Qazaxda tank əleyhinə raket tapıldı

  09 İyul 2020    Oxunub : 3153
Qazaxda tank əleyhinə raket tapıldı
İyulun 9-da saat 12:17-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Qazax rayonu Abbasbəyli kəndi ərazisində raketin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə idarəolunmayan PQ-7V raketi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Raketin ətrafında 200 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA   Qazax