Əldəqayırma ictimai qəhrəmanlar

Əldəqayırma ictimai qəhrəmanlar
  10 Fevral 2014    Oxunub:1429
Əsəd Qaraqaplan

Azərbaycanda bir müəllim (alim) akademiyadan, universitetdən, ya da başqa yerdəki işindən çıxarılsa, qiyamət qoparıb bütün xalqı ayağa qaldırır; öz şəxsi məsələsini adamlara “ictimai faciə” kimi yedizdirməyə başlayır. Hətta günahın kimdə olmasından asılı olmayaraq. Ondan sonra adam olur ictimai qəhrəman, azad sözün simvolu, xalqın ziyalısı və s...
Başlayırlar buna xor tutmağa, onu tərifləməyə, haydu-huyduya götürməyə. O da bir az sonra inanmağa başlayır ki, gerçəkdən də belədir; o, həqiqi bir ağabəy, xalqa yol göstərməyə haqqı olan ziyalıdır. Və başlayır tribunalaşmağa.

Ordan ağzına gələni deyir, hər dəfə olduğu kimi, adamlar da onun nə dediyini eşitmədən, “urra” deyib qışqırırlar, çığırırlar, bağırırlar. Və həqiqətlər yenə də tribunadakı adamla kütlənin arasındakı səs-küydə itib-batır...
Halbuki bu müəllimin hansı yuvanın quşu olduğunu nə bilən olur, nə bununla maraqlanan, nə də bilənlərin bunu söyləmək səmimiyyəti. Hətta onun işdən çıxarılmasıyla bağlı səbəblər tam açıqlanmır ki, gerçəyi bilənlər olsun. (Və adamlara mahiyyət yox, görüntü lazım olur.)

Və adam bu mənzərədən o qədər təsirlənir ki, keçmişini də, ya da əvvəlki günlərdə həmin adam olduğunu da unudur...

Öz faciəsini, əzilməsini, hətta işdən çıxarılmasını-filan ictimai faciə kimi qiymətləndirib hay-küy salan, özünün müqəddəs olduğunu sübut etmək istəyən adamlar var bu ölkədə. Halbuki ona qədər bu adamların heç it dəftərində də adları olmur.
Bir də bütün bunların fonunda səni yalnız məhv edəndən sonra görən cəmiyyət...


Adam başına gələn bu “ictimai faciə”dən sonra başlayır ona inanan bir qrup gənci, tələbəni başına yığıb təbliğat aparmağa, danışmağa, deyinməyə; özünün ciddi ziyalı obrazını yaratmağa.
(Əlbəttə, adam gənclərin ala gözünə və inqilabi ruha sahib olduqlarına aşiq deyil, sadəcə daha düşüncəli və yaşlı kəsimin onun oyununa getməyəcəyindən qorxub bunu edir. Çünki ona inandırıb aldada biləcəyi kəsim lazımdır.)

Və adam özünü o qədər qapdırır ki öz dediyi yalanlara, pafosa-filan, hətta bir yerdən sonra doğrudan çevriliş belə edə biləcəyinə də inanır. Bu gənclər də başqa dünyaya düşmüş kimi bu nağıllara aldanır, ona züy tutmağa başlayırlar.

Halbuki bəlkə bu “ictimai faciə”yə qədər adamın yadına nə gənclər, nə də tələbələr düşürdü. Bəlkə hətta həmişə onlara nifrət etmiş, dərsdə incitmiş, rüşvətsiz qiymət yazmamışdı. Sadəcə indi şərait düşmüş, işinə yarayır deyə gənclərdən istifadə edir, öz “alimliyini” işə salıb özündən ictimai qəhrəman, hətta peyğəmbər obrazı düzəltməyə çalışır.
Və buna nail ola bilir...

İctimai qəhrəmanlıqların kökündə həmişə şəxsi, hətta çox vaxt məişət məsələləri dayanır. Sanki adamın şəxsi damarına basılmasa, adam yerindən tərpənməyəcək, fil qulağında yatıb qalacaqdı.
Əslində bütün ictimai qəhrəmanlar şəxsi damarına basılmış fil qulağında yatanlardır...


Buna nail olandan sonra bu “ictimai faciə”in fonunda adam ciddi ziyalı pozası alıb, cəmiyyətdə baş verən hər şeyə ciddi-ciddi münasibət bildirməyə, xalqa yol göstərməyə başlayır. Sanki adam hər şeyin bilicisi və tanrıların bu xalqa göndərdiyi xilaskardır; sadəcə buna qədər xalqın bu yatmış divdən xəbəri olmayıb.

Bundan sonra adam başa düşür ki, hər şeyə münasibət bildirməsə, onu qınayarlar, ictimai-siyasi mövqeyinin olmadığını deyərlər. “Bəs sən necə ziyalısan, susursan?!”

Adam da boynuna düşən bu yükü və oynamaq zorunda olduğu aktyorluğu davam etdirməyə məcbur olar artıq... Ta ki qarşısına yeni bir döngə, yeni bir “ictimai təklif” çıxana qədər...


Teqlər:  





Xəbər lenti