70 yaşlı NATO: Silahlar hara tuşlanacaq? - TƏHLİL

      70 yaşlı NATO:    Silahlar hara tuşlanacaq? -    TƏHLİL
  12 Dekabr 2019    Oxunub:4319
NATO-nun yaranmasının 70 illiyinə həsr olunmuş London sammiti ciddi fikir ayrılıqları və liderlər arasında yaranmış mübahisələrlə yadda qaldı. Buna baxmayaraq, Böyük Britaniya kraliçası II Yelizavetanın ev sahibliyi etdiyi NATO sammitinin yekununda İttifaq üzvləri arasında uzlaşma əldə olundu və Alyans vahid bəyanatla çıxış etdi. NATO-nun qəbul etdiyi birgə bəyanatda Rusiyanın aqressiv siyasəti, terrorizm, hibrid və kiber hücumlar Avroatlantik məkanına qarşı əsas təhlükə mənbəyi kimi göstərildi.
NATO sammitində Rusiyaya qarşı birgə bəyanatın qəbul olunmasının əleyhinə Fransa prezidenti Emanuel Makron çıxış etdi. Sammitdən əvvəl Emmanuel Makron “The Economist” jurnalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti Donald Tramp üçün NATO daha çox biznes-layihə rolunu oynayır. Makronun fikrincə, “ABŞ-ın atom çətiri altında gizlənmək istəyən dövlətlər Amerika məhsullarını almalı olacaqlar. Avropa hazırda NATO-nun beyninin ölməsini müşahidə edir”. Bununla Fransa prezidenti Donald Trampın Avropa dövlətlərini mütəmadi olaraq ticari müqavilə ilə şirnikləndirməsinə işarə edirdi. Buna baxmayaraq, Amerika prezidenti sammit zamanı öz ampluasından dönmədi və NATO-nun saxlanması üçün ianələri artırmayan dövlətlərli ABŞ ilə ticari müqavilələrdən məhrumetmə ilə hədələdi.

Emanuel Makron NATO üçün əsas təhülkə mənbəyinin Rusiya yox, terrorizm olduğunu bəyan etsə də, son nəticədə Moskvaya qarşı qəbul olunan bəyanata qoşuldu. Bununla Paris Moskvaya sədaqətini nümayiş etdirməklə, Kremlin əlavə etimadını qazanmağa çalışırdı. NATO-nun bəyanatında Rusiya əsas təhlükə mənbəyi kimi göstərilsə də, Avroatlantik Alyans Rusiya ilə bütün körpüləri yandırmağa tələsmir və dialoq üçün pəncərə saxlayır.

Bəyanatın Rusiya ilə bağlı olan hissəsində qeyd olunur ki, “İttifaq Rusiyanın orta və yaxın mənzilli raketləri yerləşdirməsinə cavab olaraq, tədbirlər görəcək. Bununla belə, təşkilat Rusiya ilə dialoq və konstruktiv münasibətlər üçün açıqdır”. Güman ki, Rusiya ilə NATO arasında “dialoq və konstruktiv münasibətlər” körpüsü rolunu oynamaq missiyasını da Paris yerinə yetirəcək. Unutmaq olmaz ki, məhz Fransa Ukraynada münaqişənin nizamlanması ilə bağlı yaradılmış “Normand Formatı”nın üzvlərindən biridir və münaqişənin həllilə bağlı fəal vasitəçi kimi çıxış edir. Bu günlərdə Parisdə keçirilən sammitdə Ukrayna prezidenti Zelenskinin rusiyalı həmkarı Putinlə ilk dəfə görüşünün baş tutması və münaqişə ilə bağlı tərəflər arasında müəyyən razılaşmaların əldə olunması bunun əyani sübutudur.

