Müəllimlərlə onlayn görüş: yeni çağırışlar və hədəflərə doğru

Müəllimlərlə onlayn görüş: yeni çağırışlar və hədəflərə doğru
  14 Avqust 2020    Oxunub:3234
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Yeni çağırışlar və hədəflərə doğru” adlı onlayn görüş keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, 200 nəfərə yaxın təhsil işçisinin iştirakı ilə təşkil olunan görüşdə nazir müavini Firudin Qurbanov Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanmasının əsas yer tutduğunu xüsusi qeyd edib. O, son illərdə ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş və hazırda icrası davam etdirilən bir çox dövlət proqramlarında istedadlı gənclərin müəyyən edilməsi, yüksək intellektual bacarığa malik insan kapitalının formalaşdırılmasının müstəsna əhəmiyyətini vurğulayıb. Nazir müavini pandemiya və postpandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə onların cəlb edilməsinin ölkənin təhsil sisteminin əsas məqsədlərindən biri olduğunu bildirib.



Firudin Qurbanov müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərdən, ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının şəffaflıq və obyektivlik baxımından təkmilləşdirilməsindən danışıb, həmçinin bu sahədə davamlı olaraq stimullaşdırıcı tədbirlər həyata keçirildiyini vurğulayıb. Azərbaycanda gənclərlə iş sahəsində həm hökumət strukturlarının, həm milli donor institutlarının, eləcə də ictimai qurumların uğurlu fəaliyyətini, səmərəli əməkdaşlığını qeyd edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rəhbəri olduğu qurumun gənclərə və onların birləşdiyi gənclər təşkilatlarına yönəlik fəaliyyətini, hədəflərini və gələcək addımlarını gənc müəllimlərin diqqətinə çatdırıb. Fərid Cəfərov gənc müəllimlərin təhsil və sosial inkişaf sahələrinə marağını nəzərə alaraq, onları Gənclər Fondunun imkanlarından fərdi və təşkilat olaraq yararlanmağa dəvət edib.



Gənclərin müasir dövrün tələblərinə uyğun yeni çağırış və hədəflərə doğru bilik və bacarıqlara yiyələnməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən Milli Məclisin deputatı Etibar Əliyev gənc müəllimlərin üzərinə düşən vəzifələri sadalayıb. Cəmiyyətdə gənclərin aparıcı qüvvə olduğunu bildirən E.Əliyev gənc müəllimlərin beynəlxalq və regional inteqrasiya sahəsində əməkdaşlıq, təcrübə və informasiya mübadilələri aparmalarının təhsilə müsbət nəticələr gətirəcəyini vurğulayıb.



Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin real nəticələrini, gənclərin həyat və fəaliyyətində təsirli dəyişikliklərini qeyd edən Milli Məclisin deputatı Şahin Seyidzadə gənc kadrlara yaradılan imkanları və görülən işləri nəzərə çatdırıb. O, pandemiya şəraitində gənc müəllimlərin aktiv, onlayn və sosial fəaliyyətini, eləcə də postpandemiya dövrü üçün davamlı addımlarını yüksək qiymətləndirib. Onlayn görüş fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Azvision.az



Teqlər:





Xəbər lenti