Neft Fondu gəlir və xərclərini açıqladı

Neft Fondu gəlir və xərclərini açıqladı
  16 İyul 2020    Oxunub:3122
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar-iyun ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 4 milyard 914,7 milyon manat təşkil edib.
Fonddan Azvision.az -a bildirilib ki, bu daxilolmaların tərkibində mənfəət nefti və qazın satışından gəlirlər 4 milyard 130,1 milyon manata bərabər olub. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 38,7 ABŞ dolları təşkil edib. Eyni zamanda, hesabat dövrü ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 10,6 milyon manat, akrhesabı ödənişlər 6,2 milyon manat olub.

Yanvar-iyun ayları ərzində ARDNF-in büdcə xərcləri 5 milayd 824,8 milyon manat təşkil edib. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin olunub. Belə ki, ötən müddət ərzində dövlət büdcəsinə 5 milyard 675 milyon manat, məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 140 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 77,9 min manat yönəldilib. Altı ayda ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 9,7 milyon manat təşkil edib.

İlin birinci yarısında koronavirus pandemiyası fonunda dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin maliyyə bazarlarında yaratdığı ciddi dalğalanmalar ARDNF-in valyuta aktivlərinə təsirsiz ötüşməyib. Lakin daha əvvəllər də qeyd edildiyi kimi, Neft Fondunun məqsəd və vəzifələrinə uyğun şəkildə kifayət qədər optimal qurulmuş onun investisiya portfeli yaranmış neqativ mühitdən minimum səviyyədə təsirlənib. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələr tərəfindən virusun daha sürətli yayılmasının qarşısının alınması sahəsində əldə edilən irəliləyişlər fonunda sərt karantin qaydalarının mərhələli şəkildə aradan qaldırılması kimi məqamlar iqtisadi artımla bağlı müsbət meyillərin yaranması üçün ümidverici amillər olub. Təbii ki, bu tendensiya qlobal maliyyə bazarlarına da sirayət etmiş və bu müddət ərzində qlobal səhm indekslərinin dəyərində 18-20 faiz artım müşahidə olunub. Bütün qeyd edilənlər nəticə etibarilə ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin səviyyəsində də öz əksini tapıb.

Belə ki, cari ilin ikinci rübü (aprel-iyun ayları) ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri 1 milyard 953,8 milyon manat olub. İkinci rüb ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə fondun büdcədənkənar gəliri kimi 1 milyard 216,1 milyon manat təşkil edib.

Yekun olaraq, ilk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 milyon manat olub. Bu dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə neft Fondunun büdcədənkənar gəliri kimi 935 milyon manat təşkil edib. Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, cari ilin ilk rübünün sonuna 41 milyard 349,5 milyon dollara bərabər olan ARDNF-in aktivləri iyun ayının sonuna 1 milyard 873,8 milyon dollar artaraq 43 milyard 223,3 milyon dollara bərabər olub.

Azvision.az


Teqlər: ARDNF  





Xəbər lenti