Makrona tarix dərsi – Açıq məktub

   Makrona tarix dərsi –    Açıq məktub
  28 Oktyabr 2020    Oxunub:9578
Redaksiyamıza bir oxucunun Fransa Respublikasının prezidenti Emmanüel Makrona ünvanladığı açıq məktub daxil olub. Yazıda xeyli maraqlı məqamlara və faktlara toxunulduğundan, onu yayımlamaq qərarına gəldik.
Birinci məktub

Cənab Makron, çox gözəl və incəliklərinə qədər də bilirsiniz ki, Ermənistan beynəlxalq hüququn bütün normalarını kobudcasına pozub, zəbt olunmuş iyirmi faiz ərazilərimizin dərhal, qeyri-şərtsiz azad olunması köçkün və qaçqın düşən bir milyon əhalinin öz doğma yurdlarına qaytarılması barədəki BMT-nin və dünyanın bütün nüfuzlu təşkilatlarının tələblərinə əhəmiyyət vermir. 30 ilə yaxındır ki, “dili bal, ürəyi buz olan” dövlətlərin, o cümlədən Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun havadarlığına arxalanır. Üstəlik hələ əlavə ərazilərimizi də tutmaq planlarını reallaşdıran işğalçı ölkənin qoşunları artıq ölkəmizdən it kimi qovulmağa başlananda Sizlər (Fransa, Rusiya) bunu dərhal qeyri-məqbul hesab edib, təcili atəşi dayandırıb, bütün bu illər ərzində məlum yarıtmaz qurumun rəhbərliyi altında xüsusi canfəşanlıq edib, yenidən mənasız danışıqların aparılması təşəbbüsü ilə çıxış edirsiniz.

Sizcə, əgər öz ərazi bütövlüyünün qorunması qəbahətdirsə, onda (dövlətinizin əsrlər boyu apardığı saysız-hesabsız müharibələrdən nümunələr) Fransa kiçik bir torpağa - Normandiyaya görə (bəlkə də əslində onun dövlətinizə heç aidiyyatı da olmayıb) özünüzə dost hesab etdiyiniz, sıx iqtisadi, geniş mədəni, ümumi dini əlaqələri olan İngiltərə ilə 116 il (1337-1453) üzücü müharibəni niyə aparırdınız? Hətta Fransa qəhrəmanlıq simvolu olan Janna Darkın öldürüləcəyindən çəkinməyib (Janna Dark diri-diri yandırıldı), döyüşü dayandırmadan, yalnız istədiyindən də əlavə torpaqlar tutduqdan sonra sülh müqaviləsini bağladı.

Yaxud, 1812-ci ildə Napoleon Moskvanı tutanda Rusiya dövləti nəinki onunla hansısa sülh danışıqları aparmağı təklif etdi, əksinə təcili bütün xalq (uşaq, qadın, qoca) ayağa qalxıb, partizan hərəkatı yaradıb, ordu ilə birləşib, Denis Davudov adlı şəxsin rəhbərliyi altında ordu ilə qışda fransızları düz Parisə qədər qovdu.

Cənab Makron, tutulmuş torpaqlarımızda dinc əhalini - uşaqları, qadınları, qocaları məhv edib, şəhərlərimizi, kəndlərimizi, mədəni abidələrimizi dağıdıb, adlarını özününkiləşdirən ermənilərdən fərqli olaraq, Fransada yalnız konyakınızdan içib, hərdən də çılpaq şəkildə Sena çayında çimən rus əsgərlərinin bu hərəkətlərinə dözməyib, onlardan öyrəndiyiniz “bistro” sözlərindən geniş istifadə edib, təcili onların qoşunlarını ölkənizdən çıxartdırdınız və kazakların Yelisey çölündəki tövlələrinizdə saxladıqları atlarının hətta zibillərini də özünüz təmizlədiniz.

Siz elan etdiniz ki, Azərbaycan dövləti döyüşlərə başqa millətlərin nümayəndələrini də cəlb edib. Amma bu haqda nə bir fakt ortaya çıxarda bilirsiniz, nə də ki, cəsarətiniz çatıb prezidentimiz İlham Əliyev cənablarının haqlı tələblərinə uyğun olaraq, bütün dünyaya yalan məlumat verdiyinizə görə üzr istəmirsiniz.

