Prezidentə məktublardan 10 maraqlı sitat

   Prezidentə məktublardan    10 maraqlı sitat
  17 Aprel 2020    Oxunub:28995
Bugünlərdə sadə insanlar Azərbaycan Prezidentinə xeyli məktublar yazırlar. Əlbəttə, bu məktubların müəllifləri peşəkar qələm adamları olmadıqlarından, sadəcə, ürəklərindən gələni ifadə edirlər. Bunlar vətəndaş səmimiyyətindən və sevgisindən doğan məktublardır. Amma diqqətlə oxuyanda, həmin məktublarda elə cümlələrə rast gəlmək olur ki, bir az dərinliyinə enəndə çox maraqlı məna qatları da açılır.
Biz dövlət başçımıza yazılan saysız-hesabsız məktubları oxuyarkən ayrı-ayrı adamların yazdığı bu 10 cümlə xüsusilə diqqətimizi çəkib. Onların hansı fikirlərdən doğduğuna və adamda hansı fikirləri doğurduğuna sizinlə birlikdə nəzərə salmaq istərdik.

“Siz bizi bizdən də çox düşünürsünüz”.
2-ci qrup Qarabağ əlili, ehtiyatda olan leytenant İlham Əliyev
Beyləqan rayonu

Bu, hansısa bir qərardan, iki sərəncamdan, üç tapşırıqdan sonra gəlinən nəticə deyil. Vətəndaşın bunu düşünəcək nöqtəyə gəlib çatması üçün çox pillələrdən keçməsi lazımdır. Cəmiyyətdə sadə insanlardan tutmuş, Prezidentə qədər hamının fəaliyyətini, gördükləri işi, məsələlərə münasibətlərini götür-qoy edəndən sonra belə yekuna varmaq mümkündür. Vətəndaşların bir çoxu hələ məsələnin ciddiliyini dərk etməyəndə Prezident artıq onların da yerinə düşünmüş, lazım olan addımları atmışdı. Çoxları problemə barmaqarası yanaşanda Prezident vəziyyəti tam ciddiliyilə dərk etmiş, vətəndaşı qorumaq üçün bütün tədbirləri görmüşdü. Və günlərin birində narahat olmaq zamanı çatanda vətəndaş görür ki, onun yerinə artıq narahat da olublar, mümkün ola biləcək ən doğru qərarları da qəbul ediblər, indi sadəcə, evində rahat oturmaq tələb olunur. Biz adətən, uşaq olanda valideynlərimizdən belə hərtərəfli qayğı görürük, böyüyəndən sonra isə özümüz kiməsə qayğı göstərməliyik. Və həmişə bu qənaətlə yaşayırıq ki, bizi bizidən çox düşünən yeganə varlıqlar valideynlər ola bilərlər. Pandemiya zamanı üzləşdiyimiz vəziyyət isə göstərdi ki, “dövlət-ata” ifadəsi heç də boşuna yaranmayıbmış. Bu sitat həmin an vətəndaşda dövlət-ataya yaranan minnətdarlıq hissinin ifadəsidir.



“Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz”.
Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün Nazim Paşayev
Bərdə rayonunun Şorəlli kəndi


Bəşəriyyətin virusla mübarizəsini tez-tez müharibəyə bənzədirlər. Doğrudan da, hazırda sanki planet hərbi rejimə keçib, əvvəlki qlobal dünyadan əsər-əlamət qalmayıb, ölkələr ayrı-ayrı hərbi hissələri daha çox xatırladırlar. Belə vəziyyətdə hər dövlətin başçısı ilk növbədə sivil yox, hərbi rəhbərdir, öncə Ali Baş Komandan, ondan sonra prezidentdir. Döyüş zamanı əsas qayda itki verməməkdir. Və Ali Baş Komandanın da qərarları ilk gündən məhz ona yönəlib ki, biz mümkün qədər az itki verək. Qələbə insan həyatları bahasına qazanılmasın. O, bir Komandan olaraq insan həyatlarının keşiyində dayanıb. Bir əsgər olaraq isə, döyüşün lap ön sırasındadır.



“Çox sağ olun ki, Sizə bəslənən ümidləri və güvəni hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiniz”.
Rəşad Əliyev, Nurlana Bəşirova, Akif Salmanov və Telman Quliyev
Gəncə şəhər sakinləri

Bunu etiraf etmək də olar, etməmək də, amma bütün çətin anlarda insanların gümanı ancaq Prezidentədir. Ölkədə onun qədər güvənilən, etimad bəslənən, inanılan başqa heç bir şəxs, qurum, institut yoxdur. Hər kəs bilir ki, dar məqamda ümid bağlanılacaq bir Şəxs var. Və o Şəxsin özünə bəslənən ümidləri doğrultması xalqın hər zaman bir rahatlıq, güvən içində yaşamasını təmin edir.



“Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq”.
Vüqar Mürsəlov, Sarxan Muradov və Zahir Abbasov
Salyan rayonunun Qarabağlı kəndinin sakinləri


Bu şüar başqa bir dövrdə səslənsə, bəlkə də çox gözəl deviz olmaqdan o tərəfə keçməzdi. Amma pandemiya vaxtında o, təkcə şüar olaraq qalmadı, həyat tərzinə çevrildi, insanlar praktikada əyani şəkildə dərk etdilər ki, birlikdə güclü olmaq, birlikdə problemi yenmək nə deməkdir. Məhz bu anda bu şüarı səsləndirməklə dövlət başçısı birliyin sadəcə söz, çağırış olmadığını ortaya qoydu. Pandemiya bəlasını həm də xalqı real olaraq birləşdirməyin vasitəsinə çevrildi. Pandemiya keçib gedəcək, Azərbaycan xalqının onu birlikdə necə aşması isə bir örnək olaraq tarixdə qalacaq ki, xalq və dövlət səylərini birləşdirəndə necə nəticələr əldə etmək olur. Və bu təcrübə hələ qarşıda başqa qələbələr qazanmaq üçün də bizə lazım olacaq.



“Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir”.
Milli Qəhrəman ailəsi Quliyeva Ülviyyə Qabil qızı
Füzuli rayonu

Vətənpərvərlik nədir? Bunu sözdə lap çox müzakirə etmək olar. Amma əməldə vətənpərvərliyin nə olduğunu isə bugünlərdə cənab Prezident əyani olaraq göstərdi. Vəzifə məsuliyyəti böyük anlayışdır, amma bütün işləri yüksək səviyyədə görmək üçün kifayət etməyə də bilər. Bəzən Vətənin və Xalqın maraqlarını vəzifə məsuliyyətinin tələb etdiyindən daha artıq qorumaq lazım gəlir. Bu zaman ancaq vətənpərvərlik hissinin insana əlavə güc verməsi mümkündür. Sevgi cavabdehlikdən daha böyük qüvvədir.



“Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq”
Qasımova Nuranə Etibar qızı
Göygöl rayonu.


Bu mövzuda nə qədər mübahisə edilsə belə, şəksiz-şübhəsizdir ki, güclü olmaq üçün xalqın Liderə ehtiyacı var. Xüsusilə də kiçik xalqlara böyük liderlər lazımdır. Çətin anlarda ancaq əsl lider xalqı səfərbər edib, vəziyyətdən çıxara bilər. Bu mənada, üzləşdiyimiz ağır durumda güvəndiyi bir Liderin olması Azərbaycan xalqının xoşbəxtliyi və tarixi şansıdır. İndiki məqamda liderlik keyfiyyətlərindən məhrum, zəif, məsuliyyətsiz bir şəxsin hakimiyyətdə olması hansı bəlalara yol açardı – bunu hətta düşünmək belə, insanı dəhşətə gətirir. Görünür, məktubun müəllifi də bunu düşünüb və həqiqəti dərk edib.



“Bu günlərdə “mən” deyə bir şey yoxdur, biz varıq. Çünki biz birlikdə güclüyük”.
Əliyeva Sevinc Rafiq qızı
Abşeron rayonu, Xırdalan şəhəri


Çətin vəziyyətlərdə xalqın birləşməsi çox vacibdir. Amma xalqı birləşdirmək üçün də mütləq Liderə ehtiyac var. Bu cümlə onu göstərir ki, Prezidentin irəli sürdüyü şüar həqiqətən də insanların şüuruna təsir edərək, onları birləşməyə sövq edə, ayr-ayrı fərdlərin toplusu olmaqdan XALQ olmaq səviyyəsinə yüksəldə bilib. Çətin vəziyyətlərdə xalqı birləşdirməyə qadir olan Lider həqiqətən, böyük qüvvədir.



“Siz hər zaman vətəndaşın yanında olub onun sevincinə də, kədərinə də şərik çıxırsınız”.
Zinyət Əhmədova
Bakı şəhərinin Nəsimi rayonunun sakini


Sadə insan çox vaxt dövlətin işinə böyük diplomatik uğurlar, makroiqtisadi nəticələr prizmasından yox, öz həyatının bucağından baxır. Çünki “sadə insan” zatən o deməkdir ki, o, mürəkkəb dəyərləndirmələrdən yox, özünün hisslərindən çıxış edir. Və indiki anda vətəndaşın hissləri ona deyir ki, sevincinə də, kədərinə də şərik olan rəhbəri var. Bunu dərk etmək elə vətəndaş xoşbəxtliyi deməkdir.



“Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə necə aciz qaldıqlarını hamı görür”.
Veysəl Vəliyev
Bakı şəhəri, Yasamal rayonu

Bu məktubun müəllifi xaricdə oxuyan tələbədir. O, xüsusi reyslə ölkəmizə gətirilib, Atletlər kəndində yerləşdirilib, oradakı şəraiti, diqqəti-qayğını görüb. Qidalanmadan tutmuş, tibbi xidmətə qədər hər şeyi xaricdəkilərlə müqayisə edib və anlayıb ki, dövlətin böyüklüyü heç də onun ərazisi ilə ölçülmür. Bu gənc özünə göstərilən qayğıdan hiss edib ki, o, məhz böyük dövlətin vətəndaşıdır.

“Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı”.
Firdovsi Rəcəbov, Bayraməli Orucov və Sakit Əhmədov
Daşkəsən rayonunun Bayan kəndinin sakinləri


İnsan hər yerdə insandır. Hər yerdə bəladan pul qazanmağa çalışanlar, ancaq öz mənfəətini düşünənlər var. Belə insanları ümidinə qalsa, ərzaq da xeyli bahalaşardı, tibbi ləvazimatlar da, digər həyati ehtiyaclar da. Bəzən belələrinin qarşısını kəsməklə xalqı elə onun özündən də qorumaq lazım gəlir. Onların qarşısını kəsən isə Prezientin iradəsi oldu. Əgər dövlət başçısı bununla bağlı ortaya qəti iradə qoymasa, şübhəsiz, möhtəkirlər utanmadan xalqın cibinə girəcəkdilər. Amma dövlət başçısı buna da imkan vermədi.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti