İxtisas seçimində bunlara mütləq diqqət edin! - Abituriyentlərin nəzərinə

 İxtisas seçimində bunlara mütləq diqqət edin! -  Abituriyentlərin nəzərinə
  10 Sentyabr 2020    Oxunub:11864
Bu gündən etibarən sentyabrın 20-ə qədər abituriyentlərin ali məktəblərə ixtisas seçimi başlayıb. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
Abituriyentlər ixtisas seçimində daha çox nələrə diqqət etməlidirlər?

Təhsil eksperti Elçin Süleymanov Azvision.az-a bildirib ki, abituriyentlər ixtisas seçimi edərkən yığdıqları balı və oxumaq istədikləri ixtisası əsas götürməlidirlər.

“Keçən ilin minimum keçid ballarını diqqətə alaraq və təxminən 20-30 bal ehtiyatda düşünərək ixtisas seçimi edilməlidir. Bu, işin texniki tərəfidir. İşin mənəvi yönü isə abituriyentlərin istədikləri ixtisasları müəyyənləşdirməlidir. Bu zaman yığdıqları bal nəzərə alınmalıdır. Yəni istəklə yanaşı potensial bal da nəzərə alınmalıdır ki, həmin ixtisasa qəbul oluna biləcəklər, ya yox. Əgər kifayət etmirsə, yenidən hazırlaşmalıdırlar. Yoxsa bu istək olaraq qalacaq”.



Təhsil ekspertinin fikrincə, abituriyentlər ixtisas seçimi edərkən bu günü deyil, gələcək 10-15 ili nəzərə almalıdırlar.

“Hazırkı ixtisasların müəyyən qismi ola bilsin ki, gələcəkdə ortadan qalxsın. Oxford Universitetinin tədqiqatına əsasən, mövcud ixtisasların 40 faizi gələcəkdə olmayacaq və yeni ixtisaslar yaranacaq. Bunlar gen mühəndisliyi, robotexnika, tibb mühəndisliyi və başqa ixtisaslardır ki, gələcəkdə insanların həyatını asanlaşdıracaq. Bundan əlavə, abituriyentlərin testlərində 4 səhv bir düzü aparır. İxtisas seçimində isə bir səhv bir düzü aparır. Yəni əgər sevmədikləri ixtisasda təhsil alarlarsa, gələcək 30-40 il bu sahədə işləyəcəklər. Bu səbəbdən özlərinə uyğun olan ixtisasları seçsinlər.

Azərbaycan universitetlərinin bəzilərində ikili diplom proqramları var. Xaricə getmədən bu ölkələrin diplomlarını almaq böyük üstünlükdür. Abituriyentlər ixtisas seçərkən universitelərin maddi texniki bazasına da baxmalıdır. Yataqxana, kampus imkanları, nəqliyyat, təhsil haqqı, karyera imkanları və universitetlərin xariclə əlaqəsinə diqqət edərək yaxşı seçim etməlidirlər”.



Təhsil eksperti Kamran Əsədov isə deyib ki, ixtisas seçimi edərkən abituriyentlərə heç kim müdaxilə etməməlidir.

“İxtisas seçimi elektron qaydada həyata keçirilir və insan faktorunun təsiri mümkünsüzdür. Yalnız abituriyentin topladığı bal əsasdır. 200 balı keçmiş bütün abituriyentlər özəl universitetlərə onsuz da qəbul olunur, bunun üçün ayrıca bir məsləhətə ehtiyac yoxdur. İxtisas seçimi edərkən təkcə 2 saylı “Abituriyent” jurnalındakı keçən ilin formalaşmış müsabiqə balları əsas deyil. Keçən il hansısa balla qəbul olunma bu il onun təkrarlanması demək deyil. Çünki keçən il abituriyentlərin sayı və onların topladığı bal fərqli idi. Yaxşı olar ki, builki və keçən ilki 4 saylı “Abituriyent” jurnalını müqayisə etsinlər, seçdikləri ixtisaslar üzrə plan yeri və təhsil haqqının fərqinə baxsınlar. Bu kimi hallar ixtisas seçiminə təsir göstərir”.

K.Əsədov əlavə edib ki, bundan əlavə, abituriyentlər ixtisaslar üzrə təhsil haqlarının onların büdcəsinə uyğun olub-olmadığını qətiləşdirsinlər: “Çünki qəbul olunacaqları təqdirdə qısa müddətdə həmin məbləği tam şəkildə ödəməlidirlər. Hər il onlarla abituriyent məhz buna görə qeydiyyatdan keçə bilmir. İxtisas seçimi edərkən 15 ixtisas kodundan ilk beşliyi özlərinin balından 30-40 bal yüksəyi seçə bilərlər. Bu ancaq ilk 5 yerə aiddir. 11-15-ci yerlərin ixtisas kodunu özlərindən 50 bal aşağıya qədər seçsinlər. Əsasən gələcək karyeralarını düşünüb ixtisas seçimi etsinlər. Ali məktəblərə qəbul olunmaq naminə ixtisas seçimi etməyin. Sonra işlə təmin olunmaq problemə çevrilir. Valideynlərə tövsiyə olunur ki, abituriyentlərə ixtisas seçimi zamanı təzyiq və təsir göstərməsinlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Abituriyent   İxtisas  





Xəbər lenti