Putinin əhvi qəbul edildi

Putinin əhvi qəbul edildi
  18 Dekabr 2013    Oxunub:1021
Putinin təklif etdiyi amnistiya layihəsinin həftəsonu qüvvəyə minəcəyi gözlənilir.
AzVision.az rus mətbuatına əsasən xəbər verir ki, Rusiyada Konstitutsiyanın qəbulunun 20 illiyi münasibətilə elan olunan amnistiya layihəsi Dövlət Dumasındakı səsvermədə təsdiqlənib.

Deputatlar müxtəlif formalarda olan 10 amnistiya layihəsindən Vladimir Putinin təklif etdiyi layihəni məqsədəuyğun sayıblar. Prezidentin təklif etdiyi layihəyə 442 deputat səs verdiyi halda, digər amnistiya nümunələri ən çox 157 deputatın dəstəyini qazanıb. Amnistiya layihəsinin prezident tərəfindən imzalanmasından sonra həftəsonu qüvvəyə minəcəyi gözlənilir.

Təxminən 20 min nəfərə şamil olunacaq əfv layihəsi vətən qarşısında xidmətləri olanlara, hərbiçilərə, əllillərə, hamilə və azyaşlı övladları olan qadınlara, 55 yaşından yuxarı qadınlara və 60 yaşından yuxarı kişilərə şamil olunacaq. Ağır və xüsusi ağır cinayət törədənlər və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək maddəsi ilə məhkum olunan şəxslər amnistiyaya düşməyəcək.

Xatırladaq ki, sabiq müdafiə naziri Anatoli Serdyukovun və “Bolotnı işi” üzrə həbsdə olan 8 nəfərin azad ediləcəkləri də istisna edilmir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti