Qadın paltarlı proxy-müxalifət: Feministlərin məqsədi nədir? - TƏHLİL

      Qadın paltarlı proxy-müxalifət:    Feministlərin məqsədi nədir? -    TƏHLİL
  08 Mart 2020    Oxunub:30036
Bu gün Bakının mərkəzində “8 marş: Bizimdir hürr küçələr” adlı “qadın” “aksiya”sının şahidi olduq. Fərqindəyəm ki, birincü cümlədə dırnaq işarələri bir az çox qoyulub, amma bu, mənim günahım deyil. Aksiyanın adını dırnaqda yazmağı qrammatikanın qaydaları tələb edir, o biri iki sözə gəlincə isə, nə yığışanlar Azərbaycan qadınını təmsil edirdilər, nə də keçirdikləri normal aksiya sayıla bilərdi. Ona görə, dırnaqsız keçinmək mümkün olmadı.
“Bozbaş yoxdur, üsyan var” deyib, “Qadına azadlıq” tələb edən bu dəstə ümumiyyətlə, nə istəyir? Onların istədikləri vaxt “hürr küçələrdə” gəzməsinə əngəl olanmı var? Yoxsa hansısa bozbaş bişirməyə məcbur edilib? (Heç bozbaş bişirənə oxşamırlar axı...) Elə isə, “üsyan”ları nəyədir?

Tarixin müəyyən mərhələsində feminizmin ictimai-siyasi anlamı olub – O vaxtlar ki, hətta Avropada belə, qadınların əmlak sahibi olmaq, səs vermək, işləmək kimi hüquqları yox idi. O zamanlar bəli, qadınların hansısa hüquq tələb etməsi yerində və haqlı sayılardı. İndi isə qanunvericilikdə sırf qadın olduğuna görə hansısa vətəndaşın hüququnun məhdudlaşdırılmasından söhbət belə getmir. Günümüzdə bir kişinin arvadına əl qaldırması efemer “qadın hüquqlarının” yox, Cinayət Məcəlləsinin konkret maddəsinin pozulmasıdır. Feminizm öz məqsədinə artıqlamasilə çatıb – Bu gün bir çox ölkələrdə qadınların xeyrinə pozitiv diskriminasiya tətbiq olunur (məsələn, iş yerlərində kvotaların qoyulması kimi). Elə isə, feminiz istədiyini əldə etdiyi üçün səhnədən çıxmalı idi. Amma əksini görürük. Niyə?



Konkret Azərbaycandan danışsaq, hazırda bizim ölkədə radikal feminizm proxy-müxalifətçilik funksiyasını həyata keçirir. Yəni hakimiyyətə qarşı birbaşa siyasi məzmunlu müxalif qüvvə formalaşdırmaq alınmadığından, bunu dolayı yollarla edirlər. Əvvəllər həmin proxy variantlardan biri din idi – ona insanları siyasiləşdirməyin güclü vasitələrindən biri kimi baxırdılar. Amma son illərdə aparılan din siyasəti bu istiqamətdən gələn yolları bağladı. Ortada qalan başqa münasib ideyalardan biri isə feminizmdir. Ona görə də, son illərdə feminizm şüarları ilə insanları siyasiləşdirib, bu yolla siyasət meydanına çəkmək üçün işlər görülməyə başladı – bu istiqamətə qrantlar ayrıldı, aktivistlər yetişdirildi, tanınmış simlara çevrilmələri yönündə iş aparıldı...

Bu gün “feminist” adı ilə küçəyə çıxanlara baxaq: Kimləri görürük? Baaaa... Hamısı tanış üzlər, tanış səslər. MSK-nın qabağında oturaq aksiya keçirməyə cəhd edən, Almaniyanın Konrad Adenauer fondunun bəsləyib-böyütdüyü, ermənilərə və PKK-ya rəğbətini gizlətməkdə çox vaxt çətinlik çəkən Nurlana Cəlil . Əlinə boş qazan götürüb, MSK-nın qabağına gələn, cinsi azlıqların nümayəndəsi və aktiv müdafiəçisi Rəbiyyə Məmmədova . Əli Kərimlinin siyasi məclislərinin baş saqisi Fatimə Mövlamlı . Mübariz İbrahimovu təhqir etməsi və intim postları ilə məşhurlaşan ero-müxalifətçi Nərmin Şahmarzadə . Özü ortada olmasa da, səhnə arxasından proseslərə rejissorluq edən Xədicə İsmayıl. Hamısı ifrat siyasiləşmiş, aqressiv insanlar. Bunlardırmı Azərbaycan qadını təmsil edən, onun adından danışanlar? Adamın əti ürpəşir...



