Mövsümün son cıdır yarışına yekun vurulub

Mövsümün son cıdır yarışına yekun vurulub
  03 Noyabr 2019    Oxunub:1540
Noyabrın 3-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə mövsümün sonuncu cıdır yarışı keçirilib.
Azvision.az xəbər verir ki, yarışı federasiya prezidenti Elçin Quliyev də izləyib. Mövsümün bağlanış tədbirində ümumilikdə 6 cıdır və 5 yorğa qaçışı təşkil olunub. Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atlarının qaçışı üzrə isə 50-yə yaxın at iştirak edib.

“Qızıl Tac Kuboku” uğrunda cıdır yarışının yekununda ilk qaçışda 1600 metr məsafəyə birinci yerin qalibi “Batumi Ridinq Club”un sahibi olduğu “Frankel” ləqəbli at olub. Burada 2 yaş İngilis atları yarışıb.

İkinci yarışda 3 yaş “Qarabağ” və Dilbaz atları mübarizə aparıb. Həmin qaçışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Çalxanqala” ləqəbli at tutub.

Üçüncü qaçış 3 yaş və yuxarı Ərəb atlarının mübarizəsi ilə davam edib. Bu yarışda hamıdan güclü “Günay” AİK-in sahibi olduğu “Miss Dahes” ləqəbli at olub.

Dördüncü qaçış 3 yaş İngilis atlarının 2000 metr məsafəyə yarışı ilə davam edib. Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu Naxçıvan ləqəbli at tutub.

Beşinci qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının “Əlvida Kuboku” uğrunda 2400 metr məsafəyə yarışında İbrahimov Ramizin sahibi olduğu “Pəri” ləqəbli at qalib gəlib.

Cıdır mövsümünün son qaçışı 4 yaş və yuxarı İngilis atları arasında olub. İbrahimov Ramizin sahibi olduğu “Kənanın Kralı” ləqəbli at bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün yarışların qaliblərinə ARAF-ın vitse-prezidenti Elşad Abbasov kuboklar və diplomlar verib.

Xatırladaq ki, yarışın ümumi mükafat fondu 24 min 500 AZN təşkil edib.

Azvision.az


Teqlər: Cıdır   Yarış  





Xəbər lenti