Taclı virus: Niyə yenə də Çin? – Fərqli baxış

      Taclı virus:    Niyə yenə də Çin? –    Fərqli baxış
  25 Yanvar 2020    Oxunub:16155
Son günlər dünya yeni bir kabusla üzləşib. Çində baş qaldıran bu kabus qısa vaxtda Güney Koreya, Yaponiya, Nepal, Vyetnam, Sinqapur, Tayland və Avstraliyaya yayıldı. Amma avrosentrist dünyanı tərpətmək üçün bu, bəs deyildi. Həmin kabusun ABŞ və Fransaya da ayaq açdığı bildiriləndən sonra isə gündəm dəyişdi. Bəli, söhbət “2019-nCoV” adlı kabusdan, sizin son günlər tez-tez eşitdiyiniz adla desək, koronovirusdan gedir.
2019-cu ilin sonlarında Çin hökuməti ölkənin mərkəzində yerləşən Uxan şəhərində yeni pnevmoniya növünün yayılmasına dair Dünya səhiyyə Təşkilatına xəbərdarlıq eləmişdi. Bir müddət sonra xəstəliyin səbəbkarının “2019-nCoV” adlı koronovirus olduğu müəyyən edildi, amma bu, onun qələbə yürüşünün qarşısını ala bilmədi. Son məlumatlara görə, Çində yoluxanların sayı artıq 1300-ü keçib, 41 nəfər dünyasını dəyişib.

Koronoviruslar ailəsinə 39 virus daxildir. Bu viruslar birqatlı Ribonuklein Turşusundan, yəni informasiya daşıyıcısından ibarətdilər. Həmin RNT zülal membranın daxilindədir; membranın üstü tikanlı olduğundan, günəş tacını xatırladır, elə buna görə də ona Korono, yəni taclı virus deyilər. Bu taclı virus bronxit və pnevmoniyanın əsas törədicisidir. 2002-ci ildə dünyanı möhkəm qorxudan Atipik Pnevmoniya da məhz onun əl işi idi. Maraqlıdır ki, atipik pnevmoniya epidemiyası da Çinin Quandun şəhərində başlamışdı. Belə çıxır ki, taclı viruslar ailəsinin nəyə görəsə, Çinə xüsusi sevgisi var.

Ehtimal edilir ki, virusun yayılmasının səbəbi çinlilərin ilan, yarasa və digər belə ləziz təamlarla qidalanması ola bilər. Koronovirus ailəsinin yeni üzvü olan “2019-nCoV” virusunun ilanlarda mutasiya edib, oradan hansısa Çanq Çinq Çunqun vücuduna keçdiyi güman olunur. Nə etmək olar, milyard yarım insanın arasında ilan doğulmaq çox ağır bir taledir – səni diri-diri yeyərlər. Əgər bişirib yesəydilər, koronovirusun insana keçmək şansı da olmayacaqdı.

Koronovirusa yoluxanda insanın temperaturu qalxır, nəfəs almaq çətinləşir, öskürək və sinədə ağrılar peyda olur. Yəni bildiyiniz pnevmoinya, yaxud, köhnə adamlar demişkən, sətəlcəm. Hər il adi, lap adi pnevmoniyaya 450 milyon insan yaxalanır, onların 7 milyonu haqqın rəhmətinə qovuşur. Bu, xudmani bir ölkənin əhalisi deməkdir. Amma belə şeylərlə dünyanı qorxutmaq mümkün deyil – Sətəlcəmdir də, əsrlərdir yoluxuruq da, ölürük də - burada dəhşətli nə var ki?! Amma yeni adlar qorxulu səslənə bilir. Məsələn, hər il adi, lap adi, nənəmizin-babamızın da yoluxduğu qripdən ən azı 300 min adam ölür. Nə olsun? Bu, qorxulu deyil, çünki adam qripə yoluxar da. Amma “quş qripi” deyəndə vəziyyət dəyişir. Hələ “donuz qripi” isə lap vahiməli səslənir.

Hər il 7 milyonu o dünyalıq edən adi pnevmoniya heç kimi qorxutmur, amma “atipik pnevmoniya” ayrı söhbətdir – adından hiss olunur ki, nəsə çox xatalı şeydir. Ona görə, dünya ictimaiyyətini qorxudur, dünya ictimaiyyətinin qorxması isə həmişə kimlərinsə qazanması deməkdir. Bu sxem hər zaman işləyib, işləyir, işləyəcək.

Əvvəla, kreativ adları olan virusları tapıb, dünyaya təqdim etmək hər zaman böyük xərc tələb edir. Bu, bütün dünyada laboratoriyaların yaxşı qazanması deməkdir.

İkincisi, belə hallar həmişə siyasi-iqtisadi nəticələr doğurur. Son illərdə əcaib adları olan epidemiyaların çoxunun turizm sektoruna böyük yatırımlar qoyan və bu sektordan fantastik gəlir götürən Çində başlaması doğrudanmı, ancaq ilanların, yarasaların, siçanların acı taleyi ilə bağlıdır? Doğrudanmı, Səma İmperiyasını sürünənlərin, gəmiricilərin və suda-quruda yaşayanların ahı tutub, yoxsa, burada başqa, daha məkirli planlar da var? 2003-cü ilin quş qripi epidemiyası Çinin ümumi daxili məhsulunun 15 faizini verən Quandun əyalətinin iqtisadiyyatına ağır zərbə vurmuşdu. İndi isə dağ-mədən şirkətlərinin səhmləri sürətlə düşməyə başlayıb. Şair demişkən, “gərək yadınızdan çıxmamış ola”, donuz qripi mövzusu da o vaxtlar “özünü pis aparan” Meksikanı və ümumiyyətlə, solçulara sevgisi artan Latın Amerikası qurşağını böyük iqtisadi ziyana salmışdı.

Əlbəttə, biz demirik ki, virus-filan boş şeydir, heç nədən qorxmaq lazım deyil, şəhərdə harada çinli görsəniz, çəkinmədən qucaqlayıb öpün. Ehtiyat tədbirlərini görmək və bütün səviyyələrdə gigiyenik tələblərə əməl etmək mütləq lazımdır. Virusun taclısına da lənət, tacsızına da! Amma onu da başa düşmək gərəkdir ki, belə hay-küylər çox vaxt qəsdən şişirdilir. Bəzən hadisənin ətrafında yaradılmış vahimə onun özündən daha qorxulu olur və daha böyük ziyan vurur. Atipik pnevmoniya, donuz və quş qripləri, sonuncu Ebola epidemiyası məhz belə hadisələr idi. Rusların məşhur məsəlində deyildiyi kimi, şeytanın haqqında deyilənlər onun özündən daha vahiməlidir.

Məsələyə sadəcə təmkinlə, soyuq baş və təmiz əllərlə yanaşmaq lazımdır. Ümumiyyətlə, təmiz əllər – təkcə tipik və atipik viruslardan yox, bütün bəlalardan qorunmağın rəhnidir.

Tariyel Həsənov

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti