“İqtisadiyyatımız xarici şoklarla üzləşib” - Elman Rüstəmov

   “İqtisadiyyatımız xarici şoklarla üzləşib” -    Elman Rüstəmov
  16 İyul 2020    Oxunub:3166
“Cari ilin mart ayından başlayaraq, iqtisadiyyatımız presedenti olmayan xarici şoklarla üzləşib”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Onun sözlərinə görə, vaxtında və tam adekvat cavab verilməsi situasiyanı effektli idarəetməyə imkan yaradıb: “Makroiqtisadi situasiya, maliyyə bazarları da bu çağırışlara məruz qalmışdır. Biz bilirik ki, neftin qiymətində, qeyd olunduğu kimi, əhəmiyyətli düşmə baş verdi. Lakin “OPEC+” razılaşmasından sonra neft bazarlarında əhval-ruhiyyə bir qədər yaxşılaşdı, neftin qiyməti yüksəlməyə başladı. Altı ayın ilkin yekunlarına görə, ölkənin ticarət balansı profisitlidir”.

Mərkəzi Bank sədri bildirib ki, bu ilin birinci rübündə strateji ehtiyatlarımız bir qədər azalsa da, ikinci rübdən bərpa prosesi sürətlənib.

“Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir. Xarici şok şəraitində bizim valyuta bazarımız əhəmiyyətli spekulyativ hücuma məruz qaldı. Lakin vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarı tarazlaşmışdır. Bu gün bunun hər iki seqmenti – həm nağd, həm də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə fəaliyyət göstərir. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb. 2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır. Pul-kredit siyasətinin, faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir. İlin əvvəlindən faiz dərəcəsi 7,5 faizdən 7 faizə endirilib.

İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var - təxminən 8 milyard manata qədər. Lakin bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidliyi təmin edilir. İlin əvvəlindən maliyyə sektorunda başlayan pozitiv dinamika saxlanılıb. Bank sektorunda da yaxşı start götürmüşdük. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalmışdır.

Bütövlükdə banklarda situasiya bir qədər pisləşib, biz vəziyyəti nəzarətdə saxlayırıq. Mərkəzi Bank situasiyanı tam nəzarətdə saxlayır. Lakin bankların 23 faiz səviyyəsində, yəni, müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir.

İkinci rübdə ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində radikal addımlar atdıq. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırıldı. Bütövlükdə bu addımlar operativ olaraq bir ayın içində - aprelin sonunda və may ayının ortalarında atılmışdı. Bütün bu problemləri operativ həll etdik. İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik”.

E.Rüstəmovun sözlərinə görə, sığorta sistemində də ilin əvvəlindən artım var, yığımlar 13,5 faiz artırılıb.

“Kapital bazarlarında canlanmanı təşviq edirik. Bu günlərdə “SOCAR Polymer Invesment” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarın istiqraz emissiyası vasitəsilə 200 milyon dollar vəsait cəlb etmişdir, Azərbaycan banklarını öz ehtiyaclarına uyğun təmin etmişdir. Bu vəziyyətdə təbii ki, təmassız ödəniş sistemlərinin, elektron ödəniş sistemlərinin üzərinə olduqca böyük iş düşmüşdür. İlkin qiymətləndirməyə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyata 37 faiz, təmassız kartların sayı 2 dəfə, təmassız ödənişlər 5 dəfə, elektron ticarət 53 faiz, bankçılıq 2,2 dəfə, internet bankçılıq isə 84 faiz artmışdır.

Pandemiyanın nəticələrini aradan qaldırmağa imkan verən antiböhran tədbirlərinə Mərkəzi Bank da qoşulmuşdur. Hazırda bizim verdiyimiz requlyativ güzəştlərə uyğun olaraq, banklara 1 milyard manat məbləğində kreditlərin restrukturizasiyası ilə əlaqədar 64 mindən çox müraciət olunmuşdur. Banklar tərəfindən bu müraciətlərə operativ baxılır. Artıq biznes kreditlər üzrə 58 faiz, ipoteka kreditləri üzrə 77 faiz, əhalinin istehlak kreditləri üzrə isə 84 faiz müraciətlər icra edilib, restrukturizasiya olunub. Əhaliyə biznesə möhlətlər verilib və bu, onlara bir qədər yüngüllük gətirir. Çünki onlar pandemiya dövründə öz gəlirlərini itiriblər. Bankların nağdsız ödənişlər üzrə xidmət haqlarını biz 50 faizə qədər aşağı salmışıq”.

E.Rüstəmov deyib ki, insanların hərəkət imkanları məhdud olduğuna görə müddəti başa çatan təqaüd kartlarının müddəti onların müraciətlərinə əsasən sentyabrın sonuna qədər uzadılıb. Lazım gəlsə, situasiyadan asılı olaraq bu tədbiri davam etdirəcəyik.

AMB sədri, həmçinin vurğulayıb ki, may-iyun aylarından ölkədə işsiz kimi qeydiyyata alınan 600 min nəfərə operativ qaydada bank hesabı açılması, onlara ödəniş kartlarının verilməsi təmin olunub:

“Artıq may-iyun aylarındakı ödənişlər tam şəkildə bank hesabları və bank kartları vasitəsilə təmin edilmişdir. Bankların özünüməşğulluq proqramında aktivliyi davam etdirir. Aprel ayından başlayaraq 200-ə yaxın, 800 min manatdan çox belə kredit verilmişdir. Proqram qəbul olunubdur, ilin sonuna qədər bu proqram 1000 nəfərdən çox insanı əhatə edəcək. Bizim məqsədimiz təkcə o kreditləri ödəmək deyil. Biz istəyirik onlara iş yerləri, gəlirlər yarada bilən aktiv, dayanıqlı mikrobizneslərin yaradılmasını təmin edək ki, bu insanlar aktivlərdən uzun müddət istifadə etsinlər.

Real sektorun maliyyə imkanlarına çıxışını genişləndirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 200 milyon dollar həcmində çərçivə sazişi bağlanılıb. Bu, Sizin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə danışıqlarınızdan sonra baş verib. Birinci tranş 50 milyon dollardan artıq reallaşmasına başlanıb. Bu kreditlər real sektorda olan müəssisələrə yönəldilməyə başlanmışdır”.

“Mərkəzi Bankın qarşısında duran başlıca vəzifə yenə də hökumətlə sıx əlaqədə işləyərək ölkədə makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamaqdır. Bu istiqamətdə hökumət proqramı üzrə bizim adekvat tədbirlər planımız var. Ona görə hökumət qurumları ilə birlikdə gələn illər və ortamüddətli dövrdə yeni makroiqtisadi çərçivə üzrə işlərimizi tamamlayırıq ki, bu çərçivə hər hansı dövrdə gələn bütün çağırışlara adekvat cavab vermək imkanında, iqtidarında olsun”, - E.Rüstəmov əlavə edib.

Azvision.az


Teqlər: Elman-Rüstəmov  





Xəbər lenti