Lukaşenkonun “ayı” ilə “qartal”ın arasında çətin geosiyasət rəqsi – TƏHLİL

  03 Oktyabr 2019    Oxunub : 7222
 Lukaşenkonun “ayı” ilə “qartal”ın arasında çətin geosiyasət rəqsi – TƏHLİL
Rusiyanın Belarusu özünə birləşdirmək üçün ilin əvvəlindən yürütdüyü siyasət əks-təsir effekti verdi və Lukaşenko Vaşinqtonla diplomatik münasibətlərin bərpa olunması qərarına gəldi. Vaşinqton Lukaşenkonun bu təşəbbüsünü geri çevirmədi. Belarus prezidentinin ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Xeylin görüşündən sonra verilən rəsmi açıqlamada iki ölkə arasında səfir səviyyəsinə münasibətlərin bərpa olunması barədə razılığın əldə olunduğu bəyan edildi.
Beləliklə, ABŞ ilə Belarusun 11 ildir dondurululmuş münasibətləri yenidən bərpa olundu. “Hesab edirəm ki, bu gün Amerika-Belorus münasibətlərində tarixi məqamdır”,- deyən Devid Xeyl, səfirlərin mübadiləsini münasibətlərin normallaşması istiqamətində atılmış addım kimi qiymətləndirib.

Xatırladaq ki, ABŞ ilə Belarus arasında münasibətlər 2000-ci illərin əvvəllərindən korlanmağa başlayıb. 2004-cü ildə Vaşinqton Minski demokratik azadlıqların qarşısının alınmasında ittiham edərək, “Belarusda demokratiya haqqında Akt” adlı qanun qəbul etdi. Bu sənədə əsasən, prezident Lukaşenkoya qarşı ölkədə demokratik azadlıqların bərpa edilməsi ilə bağlı çoxlu tələblər irəli sürülür, onlar icra edilməyəcəyi halda sanksiyaların tətbiqi nəzərdə tutulurdu.

Lakin, Minsk Vaşinqtonun tələblərini qulaqardına vurdu və nəticədə iqtisadi sanksiyalarla üzləşməli oldu. 2008-ci ildə Belorusun “Belneftxim” dövlət konserninə qarşı sanksiyaların tətbiq edilməsinə cavab olaraq, Lukaşenko Minskdəki Amerika səfirliyinin əməkdaşlarının sayının azaldılması tələbini irəli sürdü. Bundan sonra Belarusun Amerikadakı səfiri “məsləhətləşmələr üçün” geri çağrıldı, onun Minskdə olan amerikalı həmkarı isə öz vətəninə qayıtmalı oldu. Keçən müddət ərzində ölkələrarası münasibətlər müvəqqəti işlər vəkili səviyyəsində aparılırdı.



ABŞ-ın 11 ildən sonra Belorusa qucaq açmasının Lukaşenkonun demokratik azadlıqların bərpası ilə bağlı tələbləri yerinə yetirməsi ilə əlaqələndirmək, təbii ki, sadəlövhlük olardı. Əsas səbəb Belarusun Rusiya ilə vahid dövlətdə birləşmə ehtimalının artmasıdır və bu vəziyyət Vaşinqtonu narahat etməyə bilməz. Ən azı ona görə ki, Moskva bu ölkədə yaxın və orta uzaqlıqlı raketlərini yerləşdirə bilər və Belorus Rusiya ilə Qərbin qarşıdurmasında bufer əraziyə çevrilər.

Maraqlıdır ki, Rusiyanın da Belorusa qarşı əsas təzyiq vasitəsi iqtisadi sanksiyalardır, ancaq ABŞ-dan fərqli olaraq, Moskvanın Minskə iqtisadi təsir mexanizmləri daha effektivdir. Belorusun ixracının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının əsas satış bazarı Rusiyadır, ölkə Qərbə ancaq neft məhsulları satır ki, bunun üçün xammalı yenə Rusiyadan alır. Bundan əlavə, Belarusun qazla təminatı tamamilə Rusiyadan asılıdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Belorusun dövlət borcu ölkə ÜDM-nin 55 faizini təşkil edir və bu borcun əsas hissəsi Rusiyayadır. Minsk Rusyaya olan borcunu elə bu ölkədən aldığı güşəştli kreditlərin hesabına ödəməklə, Moskva qarşısında çıxılmaz borc çarxına düşüb. Belə bir vəziyyətdə, cari ilin əvvəlindən etibarən, Rusiya Belorusa satılan xam neftə əlavə verginin tətbiq olunacağını və ixrac olunan qazın qiymətinə də yenidən baxılacağını bildirdi. Lukaşenkonun “güzəşt” tələbinə cavab olaraq isə, Moskva İttifaq dövləti haqqında müqaviləni xatırlatdı.

Söhbət ondan gedir ki, 1999-cu ildə Rusiya ilə Belorus arasında İttifaq dövlətin yaradılması, başqa sözlə, iki ölkənin birləşməsi haqqında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, hər iki ölkə ittifaqa daxil olaraq, ümumi parlament, himn və gerbinin təsis olunmasına, həmçinin, vahid gömrük, məhkəmə və maliyyə orqanlarının yaradılmasına razılıq verirdi. Lakin keçən müddət ərzində bu istiqamətdə heç bir irəliləyiş baş vermədi.

Rusiyanın budəfəki təzyiqlərindən sonra 2019-cu ilin əvvəlində Lukaşenko ilə prezident Putinin görüşü baş tutdu və bu görüşdən sonra 1999-cu ilin müqaviləsinin icrası ilə bağlı konkret inteqrasiya proseslərinə start verildi. Artıq ölkələrarası birgə komissiya yaradılıb və inventarlaşma prosesi aparılır.



Məsələnin konkretləşməsi Amerikanı hərəkətə keçirdi. Bu ilin avqust ayının sonunda ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Minskə səfər etdi. Danışıqların təfərrüatları haqqında məlumat verilməsə də, Boltonun Belorusun suverenliyinin qorunub saxlanmanın vacib olmasını vurğulaması Amerikanın narahatçılığının səbəbini aydın şəkildə göstərirdi. Bolton istefaya göndərilsə də, ABŞ-ın Belorusla bağlı siyasəti dəyişmədi və ölkələr arasında diplomatik münasibətlər bərpa olundu. Lukaşenko isə Belorusun Amerikadan xam neft idxal edəcəyindən danışmağa başladı.

Rusiya ilə ABŞ Belorus uğrunda mübarizənin ən qızğın mərhələsinə qədəm qoyduqları ərəfədə prezident Lukaşenko iki geosiyasi güc arasında var-gəl edərək, diplomatik balansı qorumağa, bu yolla bir tərəfdən ölkənin suverenliyini saxlamağa, digər tərəfdən isə iqtisadi sabitliyi təmin etməyə çalışır.

Lukaşenko anlayır ki, həm ABŞ, həm də Rusiya ilə inteqrasiyanın dərinləşməsi son nəticədə onun hakimiyyətlə vidalaşmasıyla nəticələnə bilər. Amerika ilə dostluğun yolu “narıncı-məxməri meydanlar”dan, Rusiya ilə dostluğun yolu isə Putinin qılıncının altından keçir. “Bloomberg” agentliyi hələ bu ilin aprel ayında öz mənbələrinə istinadən yazırdı ki, Putin Rusiya ilə Belorusu birləşdirib, İttifaq dövlətin başçısı olmaq niyyətindədir və bu yolla 2024-cü ildən sonra hakimiyyətinin müddətini uzatmağa çalışır.

Tofiq Vahid
Azvision.az

Teqlər: Lukaşenko   Belorusiya