Qeyri-neft sektoru nə vaxt lokomotivə çevriləcək? – TƏHLİL

   Qeyri-neft sektoru nə vaxt lokomotivə çevriləcək? –    TƏHLİL
  24 Oktyabr 2019    Oxunub:7273
Azərbaycan iqtisadiyyatının son 15 ildə üç dəfədən çox artmasının əsasən neftin hesabına baş verməsi indiyə qədər normal sayıla bilərdi. Çünki inkişaf etmək üçün mütləq ilkin olaraq nəyəsə sahib olmalısan. Müharibə şəraitində olan ölkəmizin isə təbii resurslarından başqa heç nəyi yox idi, sovet dövründən qalma istehsal da dağılmışdı.
Ancaq biz, neftdən təkcə pul qazanmaq üçün istifadə etmədik. İqtisadiyyatı gələcəkdə şaxələndirmək məqsədilə çox mühüm addımlar atdıq, neft gəlirlərini qeyri-neft sektoruna yönəltmək istiqamətində böyük uğurlar qazanmaqla, dünya miqyasında təbii resurslarla zəngin ölkələr sırasında qeyri-neft sahəsində gəlirlər əldə edə bilmək sahəsində ön sıralara çıxdıq.

- Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görüb. Bütün bunlar aparılan islahatların nəticəsidir,- deyə, dövlət başçımız qeyd edib.

Bəs qeyri-neft sektoru bu gün ölkə iqtisadiyyatının lokomotivi sayılırmı? Təəssüf ki, hələ də yox. Ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində ixracımızın 75,79%-ni xam neft və bitumlu minerallardan alınan neft məhsulları, 12,18%-ni təbii qaz, 2,33%-ni isə digər neft məhsulları təşkil edib ki, ötən ilin eyni aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracındakı payı 81,18%, təbii qazın 7,2%, neft məhsullarının payı isə 2,98% olub.

Odur ki, qeyri-neft sektorunun lokomotivə çevrilməsi üçün hələ çox işlər görmək tələb olunur. Bunu Prezident yuxarıda qeyd etdiyim qəbul zamanı və bundan əvvəl oktyabrın 15-i tarixində yanında keçirdiyi iqtisadi müşavirədə də qeyd etdi. Dövlət başçısı bildirmişdi ki, əsas vəzifə qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdan ibarətdir: "Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıb. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən, infrastruktura və sosial infrastruktura böyük yükdür",- deyə, dövlət başçısı vurğulayıb.

Bəs, qeyri-neft sektorunun inkişafı sahəsində vəziyyət ümumiyyətlə, hazırda nə yerdədir? Dövlət büdcəsi gəlirlərində, həmçinin ÜDM istehsalı səviyyəsində onun payı nə qədərdir? Qısa desəm, Azərbaycan əhalisinin sosial müdafiəsinin təşkilində nə vaxt tam olaraq məhz qeyri-neft sektorundan əldə olunan gəlirlərə arxalana bilərik?

Bayaq yazdım ki, təkcə cari ilin yanvar-sentyabr ayları ərzində ixracımızın ümumən 90,3% hissəsini neft-qaz və neft məhsullatı təşkil edib. Dövlət büdcəsi gəlirlərində isə 2019-cu ilin ilk 6 ayı ərzində mədaxil 10405,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,0% və yaxud, 590,2 milyon manat çox edib. Vergilər Nazirliyi tərəfindən 3632,8 milyon manat vəsait daxil olub – bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4% və ya 250,3 milyon manat çox deməkdir. Həmin vəsaitin 70,1 faizi və yaxud 2245,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 milyon manat vəya 14,3% çoxdur.

2019-cu ilin ilk 6 ayında ayında Dövlət Gömrük Komitəsi xəttiylə isə dövlət büdcəsinə 2065,2 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və yaxud 446,2 milyon manat çox demək olub. Yeri gəlmişkən, göstərilən müddətdə Dövlət Neft Fondundan dövlət büdcəsinə 4413,0 milyon manat vəsait transfert edilib.

Qeyri-neft sektorunun bu cür istənilən səviyyədə inkişaf etməməsinə səbəb bir sıra amillərdir. Birincisi, qeyri-neft sahələrinə investisiya çox az qoyulur, xüsusən də özəl və xarici investisiyalar sarıdan. Bu sferada təkcə dövlət investisiyası hesabına isə hər şeyə nail olmaq mümkün deyil. Ona görə, dövlət başçısının qeyd etdiyi kimi, müvafiq güzəştlər, subsidiyalar verilsə də, texnikalar alınsa da, infrastruktur layihələr həyata keçirilsə də, ümumiyyətlə dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədə olsa da, artım tələb olunan rəqəmlər səviyyəsində deyil.

İkincisi, bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməkdə faktiki olaraq iştirak etmir. Ölkədə banklar ancaq istehlak kreditləri verməklə məşğuldurlar ki, bununla da yerli deyil, dolayısı ilə, xarici istehsalçıları dəstəkləmiş olurlar.

Üçüncüsü isə, biznes fəaliyyəti, təşəbbüskarlıq, bazar amilləri qarşılıqlı əlaqədə deyil və bunun üçün müvafiq şərait yoxdur. Çünki, ortada inhisarçılıq, rəqabətin, həmçinin savadlı sahibkarlar sinfinin olmaması və sair kimi nüanslar mövcuddur. Yeri gəlmişkən, Prezident də qeyd etdi ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. "Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq",- deyə, dövlət başçısı bildirib.

Sözün qısası, bəli, qeyri-neft sektorunun inkişafı ümumi iqtisadi siyasətdə növbəti illərdə də əsas prioritetlərdən biri olaraq qalmaqda davam edəcək. Lakin inkişaf zəifdir. Və bunu sürətləndirmək üçün yuxarıda qeyd olunan amilləri mütləq aradan götürmək lazımdır.

Gələn il ərzində ölkədə ÜDM-in real iqtisadi artımı 3,0% olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft üzrə ÜDM-in artımı 3,8% olmaqla 54,6 milyard manat olmalıdır. Ümumiyyətlə, 2023-cü ilədək ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8%-ə çatacağı gözlənilir. Gələn ilin dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirləri isə 10 milyard 536,5 milyon manat olmaqla payını 43%-ə çatdıracaq. Ölkə əhalisinin sosial müdafiəsinin təşkilində qeyri-neft sektorundan əldə edilən gəlirlərə o vaxt tam şəkildə əsaslanmaq və yaxud arxalanmaq mümkün olacaq ki, onun ÜDM istehsalı strukturunda payı 80%-dən yuxarı, dövlət büdcəsi gəlirlərinin tərkibində isə azı 60-65%-ə çatsın. Bunun üçün isə ölkədən qeyri-neft məhsulları ixracı da bu günki 1/10 hissədən heç olmasa 4/10 hissəyə qədər genişlənməlidir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Qeyri-neft-sektoru   İqtisadiyyat  





Xəbər lenti