The Jerusalem Post: “İsrail – Azərbaycan: sarsılmaz strateji tərəfdaşlıq”

The Jerusalem Post: “İsrail – Azərbaycan: sarsılmaz strateji tərəfdaşlıq”
  16 İyun 2020    Oxunub:2312
“The Jerusalem Post” qəzetinin yazdığına görə, İsrailin “Israel Aerospace Industries” konserni bərk yanacaqla işləyən birpilləli LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksinin (ОTRK) sınaqlarının uğurla başa çatması barədə rəsmi məlumat verib.
Xarici KİV-lər böyük həsəd və kin hissi ilə bildirirlər ki, Azərbaycan İsrailin həmin raket komplekslərini göndərdiyi ilk və yeganə ölkədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu hələ iki il bundan əvvəl LORA OTRK ilə təchiz olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “İsrail – Azərbaycan: sarsılmaz strateji tərəfdaşlıq” sərlövhəli məqaləsi bu mövzuya həsr edilib (https:// www.jpost.com/opinion / israel-and - azerbaijan-an - unbreakable-strategic - partnership-631367).

Xarici KİV-lər yazırlar: “Yeni raketlər bir qədər fərqli xarakteristikalara malikdir, lakin şirkət öz raketlərini “səhra şəraitində” sınaqdan keçirmək istəməyibmi, bəlkə elə buna görə hələ yoxlanılmamış ölümsaçan silahları Ermənistanla döyüşən respublikaya göndərməyi qərara alıb?”

Arye Qut qeyd edir ki, əgər Azərbaycan İsrailin bu raketləri göndərdiyi ilk və yeganə ölkədirsə, bu fakt İsraildəki qüvvələrə həqiqi və real cavabdır ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq etimadın və daimi dialoqun ən yüksək səviyyəsinə dəlalət edir.

Arye Qut öz məqaləsində yazır: “Bu tərəfdaşlıq əvvəllər energetika sahəsinə yönəlmişdi, indi isə tərəfdaşlıq iqtisadiyyatın digər sektorlarına da, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrinə də şaxələndirilib. İsrailin müdafiə şirkətləri Azərbaycan hərbi sənayesinin qurulmasında fəal iştirak ediblər və bu iştirak davam edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir”.

İsrailli ekspert vurğulayır ki, israilli mütəxəssislər uzun illər boyu Azərbaycanda müxtəlif sahələrdə işləyirlər, İsraildə Azərbaycandan gəlmələrin böyük və nüfuzlu icması mövcuddur, İsrail cəmiyyətinə uğurla inteqrasiya olunmuş bu insanlar Azərbaycanı böyük ləyaqət və hörmətlə təmsil edirlər.

İsrailli ekspert vurğulayır: “LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksi mövzusuna qayıdaraq qeyd etmək lazımdır ki, bu raket 2004-cü ilin mart ayında Aralıq dənizində uğurla sınaqdan keçirilib və İsrail müdafiə ordusunda müvəffəqiyyətlə istifadə edilir. LORA raketinin yeni sınaqları bir qədər yeni modifikasiyanın sınaqlarıdır, lakin İsrailin bu silahı sınaqdan keçirmədən Azərbaycana göndərdiyini bəyan etmək qeyri-adekvat, qeyri-relevant və qeyri-peşəkar sərsəmlikdir. Bundan əlavə, hər hansı ölkənin Azərbaycana göndərdiyi hər bir silah Azərbaycan Silahlı Qüvvələrində zəruri sınaq və test yoxlamalarından keçirilir. Bütün bunlara baxmayaraq, Ermənistan İsraillə hansısa etimada əsaslanan münasibətlər qurmaq ümidindədir. Xatırlatmaq istəyirəm ki, İsrail hərbi-sənaye kompleksi yetərincə ciddi qurumdur və İsrail Müdafiə Nazirliyinin tam nəzarəti altında fəaliyyət göstərən çox ciddi peşəkarlar komandasıdır”.

Məqalənin müəllifi qeyd edir ki, bugünkü Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli ordu, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. İsrailli ekspert vurğulayır: “Müasir müharibədə kimin döyüş əməliyyatlarını təmin etmək üçün daha müasir yüksək texnoloji vasitələri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin Aprel əməliyyatı zamanı erməni işğalçılara qarşı İsrailin pilotsuz zərbə qurğularının səmərəli tətbiq edilməsini xatırlamaq kifayətdir. Bu barədə çox danışmaq olar”.

