Abituriyentlərin və subbakalavrların nəzərinə

Abituriyentlərin və subbakalavrların nəzərinə
  28 Avqust 2020    Oxunub:2722
Abituriyentlər və subbakalavrlar avqustun 28-dən başlayaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək qabiliyyət imtahanlarında iştirak üçün bütün komissiyalar üzrə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, abituriyentin 10, 11və12-ci komissiyaların hər hansı biri üzrə rəsm imtahanından aldığı müsbət qiymət digər iki komissiyaların və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Abituriyentin 10 və11-ci komissiyaların hər hansı biri üzrə rəngkarlıq imtahanından aldığı müsbət qiymət digər komissiyanın və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Həmçinin abituriyentin 14-cü komissiyanın rəsm imtahanından aldığı müsbət qiymət 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

53-cü komissiyanı (xoreoqrafiya) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və özləri ilə rəqs paltarı gətirməlidirlər.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsini;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır);

-Şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına imtahana buraxılış vərəqəsi ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti