Bəzi məhsulların qiyməti ucuzlaşdı

 Bəzi məhsulların qiyməti ucuzlaşdı
  10 İyun 2020    Oxunub:3287
2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-may aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az - a verilən məlumata görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin may ayına nisbətən 102,9 faiz təşkil edib.

2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 98,7 faiz, əvvəlki ilin may ayına nisbətən 105,7 faiz təşkil edib.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, mal ətinin, qatılaşdırılmış şəkərli südün, süfrə marqarininin, limonun, bananın, almanın, armudun, mərcinin, təbii balın, müxtəlif içli şokoladlı konfetlərin, çayın, qəhvənin, arağın, pivənin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin may ayına nisbətən 101,4 faiz təşkil edib.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, mətbəx üçün oturacaq dəstlərinin, kondisionerlərin, ventilyatorların, qan təzyiqini ölçmək üçün elektron aparatların, minik avtomobilləri üçün şin və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, elektrik çaydanlarının, mobil telefonların qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin may ayına nisbətən 100,4 faiz təşkil edib.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti