Azərbaycandan 98 ölkəyə məhsul ixrac olunub

Azərbaycandan 98 ölkəyə məhsul ixrac olunub
  16 İyul 2020    Oxunub:2008
2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 5687,4 milyon dollar, idxalın dəyəri 4165,1 milyon dollar təşkil edib. Nəticədə 1522,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 19,0 faiz, o cümlədən idxal 42,7 faiz, ixrac isə 2,2 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Yunanıstan, Gürcüstan, Xorvatiya, Çexiya, Tunis, Vyetnam, Portuqaliya, İran, İspaniya, Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiyanın, 14,7 faizi Türkiyənin, 13,0 faizi Çinin, 8,6 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,3 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 2,8 faizi İranın, 2,6 faizi Birləşmiş Krallığın, 1,9 faizi Yaponiyanın, 1,7 faizi Koreyanın, 1,6 faizi Fransanın, 1,4 faizi Hindistanın, hər biri 1,2 faiz olmaqla Türkmənistan və Belarusun, 17,1 faizi isə digər ölkələrin payına düşüb.

Aytən Zəhra
Azvision.az



Teqlər: İdxal   İxrac  





Xəbər lenti