Pensiyalar yenə artdı: başqa hansı mexanizm lazımdır? - TƏHLİL

      Pensiyalar yenə artdı:    başqa hansı mexanizm lazımdır? -    TƏHLİL
  11 Fevral 2020    Oxunub:13719
Dövlət başçısı İlham Əliyevin ölkədə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sonuncu, yəni 6 fevral 2020-ci il tarixli sərəncamı hər il üçün ənənəvi xarakter daşıyan addım olsa da, indiyədək heç vaxt builki qədər artım təsbit edilməmişdi: Yəni, 16,6 faiz. Bu da onunla əlaqədardır ki, keçən il 2020-ci ilin 1 yanvar tarixinə orta aylıq nominal əməkhaqqının artım tempi məhz həmin səviyyədə olub. İndiyədək heç bir il ərzində əhalinin gəlirləri 2019-cu ildəki qədər artmayıb və yaxud da artırılmamışdı. Təkcə minimum əməkhaqqı keçən il 2 dəfə artırılıb.
Ümumiyyətlə, 2019-cu il ölkəmizdə böyük islahatlar ili oldu. Mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paketin icrasına başlandı. Nəticədə minimum əməkhaqqı 1 ildə 2 dəfə artırılaraq, 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata çatdırıldı. Birinci göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə nəinki çatdı, sentyabrın 1-dən onu hətta keçdi.

Paralel olaraq, bütün müavinətlər də yüksəldilməklə yeni müavinət növlərinin tətbiqinə başlanıldı ki, dövlət büdcəsindən maliyyələşən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqqları müvafiq sərəncamlar ilə artırıldı.

Sözün qısası, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinin 16,6 faiz təşkil etməsi heçdən baş verməyib. Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı mexanizm belədir ki, mövcud məbləğlər ildə bir dəfə olmaqla ölkə üzrə əvvəl, yəni 2018-ci ilə qədər istehlak qiymətləri indeksinin 1 il əvvəlki artım səviyyəsinə uyğun olaraq həyata keçirilib artırılırdısa, 2018-ci ildən bu, məhz orta illik əməkhaqqı artımı göstəricisinə görə edilməyə başlanıb. Başqa sözlə desəm, əmək pensiyaların sığorta hissəsi 2018-ci ilədək əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisinə uyğun olaraq hesablanıb artırılırdısa, 2018-dən bir il əvvəl ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə - faizinə uyğun müəyyən edilərək, artırılmağa başlanıb.

Bu, düzgün qərar idi. Ona görə ki, rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq, indeksləşdirmə heç də hər il səmərəli nəticə vermirdi və verə də bilməzdi. Çünki elə il olur ki, inflyasiya cəmi 1-3 faiz təşkil edir. Ümumiyyətlə, sağlam iqtisadiyyat şəraitində inflyasiya əslində 3-4 faizdən yüksək olmamalıdır. Üstəlik, orta aylıq nominal əməkhaqqı məbləğinin artım həddi də həmişə inflyasiyadan üstün olmalıdır. Belə ki, qiymətlərin bahalaşması səviyyəsi əhalinin heç olmasa nominal gəlirlərini üstələməli deyil. Düzdür, elə illər olub ki, bizdə inflyasiya orta aylıq nominal əməkhaqqı məbləğinin artım səviyyəsindən çox təşkil edib. Söhbət, ikirəqəmli inflyasiya səviyyəsi qeydə alındığı illərdən gedir.

Beləliklə, ölkədə əmək pensiyalarının artımı son olaraq, yəni bu il yanvarın 1-dən indeksləşdirilməyədək keçən ilin oktyabr ayında həyata keçirilən – minimum pensiya məbləğinin 200 manat edilməsi artımı ilə yekunlaşmadı və daha çox məbləğdə pensiya alanların aylıq pensiya məbləğləri bu ilki indeksləşdirmə nəticəsində daha çox artacaq. Onu da qeyd edim ki, ölkəmizdə əmək pensiyasının minimum məbləği keçən il ərzində bütövlükdə 72,4% artırtmışdı... Və 2019-cu il martın 1-dən szügedən məbləğ 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmaqla 233 min vətəndaşı əhatə etmişdisə, oktyabrın 1-dən 200 manata çatdırılmaqla, bu rəqəm 660 min nəfər təşkil etmişdi.

Pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək bu dəfəki 16,6 faiz artımı isə sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları, yəni 93 faizi və ya 1 milyon 120 minə yaxını əhatə etməklə təşkil edəcək. Və bu artımdan sonra ölkə üzrə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksələcək.

Həyata keçiriləcək artım üçün tələb olunan vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri hesabına maliyyələşdiriləcəyi isə ayrıca şərh olunacaq bir mövzudur. Məlum olduğu kimi, ölkədə yenə məhz keçən ilin əvvəlindən həyata keçirilməyə və tətbiq olunmağa başlanılan vergi islahatları, eyni zamanda kölgə iqtisadiyyatına qarşı tədbirlərin gemişləndirilməsi, o cümlədən yuxarıda sadaladığım əməkhaqqı artımları sayəsində adı çəkilən Fondun gəlirləri yüksəlib. Və bu tendensiya davam edir. Xatırladım ki, keçən ilin ortasında dövlət büdcəsinə kiçik dəyişikliklər edilməklə DSMF-a dövlətin əsas maliyyə sənədində ayrılması nəzərdə tutulan vəsaitı hətta 150 milyon manat qayçılanaraq ayrı istiqamətə yönəldildi. Odur ki, ölkədə həyata keçirilməkdə olan islahatlar kompleks xarakter daşıdığından, üstəlik DSMF-nın maliyyə imkanları da həm indeksləşdirməyə, həm də əlavə artımlara imkan yaratmaqdadır.

Lakin sonda bir məqama toxunmaq istəyirəm. Minimum pensiya məbləğinin qaldırılması minimum əməkhaqqı səviyyəsi kimi bütün pensiya məbləğlərinə təsir etmir. Başqa sözlə desəm, minimum maaş səviyyəsində artım baş verən zaman 19 pilləli Vahid Tarif Cədvəli üzrə bütün növ büdcə çalışanların əməkhaqlarında müvafiq olaraq yüksəliş baş verdiyi halda, minimum pensiyada belə deyil. Odur ki, hesab edirəm, gələcəkdə minimum pensiya məbləğinin qaldırılması da minimum əməkhaqqı səviyyəsi kimi bütün pensiya məbləğlərinə təsir göstərsə məqbul olardı. Yəni, bu sahədə müvafiq mexanizm işlənib hazırlansa yaxşıdır.


Pərviz Heydərov
Azvision.az üçün




Teqlər:





Xəbər lenti