BMT-dən Azərbaycana yüksək qiymət

  15 Mart 2013    Oxunub : 524
BMT-dən Azərbaycana yüksək qiymət
BMT İnkişaf Proqramı Azərbaycanı insan inkişafının yüksək səviyyədə olduğu ölkələr qrupuna daxil edib.

Azərbaycan insan inkişafı indeksinə görə dünya dövlətləri reytinqində 82-ci yeri tutur. Ölkəmiz həmçinin insan inkişafının yüksək səviyyədə olduğu ölkələr qrupuna daxil edilib. APA-nın məlumatına görə, bu barədə məlumatlar BMT İnkişaf Proqramının 2013-cü ildə insan inkişafına dair hesabatında yer alıb.

Bu il Azərbaycanın reytinq cədvəlində yeri bir pillə aşağı düşüb. 2013-cü ildə dünyada insan inkişafının ən yüksək səviyyədə olduğu ilk beş ölkə Norveç, Avstraliya, ABŞ, Hollandiya və Almaniyadır. Qonşu ölkələrdə Gürcüstan 72-ci, Ermənistan 87-ci, Rusiya 55-ci, Türkiyə 90-cı yerdə qərarlaşıb.

Hesabat müxtəlif ölkələrin vətəndaşlarının həyat səviyyəsi və sosial müdafiəsinə dair məlumatlar, sağlamlıq göstəriciləri, əhalinin təhsil və mədəni inkişaf səviyyəsi, cinayətkarlığın səviyyəsi, ətraf mühitin mühafizəsi, insanların qərarların qəbulunda iştirak səviyyəsi nəzərə alınmaqla hazırlanıb.

Azərbaycanda sorğuya cəlb olunan respondentlərin 74 faizi hökumətə etibar etdiklərini, eyni sayda respondent isə özünü təhlükəsizlikdə hiss etdiyini deyib. Ölkəmizdə kişilər arasında iqtisadi aktivlik əmsalı 68,5 faiz, qadınlar arasında 61,6 faiz təşkil edir.

Azərbaycanda yaşı 25-dən yuxarı olan kişilərin 95,7 faizi, qadınların isə 90 faizi ən azı orta təhsilə malikdir. Ölkədə əhalinin savadlılıq səviyyəsi 99,8 faiz təşkil edir. Respondentlərin 53 faizi Azərbaycanda təhsilin səviyyəsində razı qaldıqlarını bildiriblər.

Azərbaycanda hər min nəfərdən 619 nəfəri ürək-damar xəstəlikləri və şəkərdən dünyasını dəyişir. Bununla belə sorğuda iştirak edənlərin 53 faizi ölkədə tibbi yardımın səviyyəsindən razılıq edib.

Azərbaycanda hər 100 min nəfərə 2,2 qətl hadisəsi düşür, Türkiyədə bu göstərici 3,3, Gürcüstanda 4,3, Ukraynada 5,2, Braziliyada 21, Kolumbiyada 33,4-dür. Ölkəmizdə hər yüz min kişidən biri intihar edir, qadınlar arasında bu göstərici 0,3-dür. Xatırladaq ki, BMT İnkişaf Proqramının hesabatı müstəqil beynəlxalq ekspertlər tərəfindən hazırlanır.

Teqlər: