Yanukoviç bir əlində iki qarpız tutmaq istəyir

Yanukoviç bir əlində iki qarpız tutmaq istəyir
  19 Dekabr 2013    Oxunub:1321
Ukrayna həm Avropa Birliyi ilə razılaşma imzalamaq, həm də Avrasiya İqtisadi birliyində müşahidəçi olmaq istəyir.
AzVision.az xəbər verir ki, Ukrayna lideri Viktor Yanukoviç Putinlə paralel Kiyevdə mətbuat konfransı keçirib.

İlk növbədə Yanukoviç ölkəsinin Rusiya ilə Moskvada bağladığı müqavilə və ölkənin iqtisadi durumundan danışıb. O, etiraf edib ki, iqtisadi böhran Rusiya ilə son dövrlərdə iqtisadi münasibətlərdəki soyuqluqdan qaynaqlanıb və böhranın 3 əsas səbəbini göstərib.

“Ukraynadakı iqtisadi böhrana 3 əsas səbəb var. İlk olaraq bu qeyri-bərabər qaz müqaviləsi ilə bağlıdır. Büdcə buna görə 20 milyard dollar zərər çəkib. İkincisi, 2008-2009-cu illərdə Beynəlxalq Valyuta Fondundan götürdüyümüz borcun qaytarılmasına başlanılıb. Üçüncüsü isə strateji partnyorlarımız – Rusiya və digər MDB ölkələri ilə ticarət dövriyyəsi azalıb”.

Bundan başqa, Yanukoviç satılan qazın qiymətlərinin endirilməsindən sonra ölkəsinin Rusiyadan daha çox qaz alacağını bildirib. “Bizim üçün münasib qiymətlər olsa, təbii ki, daha çox Rusiya qazı istehlak edərik. Biz Rusiya qazının tədarükünü artırmaqda maraqlıyıq. Yəni hansı qaz daha ucuz olarsa, onu da istehlak edəcəyik” – deyə Yanukoviç bildirib.

Avropa Birliyi ilə münasibətlərə gəlincə, Yanukoviç avrointeqrasiyadan imtina etmədiklərini bildirib. Sadəcə, ölkəsinin Assosiativ üzvlüklə bağlı müqaviləni diqqətlə nəzərdən keçirmək üçün vaxt istədiyin bildirib.

“Biz Avropa Birliyi ilə Assosiativ üzvlük və azad ticarət zonası barədə müqavilənin imzalanmasını müvəqqəti dondurmuşuq. Bizim hökumət bu razılaşmanın hansı şərtlərlə imzalanmasına cavab verməlidir”. Yanukoviç “Əlbəttə ki, biz bu razılaşmanın qısa müddətli, orta müddətli və uzun müddətli perspektivdə bizə nə verəcəyini bilməliyik”,- deyə əlavə edib.

Sonda Yanukoviç Moskvada yalnız iqtisadi münasibətlərin müzakirə olunduğu və heç bir inteqrasiya prosesləri barədə danışıqların aparılmadığını vurğulayıb.

“Biz Avropa və Gömrük İttifaqı ilə münasibətlərimizi qarşı-qarşıya qoymuruq. Və Moskva ilə heç bir inteqrasiya prosesləri barədə müzakirə aparmamışıq”.

Mətbuat konfransında Yanukoviç ölkəsinin Çinlə birgə “Böyük İpək Yolu” layihəsində iştirak edəcəyini bildirib. Bundan əlavə, Ukrayna prezidenti Avrasiya İqtisadi Birliyində müşahidəçi qismində iştirak etmək üçün müraciət göndərdiyini əlavə edib.

Gələcək siyasi karyerasına gəlincə, Viktor Yanukoviç 2015-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək barədə yekun qərar vermədiyini bildirdi.

“Əgər reytinqim aşağı olsa və perspektiv görməsəm, onda ölkənin inkişafına mane olmayacağam. Cəmiyyətlə dialoqdan sonra görsəm ki, perspektivim var və insanlar mənə şans verir, onda öz qərarımı verəcəm”.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti