İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı

  10 İyul 2020    Oxunub : 2886
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, qurumun əməkdaşları İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə İsmayıllı şəhərində qanunsuz heyvan kəsiminə qarşı reyd keçirib.

Reyd zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb. Həmin obyektlərin sahiblərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri barədə göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Azvision.az

Teqlər: AQTA