Qala divarlarında restavrasiya aparılacaq

Qala divarlarında restavrasiya aparılacaq
  18 Noyabr 2020    Oxunub:3019
İçərişəhərin Qala divarlarının "Qubernator" Bağı istiqamətindəki hissəsində bir neçə divar daşlarının tökülməsi müşahidə edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Azvision.az -a verilən məlumata görə, divarın qeyd olunan hissəsində yaranan problemlərin səbəbi daşın uzun illərlə ölçülən yaşı, ötən əsrin ortalarında həyata keçirilən bərpa zamanı istifadə olunan materialların keyfiyyəti, habelə iqlim faktorları və uzun müddət restavrasiya edilmədən atmosfer yağıntılarına məruz qalmasıdır.

Qeyd edək ki, İçərişəhərin Qala divarının 900 metr uzunluqda olduğunu nəzərə alaraq uzun illər bərpa-restavrasiya edilməyən və illərcə atmosfer yağıntılarına və klimatik təsirə məruz qalan bu abidənin mərhələli şəkildə bərpa-restavrasiyasına başlanılıb. İdarə tərəfindən bu işlər müvafiq plan üzrə həyata keçiriləcək. Plana əsasən, idarə qarşıdakı bir neçə il ərzində İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesini həyata keçirməyi planlaşdırır. Belə ki, 2019-cu ildə Qoşa Qala Qapısının portalı və ona bitişik Qala divarının bir hissəsi uğurla restavrasiya edilib.

Hazırda Qala divarının bu gün yaranmış problemi üzrə bərpa işlərinə başlamaq üçün idarə tərəfindən xüsusi işçi qrup yaradılıb ki, həmin qrupa idarənin əməkdaşları ilə yanaşı bu sahədə çalışan təcrübəli ekspertlər cəlb edilib.

İdarə qeyd edir ki, hər zaman olduğu kimi milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün bütün lazımi tədbirlər görəcək.

Azvision.az



Teqlər: Qala   Divar  





Xəbər lenti