Paşinyanın növbəti BBC rüsvayçılığı - VİDEO

Paşinyanın növbəti BBC rüsvayçılığı -  VİDEO
  07 Oktyabr 2020    Oxunub:13970
Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə beynəlxalq medianın sualları qarşısında aciz duruma düşüb və bununla özünü biabır edib.
Paşinyan xarici KİV-ə müsahibələrində ölkəsinin işğalçı olmasını təsdiqləyən beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və AŞPA-nın, eləcə də digər beynəlxalq qurumların sənəd və qətnamələrini danmağa çalışsa da, ona verilən sualları cavabsız qoymaq məcburiyyətində qalıb. İşğalçı ölkənin rəhbəri həqiqətlər qarşısında deməyə söz tapmır. Nə tarixi saxtalaşdırmaq, nə də beynəlxalq sənədləri danmaq onu xilas edə bilir. Çünki Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın suveren ərazisi olması beynəlxalq sənədlərdə öz təsdiqini tapıb. Artıq dünyanı nağıllarla aldatmaq mümkün deyil.

Bir müddət əvvəl Paşinyanın BBC-nin “HARDTalk” proqramında rəzil vəziyyətə düşdüyünü hər kəs gördü. Aparıcının sualları önündə çətin anlar yaşayan Paşinyan vəziyyətdən çıxmaq üçün Azərbaycana istiqamətlənirdi. Lakin aparıcı ona xatırladırdı ki, söhbət Ermənistandan gedir. Həmin müsahibədən sonra Paşinyan ölkəsində də ciddi tənqid olundu.

Yenə ünvan BBC-dir və Paşinyan bu dəfə də aciz görünür. O, özü-özünü rüsvay edir və israrla real faktları danır.

Oktyabrın 6-da Nikolun BBC-nin suallarına verdiyi cavablara nəzər salaq. Paşinyan bir tərəfdən yenidən “Qarabağ Ermənistan”dır deyir, digər tərəfdən "biz güzəştə hazırıq" söyləyir. O, təxribatçı bəyanatını təkrar edir, hansı ki, məhz bu açıqlamasına Rusiya da daxil olmaqla, bir çox ölkələr, beynəlxalq qurumlar tərəfindən etiraz edilib.



Jurnalist Conah Fişer haqlı olaraq deyir, “Sizin bu cür danışığınızdan belə görünür ki, razılığa yer qoymamısınız”, ardınca "münaqişəni başa çatdırmaq üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı?” sualı Paşinyana ünvanlanır. O, isə əsaslandırmağa çalışır ki, “bu, bir səbəbdən yerinə yetirilmədi. Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi”.

Amma Paşinyan söhbətin ətraf rayonların qaytarılmasından getdiyinin belə fərqində deyil. Xatırladaq ki, Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutan yenilənmiş Madrid prinsiplərində də məhz ilk növbədə Qarabağa bitişik rayonların qaytarılmasından söhbət gedir. Hansı ki, bu rayonlarda ermənilər yaşamayıb. Paşinyan isə Dağlıq Qarabağdan danışır. Bəlkə də Paşinyan sualdan yayınmaqla ağıllı gediş etdiyini düşünür. Amma özünü yenidən gülünc hala salır. Siyasətdə necə naşı, hazırlıqsız olduğunu nümayiş etdirir.



“BBC” nin müxbirinin “İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözləri Nikol üçün gözlənilməz olur. Paşinyan bunun həqiqətə uyğun olmadığını deməklə canını qutarmaq istəsə də, jurnalist ona BMT-nin sənədlərini xatırladıb. Diqqətə çatdırıb ki, həmin sənədlərdə Ermənistanın 25 ildən çoxdur Azərbaycanın ərazilərini işğalda saxladığı qeyd edilib.

"Təəssüf ki, çox adam oxumadan belə bu sənədlərə istinad edir. Orda elə şey yazılmayıb. Orda Ermənistanın həmin əraziləri işğal etməsi yazılmayıb", - bu, Paşinyanın absurd cavabıdır, jurnalistin növbəti sualı isə belədir: "Orda qeyd olunub ki, Qarabağ Azərbaycana məxsusdur. Qətnamələrdə belə deyilir”.



Paşinyan təbii ki, cavab verə bilmir və nala-mıxa vurmağa başlayır. Beləliklə, dünyanın aparıcı mediasında Ermənistan bir daha ifşa olundu. Paşinyan öz "cavabları" ilə ölkəsinin işğalçı siyasətinə heç cür haqq qazandıra bilmədi. Əksinə onun yersiz cavabları Ermənistanın özündə də xoş qarşılanmadı.

Artıq dünya birliyi həqiqətləri yaxşı anlayır və kimin işğalçı, kimin də işğala məruz qaldığını ayırd edə bilər. Bu gün Fransa kimi işğala açıq haqq qazandıran ölkələrlə yanaşı, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən və erməni işğalına son qoymağa çağırış edən çoxsaylı ölkələr və beynəlxalq təşkilatlar var.

Həqiqət isə ondan ibarətdir ki, Ermənistan artıq təkcə döyüşdə deyil, siyasət meydanında da, bir sözlə, bütün cəbhələrdə Azərbaycana məğlub olur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti