Prezidentin səfirlə görüşdə verdiyi mesajlar - TƏHLİL

   Prezidentin səfirlə görüşdə verdiyi mesajlar  -    TƏHLİL
  30 Sentyabr 2020    Oxunub:8158
Ermənistanın Azərbaycana qarşı davam edən və son vaxtlarda xüsusilə mütəmadi xarakter almağa başlamış təxribatlarına cavab olaraq başlanmış genişmiqyaslı əks-hücum əməliyyatları Dağlıq Qarabağ münaqişəsinin dünya gündəminin əsas mövzusuna çevrilməsinə səbəb oldu.
İllərdir münaqişə ətrafında aparılan nəticəsiz beynəlxalq danışıqlar konfliktin faktik olaraq dünya icması tərəfindən “dondurulmuş münaqişə” kimi qəbul etməsinə gətirib çıxarmışdı. Bu baxımdan, birdən-birə münaqişə zonasında genişmiqyaslı hərbi əməliyyatların başlanmasının dünya mediyasında çox geniş rezonans doğurması başadüşüləndir.

Prezident İlham Əliyev Ermənitanın təcavüzünə qarşı başlanmış əks-hücum əməliyyatlarının 3-cü günündə Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edərkən dilə gətirdiyi fikirlər əslində dünya ictimaiyyətinə münaqişə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən əsas müddəaların açıq və lakonik ifadəsi idi. Ümumiyyətlə, son dövrlərdə prezident İlham Əliyevin ritorikasında ayrı-ayrı beynəlxalq məsələlərə yanaşmada açıq mövqe nümayiş etdirməsi xüsusilə sezilməkdədir. Şərqi Aralıq dənizindəki mübahisə ilə bağlı Türkiyəni, Kəşmir problemində Pakistanı, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi buna misal ola bilrər. Böyük cəsarət tələb edən bu tip addımların qarşılığında, təbii ki, həmin ölkələrdən Azərbaycana münasibətdə adekvat yanaşma gözlənilməkdədir.

Prezidentin çıxışında bu məqama xüsusi yer ayrılır və Türkiyə ilə Pakistanın ərazi bütövlüyü məsələsində Azərbaycana açıq dəstək göstərmələri bir daha xüsusi vurğulanır: “Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan”,- deyən prezident, həmçinin, əlavə edib ki, “Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq”.
Sumqayıtın ictimai həyatında xidmətləri olan şəxslər təltif ediliblər

Prezidentin son cümləsi illərdir Azərbaycana özünü dost və qardaş kimi sırımağa çalışan, lakin ölkəmizin haqq işində açıq mövqe sərgiləməkdən belə ehtiyatlanan ölkələrə ünvanlanmış ismarıcı idi. Həmçinin prezident, “İslam həmrəyliyi”, yaxud “türk birliyi”ndən dəm vuran bəzi dövlətlərin Ermənistana hansısa formada dəstək göstərmələrini də unutmayacağımızı da bir daha xatırlatdı.

Dövlət başçısının çıxışında Ermənistanın islamofob mahiyyətinə diqqət ayırması əslində münaqişə ətrafında mövqeyini müəyyənləşdirməmiş, yaxud, bu məsələdə bitərəf qalmağı lüzumlu bilən müsəlman ölkələrinə müraciəti kimi də qəbul oluna bilər. Prezident bununla İslam ölkələrinə bir daha xatırlatdı ki, Azərbaycan həm öz torpaqları, həm də İslam dəyərləri uğrunda savaşmaqdadır. “Ermənilər bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib”,- deyə İlham Əliyev vurğulayıb.

Çıxışının əsas hissəsi münaqişənin həlli üzrə danışıqların Ermənistan tərəfindən məqsədli şəkildə pozulması, Azərbaycanı hərbi yola əl atmasına təhrik etməsi və yaranmış vəziyyətə görə birbaşa Yerevanın məsuliyyət daşıdığını dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyırdı: “Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır”,- deyə prezident qeyd edib.

İki il əvvəl inqilab nəticəsində hakimiyyətə gəlməsini əsas gətirərək Qərbə yarınmaq üçün özünü “demokratik lider” kimi qələmə verib, müəyyən dividendlər qazanmağa çalışan Paşinyan hökumətinin əslində siyasi azadlıqları məhdudlaşdıran diktator olmasını diqqətə çatdıran İlham Əliyev, demokratik institutların bu məsələlərə göz yumduqlarını xüsusi vurğulayıb: “Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Bu, ikili standartların nümayişidir”,- deyə prezident bildirib.

Çıxışının sonunda prezident Azərbaycanı işğal altında olan əraziləri azad etmək üçün genişmiqyaslı əks-hücuma vadar edən səbləri konkret olaraq ardıcıllıqla sadalayır:

- Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir;
- BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan, demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur;
- (Ermənistanın) müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş naziri deyir ki, Qarabağ Ermənistandır;
- (Ermənistanın baş naziri) deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir;
- O (Ermənistanın baş naziri), Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir;
- Onlar (ermənilər) işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər;
- Onlar (ermənilər) Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər;
- Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar.

Konkret səbəbləri sadaladıqdan sonra prezident bu addımları Azərbaycan xalqının hislərinin birbaşa təhqir olunması və bununla heç vaxt razılaşmayacağımızı bildirir. Prezident beynəlxalq ictimaiyyətə müraciət edərək Nikal Paşinyanın Ermənistanda qurduğu diktatura rejimini dayandırmağa səsləyib əks halda Azərbaycanın bunu edəcəyini deyib.

“Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”,- deyə prezident vurğulayıb.

Tofiq Vahid




Teqlər: Prezident   Qarabağ   Pakistan  





Xəbər lenti