Orta və yaxın məsafəli raketlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, Vaşinqton bu ilin əvvəlində birtərəfli qaydada Rusiya ilə imzaladaığı bu tip raketlərin məhvi ilə bağlı müqavilədən çıxdığını elan etdi. Bundan sonra Kreml bəyan etdi ki, öz ərazilərinə qarşı mümkün təhlükələrdən qorunmaq üçün orta və yaxın məsafəli raketləri lazımi yerlərdə yerləşdirəcək. NATO-nun rəsmi bəyanatında Rusiyanın orta və yaxın uzaqlıqlı raketləri yerləşdirməsinə cavab olaraq tədbirlər görəcəyini bildirməsi əslində Ağ evin Kremlə cavabı kimi də qiymətləndirmək olar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə NATO-nun Polşa və Baltikyanı dövlətləri mümkün Rusiya təhlükəsindən qorumaqla bağlı planlarına qarşı çıxıb. Ərdoğan hesab edir ki, NATO üçün əsas təhlükə mənbəyi Suriya ərazisində olan kürd terrorçularıdır və Alyans Türkiyənin onlardan müdafiə olunmasına dəstək verməlidir. Maraqlıdır ki, Fransanın dövlət başçısı bu məsələdə Ankaraya qarşı çıxaraq, kürdləri müdafiə edib və Türkiyəni İŞID-la əməkdaşlıqda günahlandırıb. Sammit zamanı aparılan çoxtərəfli danışıqlarda Türkiyə ilə NATO üzvləri arasında son nəticədə kompromis əldə olunub: Ankara Polşa və Baltikyanı ölkələrin müdafiəsi barədə razılaşmaya qoşulub. NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, Suriyada fəaliyyət göstərən kürdlərin YPG təşkilatının terrorçu qurum kimi tanınması mümkün olmasa da, terrorizmlə mübarizə üzrə yeni strategiya qəbul olundu. Güman ki, yeni strategiya Türkiyənin maraqlarına cavab verdiyi üçün, Ankara NATO-nun Şərq planlarını dəstəklədi.

Stoltenberqin çıxışında diqqət çəkən digər məqam isə, Ukrayna və Gürcüstanın gələcəkdə NATO-ya üzv qəbul ediləcəklərini bildirməsidir. Bununla belə, Kiyev və Tiflisin üzvlüyünün nə zaman reallaşacağını NATO-nun baş katibi açıqlamayıb. Qeyd edək ki, Ukrayna və Gürcüstanın NATO-ya üzv qəbul ediləcəkləri ilə bağlı qərar Alyansın hələ 2008-ci ildə Buxarestə keçirilən sammiti zamanı qəbul olunmuşdu. Bu qərarın qəbulundan bir neçə ay sonra Gürcüstanla Rusiya arasında məlum münaqişə başlandı. 2014-cü ildə isə Ukraynada münaqişənin başlanması hər iki ölkənin Alyansa daxil olmasını mümkünsüz edir. Çünki NATO belə olan halda Rusiya ilə hərbi qarşıdurmaya daxil olmalıdır ki, buna Alyans üzvlərinin razı olacağı inandırıcı səslənmir.

NATO üzvlərini narahat edən digər məsələ Çinin iqtisadi və hərbi gücünün sürətlə artmasıdır. NATO-nun bəyanatında qeyd olunur ki, Çinin artan təsir gücü və beynəlxalq siyasəti Alyans dövlətləri üçün həm yeni çağırış, həm də yeni imkanlar yaradır ki, bu istiqamdə ittifaq üzvləri birgə mövqedən çıxış etməlidirlər. Əslində NATO dövlətlərinin Çinə qarşı vahid mövqedən çıxış etməsi dedikdə Avropa ölkələrinin Vaşinqtonun anti-Pekin siyasətinə dəstək verməsi başa düşülməlidir. Amerikanı hazırkı məqamda narahat edən əsas məsələ Çinin Afrika və Antarktitada fəallığının artması, eyni zamanda Avropanın ayrı-ayrı ölkələrində böyük investisiya layihələri ilə çıxış etməsidir. Vaşinqton Avropa ölkələrinin Pekinlə mobil texnologiyalar sahəsində əməkdaşlığına qarşı çıxır və məhz bu səbəbdən “Huawey” şirkətini casusluq məqsədilə informasiya toplamaqda ittiham edir.

Trampin sammitdə səslənən əsas çağırışlarından biri isə NATO-ya üzv dövlətlər tərəfindən ödənilən ianələrin artırılması ilə bağlı idi. Əldə olunmuş razılaşmaya əsasən, hər bir ölkə öz ÜDM dəyərinin 2 faizi həcmində üzvlük haqqı ödəməyi öhdəlik götürür. Son üç il ərzində NATO-nun ümumi büdcəsi 130 milyarda çatıb, 2024-cü ilə qədər isə bu rəqəmin 400 milyarda çatacağı proqnozlaşdırılır.

NATO-nun 70 illik yubiley sammitinin əsas nəticəsi odur ki, Avroatlantik Alyans Amerikanın başçılıq etdiyi hərbi blok kimi xarakterini itirmədi, əksinə, gücləndirdi. NATO-ya üzv olan ölkələr Amerikanın hesabına öz təhlükəsizliklərinin təmin edilməsinin müqbilində Vaşinqtonun hərbi planlarının gerçəkləşdirilməsində özlərinin alətə çevrilmələrini qəbul etmək məcburiyyətindədirlər.

Tofiq Vahid
Azvision.az




Teqlər: NATO   London-Sammiti  





Xəbər lenti