Cinayətkar qrup zərərsizləşdirildi
AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, 3 nəfərdən ibarət dəstə üzvləri 7 mağazadan və bir kafedən oğurluq etməkdə şübhəli bilinir. Bundan əvvəl həmin şəxslərin Tovuz rayonunda daha 11 mağazanı qarət etdikləri müəyyən edilib.
Gədəbəy rayonunun İnəkboğan kənd sakinləri İqral Abbasov, Şöhrət Hüseynov və Aslan Əliyev Qərb bölgəsinin bir çox rayonlarında mağazalara qənim kəsilib. Həmyerlilər qabaqcadan əlbir olaraq qrup şəklində mağazaları qarət ediblər. Onlar bu üsulla yaşadıqları rayonda 8 müxtəlif ünvanda oğurluq ediblər. Onların əsas hədəfi nağd pul və digər qiymətli əşyalar olub.
Müstəntiq İlqar Abdullayev deyib ki, onlar götürmüş olduqları müxtəlif telefon danışıq kartlarını, eləcə də geyim əşyalarını və cinayətdə istifadə etdikləri aləti istintaqa təqdim ediblər.
Gədəbəy polisi tərəfindən saxlanılan qrup üzvləri ilkin ifadələri zamanı bildiriblər ki, cinayət əməlinə bu ilin oktyabr ayından başlayıblar. Bu müddət ərzində onlar Gədəbəylə yanaşı Tovuz və Şəmkir rayonundan da oğurluqlar ediblər. Beləliklə, onların 20 oğurluq faktında əli olduğu üzə çıxıb.
İ.Abdullayev qeyd edib: "Onlar Tovuz rayonunun Qovlar şəhərində yerləşən 4 mağazadan və Əyyublu kəndində daha 7 mağazadan bu ilin dekabr ayında oğurluq etmələrini səmimi etiraf ediblər".
İlk dəfə cinayət məsuliyyətinə cəlb olunacaq gənclər oğurluqları sərxoş halda törətdiklərini və veriləcək cəzanı çəkməyə hazır olduqlarını bildiriblər.
Hazırda Gədəbəy polisi qrup üzvlərinin başqa cinayətlərdə əli olub-olmamasını araşdırır.
Teqlər: