Virusla mübarizədə sahibkarlar da məsuliyyətli olmalıdır

  11 İyul 2020    Oxunub : 4647
Virusla mübarizədə sahibkarlar da məsuliyyətli olmalıdır
COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib. Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşların, o cümlədən iş adamlarının prosesdə fəal iştirak etməsinə səsləyən çağırışlar üstünlük təşkil edir. Bütün bunlara baxmayaraq, pandemiyanın nə zaman azalacağı və ya bitəcəyi barədə məlumatların verilməsi hələ də mümkün deyil.
Xəstəliyin qarşısının alınmasında hələlik yeganə vasitə olan özünütəcrid prosesi nə qədər sürətlənərsə, onun qarşısının alınması da asanlaşar. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir.

Azvision.az -ın məlumatına görə, vergi hüququ üzrə ekspert Sirac Piriyev koronavirus pandemiyasının mənfi təsir etdiyi əsas sahənin iqtisadiyyat olduğunu bildirib.

Onun fikrincə, bu səbəbdən mövcud vəziyyətin aradan qaldırılmasında sahibkarların da köməyi mütləqdir: “İlk növbədə, bu, onların öz fəaliyyətlərini səmərəli həyata keçirməsinə müsbət təsir edəcək. Eyni zamanda, hər bir sahibkar üzərinə düşən məsuliyyəti dərk edərək qaydalara riayət etsə, özünü və ətrafındakı şəxsləri, bir sözlə cəmiyyətimizi qorumuş olar: Sahibkarlardan xahiş edirik ki, iş yerlərində sosial məsafəni təmin edərək ona riayət olunmasına ciddi nəzarət etsinlər. Onlar özləri ilə yanaşı, təmasda olduqları vətəndaşların da maskalardan istifadə etməsinə diqqət yetirməlidirlər. Fəaliyyət yerlərində daim təmizlik və dezinfeksiyaedici məhlullardan istifadə olunmalıdır. Bir sözlə, koronavirus pandemiyası ilə mübarizədə əsas amil vətəndaşlarımızın, o cümlədən sahibkarların məsuliyyət hissindən asılıdır. Hər birimiz gigiyenik qaydalara və müəyyən olunmuş tələblərə riayət edək ki, qısa müddətdə bu bəladan xilas olaq”.

Azvision.az

Teqlər: Sahibkar   Pandemiya