində işləyib.

1962-1980-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Respublika Ədliyyə Nazirliyi məhkəmə orqanları idarəsinin rəisi, Bakı Şəhər Məhkəməsinin sədri vəzifələrində çalışıb. 1980-cı ildən 1986-cı ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləyib. 1987-1989-cu illərdə Dövlət Aqrar-Sənaye birliyində hüquq idarəsinin rəisi olub.

1989-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti işləyib. 1992-ci ildən Azərbaycan Pedaqoji Universitetinin professorudur. Həm də hüquq tədris mərkəzində tədris işləri üzrə direktor müavini işləyib. Hüquq elmləri doktorudur. 1976-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə «Əməkdar hüquqşünas» fəxri adına layiq görülüb. I və II dərəcəli «Böyük Vətən müharibəsi» və «Xalqlar dostluğu» ordenləri, həmçinin bir çox medallarla təltif olunub.

Anar RÜSTƏMOV



Teqlər:  





Xəbər lenti