Vətən Müharibəsi: Əsrə bərabər ay - TƏHLİL
Oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin azad olunması ilə Azərbaycan İranla dövlət sərhədini tam bərpa edib. Bu tarixi hadisəni ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbə kimi qiymətləndirmək olar. İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi mühüm əhəmiyyət daşıyır. Bununla ermənilərin illərlə Dağlıq Qarabağ üzərindən apardığı narkotik qaçaqmalçılığına və digər qanunsuz fəaliyyətlərə son qoyulub.
Döyüşlərdə ölkəmiz üçün digər strateji əhəmiyyətli Suqovuşan kəndi və Hadrut qəsəbəsi də erməni işğalından azad olub. Suqovuşan kəndinin azad olunmasından sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Bununla bir neçə rayonumuzun su problemi öz həllini tapıb. Belə ki, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsilə ekoloji tarazlıq təmin edilir.
Vətən Müharibəsi ölkəmizdə həm də Dövlət-Xalq birliyini, milli həmrəyliyimizi göstərdi. Azərbaycan Xalqı indiyədək olmadığı qədər birlik, vəhdət nümayiş etdirir. Minlərlə gənc könüllü ordu sıralarına yazılmaq üçün müraciət edib. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən Azərbaycan xalqının yalnız bir amalı var - Torpaqlarımızı işğaldan azad etmək, şanlı bayrağımızı Şuşada, Xankəndində və digər işğal altında olan ərazilərimizdə dalğalandırmaq...
Döyüşlərin 1 ayı ərzində düşmənə hərbi texnika baxımından elə ağır zərbə vuruldu ki, bunu bərpa etmək üçün bundan sonra 30 il də bəs etməyəcək. Ermənistan ordusunun qiyməti 2 milyard dollardan çox hərbi texnikası məhv edilib və qənimət kimi götürülüb.
Prezident İlham Əliyev ötən gün xalqa müraciətində sentyabrın 27-dən indiyədək Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus olan və döyüşlərdə məhv edilən hərbi texnikaların sayını açıqlayıb. Dövlət başçısı bildirib ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb: “Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik”.
Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda düşmənin daha bir neçə hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyi qeyd olunub. Belə ki, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Sonda qeyd etmək yerinə düşər ki, Vətən Müharibəsinin bir ayı ərzində Ermənistan ordusunun onlarla yüksək rütbəli hərbçisi məhv edilib. Bir ayın tamamında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyan dünən gecə saatlarında Qarabağda ağır yaralanıb. Artıq onun yerinə digər separatçı general Mikael Arzumanyan gətirilib. Sosial şəbəkələrin erməni seqmentində Arutyunyanın artıq öldüyü bildirilir. Bunu separatçıların lideri Araik Arutyunyanın dərhal Arzumanyanı onun yerinə təyin etməsi də təsdiqləyir.
Torpaqlarımızın işğaldan azad olunmasının xronoloji ardıcıllığı:
27 sentyabr
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
3 oktyabr
Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi
Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
4 oktyabr
Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
5 oktyabr
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
9 oktyabr
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
Tərtər rayonunun Çaylı kəndi
14 oktyabr
Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
15 oktyabr
Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
Füzuli rayonunun Arış kəndi
Cəbrayıl rayonunun Doşulu kəndi
16 oktyabr
Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
17 oktyabr
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
18 oktyabr
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
19 oktyabr
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
20 oktyabr
Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
21 oktyabr
Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
22 oktyabr
Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
23 oktyabr
Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
26 oktyabr
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
Ümumilikdə isə indiyədək Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, eləcə də Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.
Cəmi bir ay müddətində tarixi uğurlar qazanan müzəffər Ordumuzun tezliklə Şuşada, Xankəndində, Laçında bayrağımızı ucaldacağına ürəkdən inanır, o günləri səbrsizliklə gözləyirik.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Vətən-Müharibəsi Ordu Xalq