Tramp-Twitter toqquşması: Əsrin suallarına cavab tapmaq vaxtıdır - TƏHLİL

      Tramp-Twitter toqquşması:    Əsrin suallarına cavab tapmaq vaxtıdır -    TƏHLİL
  31 May 2020    Oxunub:19740
Donald Trampın “Twitter” ilə çəkişməsi bütün dünyada “sosial şəbəkələr necə tənzimlənməlidir” sualını aktuallaşdırdı. Bu məsələnin çox tərəfləri var. Amma bütün hallarda, iki ağırlıq mərkəzinin arasında balansın qurulmasından söhbət gedir: Paylaşılan informasiyalara görə ya istifadəçi qanun qarşısında cavabdeh olmalıdır, ya da şəbəkənin administrasiyası. Sual budur: Kim hansı nisbətdə?
ABŞ-da 1996-cı ildə qəbul edilən qanuna görə, internet resursun rəhbərliyi istifadəçilərin yazdığı kontentə görə heç bir məsuliyyət daşımır. Yəni hansısa mister Smit qanuna zidd məlumat paylaşıbsa, əcəb edib – Bu, onun problemidir, buyursun, məhkəməyə cavab versin.
Əslində, öz dövrü üçün kifayət qədər məntiqli və düzgün yanaşma idi, amma sosial şəbəkələrin indiki kimi geniş yayılması, kontent yaradan insanların sayının həddindən çox artması mühitində bu qanun effektiv işləyə bilmir. Çünki dünyanın bütün məhkəmələri dayanmadan gecə-gündüz çalışsalar da, internetdə bir gün ərzində baş verən hüquq pozuntularını araşdırmaq üçün onillərlə vaxt tələb olunar. Ona görə də, sosial platformalar bir-birinin ardınca avtomatik filtrlərin tətbiqini daha da dərinləşdirirlər. Əgər sən məsələn, kiminsə müəllif hüququnu pozmusansa, məhkəmə hökmünü gözləmədən dərhal kontentin bloklanır (çox vaxt haqsız yerə), zorakılığa çağırış, nifrət təbliğatı varsa, eyni qaydada, məhkəmə hökmü olmadan həmin fikirlər silinir. Və bu zaman sual ortaya çıxır: Bunu həyata keçirən alqoritmlər mənim fikir azadlığımı pozmurlar ki? Məhkəmədə mən öz paylaşdığım fikri əsaslandırmağa ən azı cəhd edə bilərdim. İndi isə o hüququm əlimdən alınır.

Bu, senzuradırmı? Trampa görə, bəli. Amma bütün hallarla bağlı eyni hökmü də vermək olmur. Konkret Trampın misalında həqiqətən də, ona qarşı senzura tətbiq olunub: O, poçtla səsvermə haqqında fikrini paylaşıb, Twitter isə bunu “fake” elan edib. Bu halda yazdığı fikir həqiqətən yanlış olsa belə, Tramp seçicisi qarşısında özü məsuliyyət daşımalıdır və Twitter alqoritmlərinin Süleyman peyğəmbərlik eləməsi tamamilə yersizdir.
Amma məsələnin daha böyük və vacib tərəfi başqadır: Axı istər “Twitter”də, istərsə “Facebook”da hər gün milyonlarla fake xəbərlər, təhqirlər, böhtanlar, xalqların və dövlətlərin taleyinə təsir göstərə biləcək dərəcədə ziyanlı məlumatlar paylaşılır. Bəs niyə onların da qarşısında “Fake ola bilər” xəbərdarlığı yazılmır? Və əgər Trampın dediyi olsa - sosial şəbəkələr ümumiyyətlə, kontentə heç bir müdaxilə etməsələr, bu halda nə baş verər?!

Beləliklə, gəlib başqa bir vacib dilemmaya çıxdıq: Hansı daha vacibdir – İstifadəçinin fikir və ifadə azadlığı, yoxsa cəmiyyətin və dövlətin maraqları?!
Bir tərəfdən, əgər Tramp öz iddiasını reallaşdırsa və sosial şəbəkələr istifadəçilərin kontentinə müdaxiləni dayandırsa, bu, ayrı-ayrı şəxslərin ifadə azadlığı ilə yanaşı, saxta xəbərlərin və manipulyasiyaların da artmasına səbəb ola bilər. Digər tərəfdən, sosial şəbəkənin istifadəçilərin yaratdığı kontentə nəzarəti davam edəcəksə, onda başqa vacib sual açıq qalır: Onların alqoritmləri hansı fikirləri ələyir, bloklayır, məhdudlaşdırır, hansıları isə daha çox adama göstərir? Bu alqoritmlər necə tənzimlənib? Onlar doğrudanmı, cəmiyyətə faydalı olan tərzdə işləyirlər və ictimai maraqları kommersiya, yaxud digər maraqlara qurban vermirlər ki?

Məsələ ondadır ki, indiki halda bizim öz lentimizdə nəyi görüb-nəyi görməməyimizə sosial şəbəkə alqoritmləri qərar verirlər. Və həmin alqoritmləri nizamlamaqla cəmiyyətin fikrini istənilən tərəfə yönəltmək mümkündür. Faktik olaraq, bizim nə görməyimizi, necə düşünməyimizi həmin alqoritmləri idarə edən qüvvə müəyyənləşdirir. Bu, senzuradan daha çox, ictimai rəy ilə manipulyasiyanın yeni formasıdır. Sosial şəbəkələrin Azərbaycan seqmentinə nəzər salsaq, müxalif və tənqidi fikrin daha çox kultivasiya olunduğunu görərik. Niyə belədir? Çünki alqoritmlər həmin fikirləri daha çox insana göstərir, onların təsirilə daha çox istifadəçi tənqidi ruha köklənir və nəticədə proses böyüyə-böyüyə gedir. Bu, təkcə bizdə belə deyil, hər ölkə problemin öz reallığına uyğun adaptasiyası ilə üzləşir.

Göründüyü kimi, hər iki halda məsələnin öz çətinlikləri var. Çıxış yolu yəqin, sosial şəbəkələrin fəaliyyətindəki şəffaflığı daha da gücləndirmək ola bilərdi. Onların alqoritmlərinin necə, hansı prinsiplərlə işlədiyi, hansı fikirlərin qarşısını kəsib, hansıların yayılmasına təkan verdiyi cəmiyyət üçün aydın olmalıdır. Bundan başqa, sosial şəbəkələrdə anonimliyin və gizliliyin azaldılması da istifadəçi məsuliyyətini artıra bilər. Yəqin ki, hökumətlər bu istiqamətdə onlarla dialoqu gücləndirməlidirlər.

Bütün hallarda, gec-tez hər bir dövlət bu sualı qarşısına qoymalı idi ki, “Biz vətəndaşımızın şüurunu, ölkədə ictimai rəyin formalaşdırılmasını kimə etibar edirik?” Tramp mövzunu qlobal səviyyədə qaldırmaqla müzakirənin açılmasına şərait yarandı. İndi hansısa məqbul cavab tapılana qədər onu davam etdirmək lazımdır.

Vüsal Məmmədov

Azvision.az


Teqlər: Tramp   Sosial-Şəbəkə  





Xəbər lenti