Arye Qut qeyd edir ki, iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlığı sayəsində iyirmi ildən artıq müddətdə İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf edib. Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində vurğulayır: “İsrail müstəqil Azərbaycanı tanımış ilk ölkələrdən biri olub. Avrasiyada heç bir ölkə İsraillə Azərbaycan qədər sıx dostluq münasibətlərinə malik deyil. Bu sıx münasibətlərin səbəblərindən biri Azərbaycanda yaşayan azərbaycanlılarla yəhudilər arasında çoxdan mövcud olan dostluqdur.

Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin mərkəzi hesab edilən güclü müstəqil dövlətdir. Azərbaycan fəal çoxvektorlu müstəqil xarici siyasət yürüdür. Gözlənən geosiyasi maneələrə və labirintlərə baxmayaraq, İsrail və Azərbaycan möhkəm və sarsılmaz tərəfdaşlıq qurmağa nail olublar”.

Məqalənin müəllifi qeyd edir ki, 2016-cı ilin dekabrında Baş Nazir Binyamin Netanyahu Bakıda rəsmi səfərdə olarkən İsrail-Azərbaycan münasibətlərini yüksək qiymətləndirərək demişdi: “Bizim tərəfdaşlığımız bütün dünyaya nümunə kimi göstərilə bilər. Dünyada dözümsüzlüyün, nadanlığın baş alıb getdiyi indiki vaxtda Azərbaycan hər yerdə müsəlmanlarla yəhudilər arasında münasibətlərin necə ola biləcəyini göstərən nümunədir”.

Qutun fikrincə, islam dünyasında İsrailin müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan həm də dinlərarası və etnoslararası dözümlülüyün gözəl nümunəsidir.

Arye Qut vurğulayır: “Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan, eyni zamanda, bir neçə başqa etnik və dini qruplar, o cümlədən qədim zərdüştilər, xristian və yəhudi icmaları üçün doğma evdir. Bütün milli azlıqlar arasında dözümlülük və dinc yanaşı yaşamaq qədim İpək Yolu vaxtlarından müasir dövrə, XXI əsrə qədər Azərbaycanın inkişafında həyati əhəmiyyətli rol oynayıb. Çox ölkələrdən və xalqlardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə əcnəbilər kimi baxmayıb. Azərbaycanın xaricində nisbətən az adama məlumdur ki, Azərbaycanda yerli yəhudi icması çox mühüm rol oynayıb”.

Məqalə müəllifi qürurla qeyd edir ki, Azərbaycanın rəhbərliyi ölkənin yəhudi icmasına böyük qayğı və hörmət göstərir. O yazır: “Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Yaxın üç ay ərzində Azərbaycanın unikal yəhudi kəndi olan Qırmızı Qəsəbədə dünyada ilk Dağ Yəhudiləri Muzeyi öz qapılarını açmalıdır. Dağlar qoynunda yerləşən bu kənddə yəhudi icması əsrlər boyu müsəlman əhalisinin arasında sağ-salamat və firavan yaşayıb. Azərbaycanın şimalında yerləşən, ölkənin əsl qürur mənbəyi olan qədim Qırmızı Qəsəbə İsrail və ABŞ hüdudlarından kənarda yeganə yəhudi şəhəri hesab edilir.

İsrailli ekspert vurğulayır: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin fundamental əsasıdır. İsrail dövləti Azərbaycanda yəhudi icmasına münasibətdə respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir. Bu hörmət və əməkdaşlıq ənənəsi olmadan Azərbaycan ilə İsrail arasında sıx və yaxın ikitərəfli münasibətlər praktik olaraq qeyri-mümkün olardı. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyinin tərəfdarıdır. O, Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırır”.

Məqalənin müəllifi qeyd edir ki, iki ölkə arasında, həmçinin Azərbaycan ilə, azərbaycanlılarla Azərbaycan yəhudiləri arasında münasibətlər, sadəcə, qarşılıqlı maraqla izah edilə bilməz. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Müasir dövlətlərarası münasibətlər ortaq dəyərlərə və ortaq tarixə əsaslanır. İnsani əlaqələr və dini baxımdan dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Azərbaycan bir daha nümayiş etdirir ki, istənilən məsələni zorakılığa və ya mübahisələrə əl atmadan həll etmək olar”.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti