Mitinq niyə təxirə salındı? – Ekspress Şərh

   Mitinq niyə təxirə salındı? –    Ekspress Şərh
  01 Noyabr 2019    Oxunub:15980
Milli Şura (oxu: Əli Kərimli) noyabrın 2-nə təyin etdiyi mitinqi gözlənilmədən təxirə saldı. Niyə? Bu qəfil addımın səbəbi nə ola bilər?
Əslində geniş mənada səbəb gün kimi aydındır: Əli Kərimliyə aksiya sifariş verənlər onu qəfildən ləğv ediblər . Nə üçün?

Kərimlinin özü dünən axşam Qənimət Zahidlə canlı videobağlantısında bildirdi ki, xaricdən ona təxribatın ola biləcəyinə dair xəbərlər ötürülüb. Sual olunur: mitinqdə təxribatın ola biləcəyini kim qabaqcadan bilə bilərdi? Olmaya, Kərimlinin sifarişçiləri falçılığa keçiblər? Əks halda, belə çıxır ki, o, xarici kəşfiyyatla əlaqədədir və özü bunu etiraf edib. Çünki mitinqdə “iqtidara yaxın hansısa radikal dini qruplaşma tərəfindən təxribatın törədiləcəyi” (Kərimli) haqda informasiya ancaq və ancaq xarici kəşfiyyatda ola bilərdi.

Amma doğrudanmı, bu, sifarişçilərin geriyə addım atmasına səbəb ola bilərdi? İnandırıcı deyil. Çünki təxribat ehtimalı nəinki mitinqin ləğvinə səbəb ola bilməzdi, hətta əksinə - onun keçirilməsini daha da israrla tələb edərdilər . O sadə səbəbdən ki, xaricdəki anti-Azərbaycan şəbəkəsinə məhz bu lazımdır. Onda ölkəmizin əleyhinə daha səs-küylü xəbərlər yaya biləcəkdilər axı. Mitinqdə baş verən təxribat – tortun üstündəki albalı kimi bir şey olardı onlar üçün.

Belə görünür ki, Kərimliyə mitinq sifariş verənlərin son anda geriyə addım ataraq, onu durdurmalarının səbəbi həmin qüvvələrin çox uzağa getdiklərini anlamaları olub. Onlar başa düşüblər, yaxud, başa salınıblar ki, rəsmi Bakı ilə belə xalçaaltı oyunlar oynamaq olmaz , münasibətlər gərginləşə bilər. İstisna deyil ki, bu istiqamətdə hansısa ciddi siqnal da ötürülüb. Bu səbəbdən də, “stop” əmri verərək, Kərimlinin ipini çəkiblər.

Amma əlbəttə ki, daxili səbəblər də az deyil. Birinci aksiyanın nəticələri Əli Kərmlini sındırmışdı. Həm çox az adamın gəlməsi, həm özünün meydanda tək qalması onu sarsıtmaya bilməzdi. Aydın idi ki, növbəti icazəsiz aksiyaya əvvəlkindən də az insan qatılacaqdı. Kərimli növbəti dəfə əmin oldu ki, aksiyaya insan cəlb etmək – statusa “like” toplamaq deyil, real həyatda tamam başqa prinsiplər hökm sürür. Hələ təkcə birinci aksiyanın nəticəsi onun kimi qorxaq adam üçün həddindən artıq idi. Ona görə də, ikinciyə getməməsi tamamilə təbiidir.

Situasiyanın bu şəkildə dəyişməsi isə hər şeydən əlavə, Kərimlinin kiçik fiqur kimi taleyini də sual altına salır. Belə gedişatda istisna deyil ki, piyada hər an qurban verilə də bilər.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Mitinq   ƏliKərimli  





Xəbər lenti