DİM nəzarətçilərin fəaliyyətini sertifikatlaşdıracaq

DİM nəzarətçilərin fəaliyyətini sertifikatlaşdıracaq
  03 Oktyabr 2019    Oxunub:2338
Dövlət İmtahan Mərkəzi imtahanlarda zal nəzarətçisi sertifikatı almaq istəyən şəxslərin fəaliyyətini sertifikatlaşdıracaq.
DİM-dən Azvision.az -a verilən məlumata görə, sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), məhkumluğu olmayan, yaşı 25-45 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

İlkin mərhələdə namizədin sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatların dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibə keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir. Test imtahanında iştirak ödənişlidir və 10 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd test imtahanında iştirak etmədikdə və ya lazımi nəticəni göstərmədikdə ödəniş geri qaytarılmır.

İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından 40% müsbət nəticə göstərməyən ya psixometrik testlərin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmır.

Təlimlər intensiv formada – ikigünlük keçiriləcək. Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd təlimlərdə iştirak etmədikdə və ya lazımi nəticə göstərmədikdə ödəniş geri qaytarılmır. Təlimlərin vaxtı və cədvəli qruplar komplektləşdirildikdən sonra namizədin e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir.

Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq kateqoriya alaraq daxil edilir, 85%-100% nəticə göstərənlər “A”, 85%-dən az nəticə göstərənlər isə “B” kateqoriyalı sertifikat alırlar.

İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük veriləcək. “Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesinin müsahibə mərhələsindən, ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanından və yekun imtahandan, eləcə də nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti