Prokurorluq Bərdədəki qətllə bağlı məlumat yaydı

  13 İyul 2020    Oxunub : 2651
 Prokurorluq Bərdədəki qətllə bağlı məlumat yaydı
İyulun 12-də saat 06 radələrində Bərdə rayonu, Otuzikilər kənd sakini, 1997-ci il təvəllüdlü Namiq Ağamirova ov tüfəngi ilə atəş açılaraq xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Bərdə rayon Prokurorluğundan Azvision.az -a verilən məlumatına görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Araşdırmalarla cinayətin həmin kənd sakini, 1976-cı il təvəllüdlü Qadir İbrahimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Bərdə   Tüfəng