Bilirsinizmi, keçən il olduğunuz Yerevan şəhəri əhalisinin 80 faizi azərbaycanlı, kürd, türklərdən ibarət İrəvan xanlığının mərkəzi idi; 2 oktyabr 1827-ci il tarixdə Rus-İran müharibəsinin nəticəsində onu Rusiya dövləti zorla ələ keçirib. General Paskeviç və onun müavini, milliyətcə erməni olan Lazerevin təklifilə Rusiyanın qəbul etdiyi dövlət proqramı əsasında Türkiyədən, İrandan və digər ölkələrdən köçürülən ermənilər bu ərazilərdə yerləşdiriliblər. Hətta İran şahının hərəmxanasının xacəsi Mirzə Yaqub və digər hərəmxanalardan qaçıb, səfirlikdə gizlənən iki erməni qızını hakimiyyətin qəti tələbinə baxmayaraq, qaytarmaqdan imtina etdiyinə görə səfir Qriboyodev öldürülüb, səfirlik isə yandırılıb. Bu hadisədən qorxuya düşən şah İran dövlətinin vaxtilə Hindistandan gətirdiyi “Şah” adlı almazı öz oğlunun elçiliyilə Rusiya Çarına “öldürülən səfirin qan haqqı” kimi göndərib və həmin almaz hazırda Moskova şəhərindəki muzeydə saxlanılır. Azərbaycanlıların şəhəri olan İrəvan 1820-ci ildə yaradılan Ermənistan Respublikasına paytaxt şəhəri kimi Azərbaycan dövləti tərəfindən verilib və 1936-cı ildə adı dəyişdirilərək, “Yerevan” olub.

Cənab Makron , qonaqlıqda stolunuzun üstündəki Yerevan konyakı barədə heç şübhə etmirəm ki, ermənilər Sizə əfsanələr danışıblar. Bilirsinizmi, həmin qədim konyak zavodunun ilkin sahibi (direktoru) əslən Qarakilsədən (indi “Sisian” adlandırılır) olan Tahirov və onun arvadı Cəvahir xanım olmuşlar. Rəqs etdiyiniz melodiyalar və hətta onların ifa edildiyi alət - balaban Azərbaycan xalqına məxsusdur. Konyak isə 1944-cü ildə Fransa dövləti dağıdılarkən milliyətcə erməni olan generalın talayıb gətirdiyi, bəlkə də babanıza məxsus çəlləkdə saxlanılır.

Sizcə, sünya şöhrətli, millətinizin fəxri, hamımızın sevimlisi dahi Aleksandr Düma 1859-cu ildə Qafqaza gələrkən niyə Tiflisdə, Bakıda və digər şəhərlərdə olsa da, İrəvana dəvət edilməmişdi? Baxmayaraq ki, hələ o illərdə də Fransada çoxsaylı ermənilər yaşayırdı, “Taleyran mənim dayımdır” deyən zadəgan, milliyətcə erməni Lazerev onun İrəvanada səyahətini niyə təşkil elətdirməmişdi? Yəqin ona görə ki, Üç muşketyorun “atası” birdən maraqlana bilərdi: Bəs ermənilərin iddiasına görə, İsa peyğəmbərin bu dünyaya gəlməsindən çox əvvəl yəni bizim eradan 782 il öncə ermənilər tərəfindən tikdirilən, yüksək mədəniyyətin, “qədim erməni dövləti”nin mərkəzi kimi qələmə verilən, yaşca Romadan, Parisdən də böyük olan bu “əfsanəvi şəhərdə” onların niyə hətta izləri belə yoxdur?!

Azərbaycan indi də yəqin, yeganə ölkədir ki, öz ərazisində və öz hesabına katolik kilsəsi, hətta fransız dilində lisey də tikdirib, məktəblərində fransız dili öyrədilir. Dövlətimiz tərəfindən Luvra və müxtəlif mədəni mərkəzlərinizə maddi yardımlar da göstərilir.

Cənab Makron, Qafqazda yaşayan millətlərin əslində kimin kim olduğunu bilmək istəsəniz, onda ermənilərin ziyafətlərdə söylədikləri uydurmalara qulaq asmaq yox, babanız Aleksandr Dümanın “Qafqaza səyahət”i adlı kitabını oxumaq lazımdır.


Teqlər: Makron   Fransa  





Xəbər lenti