“Sabah ən yaxşı heyətimiz meydanda olacaq” - Canni De Byazi

“Sabah ən yaxşı heyətimiz meydanda olacaq” -    Canni De Byazi
  17 Noyabr 2020    Oxunub:2560
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah “Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq-Azərbaycan oyunundan əvvəl mətbuat konfransı təşkil olunub.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandanın baş məşqçisi Canni De Byazi mətbuat konfransında fikirlərini bölüşüb:

“Qrupun son oyunudur. Səkkiz ildir birlikdə oynayan komandaya qarşı mübarizə aparacağıq. Biz isə indiyədək cəmi 30 məşq keçirmişik. Komanda yavaş-yavaş inkişaf edir. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik. Hücumda son anda dəqiqlik çatışmır. Sabah çətin oyun olacaq. Onu deyə bilərəm ki, debüt oyunumuzdan fərqli olacaq”.

Sloveniya ilə oyunda heyətdə eksperiment apardığını bildirən mütəxəssis komandada yaxşı oyunçuların olduğunu vurğulayıb: “Sabah ən yaxşı heyətimiz meydanda olacaq. Təəssüf ki, müxtəlif səbəblərdən Abbas Hüseynov, Təmkin Xəlilzadə və Rahil Məmmədov komandaya kömək edə bilməyəcək. Bizim üçün vacib oyundur və çalışacağıq ki, son oyunda qalib gələk.

Yaxşı oyunçularımız var. Futbolçuların qidalanmasından tutmuş istirahətlərinədək hər kiçik detala diqqət yetirirəm. İlk gündən dediyim kimi, mentaliteti dəyişməliyik. Onlara izah etmişəm ki, potensialları var. Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışam. Futbolçular öz potensiallarına güvənməlidirlər”.

Azvision.az


Teqlər: CanniDeByazi  





Xəbər lenti