Söhbət qadın hüquqlarından deyil, məhz proxy-müxalifətçilikdən getdiyi üçün biz siyasi mövzularda yazan bəzi “kişi” blogerləri də onların böyründə gördük. Bu qadın tamaşasında butaforiya kimi iştirak etməklə onların missiyası aksiyanın siyasi olduğunu incə yolla sezdirmək idi. Əli Kərimlinin aksiyaya dəstəyi də həmçinin, eyni məqsədi daşıyır.



Adlarını çəkdiklərimizin (eləcə də, çəkmədiklərimizin) hər biri aqressiya mövzusunda 50 kişini qatlayıb, ciblərinə qoyarlar. Onları meydana çıxaran “Azərbaycan qadınının hüquqları yox”, qrantlar, polisi təxribata çəkmək planı, bir də ölkədə proxy-müxaliət yaratmaq istiqamətində görülən işlərdir. Azərbaycanda qadın hüquqlarından danışmaq üçün siyasiləşməmiş, polislə qarşıdurmaya can atmayan, qadın problemlərini zorla siyasi kontekstə salmayan (“qorxma, küçəyə çıx”) şəxslər yoxdurmu? Əlbəttə, var. Amma məsələ qadın hüquqları deyil axı. Məsələ bu mövzudan istifadə edərək, proxy-müxalifət yaradıb, hakimiyyətə qarşı etirazları cəmiyyətin mümkün qədər daha çox seqmentlərinə yaymaqdır. Eyni zamanda, ictimai şüurda belə bir zondaj aparmaqdır ki, “Qadınlar qorxmayıb, küçəyə çıxırlarsa, bəs kişilər nədən qorxmalıdırlar?”

Halbuki, küçədə olan Azərbaycan Qadını yox, marginallaşmış və siyasiləşmiş kiçik aqressiv qruplaşma idi. Bu adamlar hətta sosial şəbəkədə belə, ətrafa aqressiya yayırlar. Onlara bütün cəmiyyətdə məhz belə baxılır. Bu marginal qrupun patriarxal cəmiyyət quruluşunu, milli ailə modelini dağırtmaq üçün apardıqları mübarizə ən yüngül halda mənəvi təxribat kimi qəbul olunur. Bu tip aksiyalarda səsləndirilən, qaldırılan heç bir şüar cəmiyyətdə reaksiya doğurmur. Aksiyadakı aqressiv qadınların polisin üstünə qışqırması daha çox reaksiya yarada bilir, nəinki onların şüarları və məqsədləri.

Lap yaxından baxanda isə görürük ki, söhbət heç təkcə qadın hüquqlarından da getmir: Cinsi azlıqlar, “mavi”lər, “çəhrayı”lar, LGBT... – hamısı bu bozbaşın içində bir-birinə qarışıb. Maraqlıdır, onların Azərbaycanda hansı problemləri var ki?

Məsələnin lap aydınlaşması üçün gəlin, sualı belə qoyaq: Ümumiyyətlə, bu aksiyanın ünvanı kim idi? Oradakı tələblər hara, kimə ünvanlanmışdı? Ən maraqlısı da elə budur: Heç hara, heç kimə! Bunlar ritorik tələblər idilər. Məqsəd isə elə aksiyanın özünün keçirilməsi, bu yolla cəmiyyətdə etirazın, narazılığın olmasını, şəhərin mərkəzində yürüşlərin təşkil olunduğunu nümayiş etdirməkdir. Fərqi yoxdur, orada nə deyilib, əsas odur ki, insanlar şəhərin mərkəzində yürüş keçiriblər, polisin üstünə qışqırıblar, qorxmayıblar... Qısası, ölkədə narazılıq var! Bu göstərilibsə, demək, aksiya məqsədinə də çatıb. Amma bütün bunların öz həyat yoldaşı və uşaqları ilə mehribanlıq içində bayram keçirən orta statistik Gülnar ilə nə əlaqəsi var – bax, əslində məhz buradan başlamaq lazım idi.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Feminizm  





Xəbər lenti