AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib
  25 Sentyabr 2019    Oxunub:2361
Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti akademik Akif Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medallarını AMEA-nın vitse-prezidentləri, akademiklər – İbrahim Quliyev, Tofiq Nağıyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev və İradə Hüseynovaya, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidiyə, AMEA-nın Fəxri Fərmanlarını AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovaya, akademik Nizami Cəfərova və AMEA-nın müxbir üzvü Əli Nuriyevə təqdim edib. Bundan əlavə, AMEA-nın Xatirə nişanı və AMEA-nın professoru diplomları da təqdim olunub.

Sonra akademik Akif Əlizadə gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

İlk olaraq AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Azərbaycan muğamının musiqi brendi kimi, xüsusən, milli dövlətçiliyimizin möhkəmləndiyi hazırkı epoxada müstəsna rolundan, milli identikliyin mühüm amillərindən biri kimi tanınmasından bəhs edilib.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. İclasda Heydər Əliyev Mərkəzi ilə birgə “Muğam festivalı” çərçivəsində “Azərbaycan muğamı dünya musiqisi kontekstində” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi, muğamşünaslıq elmini daha da inkişaf etdirmək məqsədilə AMEA və Beynəlxalq Muğam Mərkəzinin birgə təsisçiliyi ilə Milli Muğam Mərkəzinin yaradılması, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə orta ümumtəhsil və ali təhsil müəssisələrində “Azərbaycan muğamının əsasları” adlı tədris-praktik fənnin təlim edilməsi, virtual mühitdə Azərbaycan muğamına həsr edilmiş proqram və saytların hazırlanması və bir neçə dildə qlobal miqyasda təbliği, musiqiterapiya (muğamla müalicə) istiqamətində gənc kadrların hazırlanması, muğamın tədqiqata cəlb olunması və digər məsələlərlə bağlı qərar qəbul olunub.

Gündəlikdə yer alan ilk elmi-təşkilati məsələ “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın hazırlanması barədə olub. Milli inkişaf proqramı ilə bağlı çıxış edən akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, eləcə də Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində imzaladığı müvafiq sərəncamların və həyata keçirilən mühüm tədbirlərin, bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan verdiyini bildirib. Qarşıya qoyulmuş vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə növbəti beşillik mərhələ üçün “2020-2025-ci illər üzrə AMEA-nın Milli İnkişaf Proqramı”nın hazırlanmasına zərurət yarandığını vurğulayıb.

İclasda proqramın hazırlanması və icrasını təmin etmək məqsədilə işçi qrup yaradılıb, AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə proqramla bağlı təkliflərini işçi qrupa təqdim etmək tapşırığı verilib.

Müzakirəyə çıxarılan növbəti elmi-təşkilati məsələ AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə Moskva şəhərində keçirilmiş işgüzar görüşün nəticələri barədə olub. Mövzu ilə bağlı çıxış edən akademik İbrahim Quliyev elmi araşdırma və innovasiyalar üzrə yol xəritəsinin icrası ilə bağlı iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib. Natiq vurğulayıb ki, görüşdə, həmçinin 2020-ci ildə “Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası” elmi-praktik forumunun, Xəzər dənizinin bioloji müxtəlifliyi və ekologiyasının öyrənilməsi məqsədi ilə birgə ekspedisiyaların təşkili, Xəzərdə seysmik şəbəkənin yaradılması, Qafqazın geodinamikasına dair məlumat bazalarının formalaşdırılması, nüvə təbabəti və kosmik tədqiqatlar sahəsində müştərək tədqiqatlar həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Sonra AMEA-nın elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək hesabatların elmi şuralarda vaxtında müzakirə olunub təqdim edilməsini tövsiyə edib.

İclasda hesabatların, o cümlədən müəssisələr tərəfindən həyata keçirilmiş elmi, elmi-təşkilati və digər göstəricilər üzrə fəaliyyət barədə hesabatların AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilməsi qərara alınıb. Bölmənin elmi müəssisələrində, eləcə də respublikanın digər elmi tədqiqat və ali təhsil müəssisələrində bölmənin profilinə uyğun aparılan fundamental tədqiqatların mühüm elmi nəticələri, elmi tədqiqat işlərinin gedişi, tamamlanmış mövzular, habelə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar bölməyə və onun tərkibinə daxil olan elmi müəssisələrə tapşırılmış elmi, elmi-texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə hesabatın hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Həmçinin tabeliyində elmi müəssisə və ali məktəblər olan nazirliklərin, eləcə də digər dövlət qurumlarının hesabatlarının AMEA-nın elmi bölmələri ilə birlikdə müzakirədən sonra AMEA Rəyasət Heyətinə təqdim edilməsi Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tapşırılıb.

AMEA-nın müxbir üzvü Ə.Sadıqov gündəlikdə yer alan elmi istiqamətlər üzrə elmi şuralar barədə məsələyə də toxunub. Akademik-katib AMEA Rəyasət Heyəti və Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi istiqamətlər üzrə elmi şuraların yaradılması haqqında birgə qərarını xatırladıb. Elmi şuraların nümunəvi əsasnamə layihəsinin hazırlandığını və şuraların tərkibinin formalaşdırılaraq, təsdiq olunmaq üçün AMEA Rəyasət Heyətinə təqdim olunduğunu qeyd edib.

AMEA Rəyasət Heyətinin qərarı ilə elmi istiqamətlər üzrə elmi şuraların tərkibi və nümunəvi əsasnaməsi təsdiqlənib, elmi şuraların fəaliyyətini bu sənədə uyğun təşkil etmək şura sədrlərinə həvalə olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, AMEA-nın Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərman ilə təltif olunması, institutun elmi şurasında yubiley iclasının keçirilməsi və akademik Təyyar Cəfərovun fizika elminin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyilə əlaqədar elmi sessiyanın təşkili qərara alınıb. AMEA Rəyasət Heyəti hər iki alimin təltif edilməsi məqsədilə müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılması barədə qərar verib.

İclasda AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşının AMEA-nın Xatirə nişanları ilə təltif edilməsi, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının adının dəyişdirilərək “Həyat elmləri və biotəbabət” adlandırılması, AMEA-nın “Sosial elmlər” jurnalının Redaksiya heyətinin və akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi ilə bağlı Tədbirlər planının təsdiqlənməsi barədə qərarlar qəbul olunub.

Rəyasət Heyətinin iclasında AMEA-nın elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə keçirilmiş seçkilərin nəticələri təsdiqlənib. Akademik Nazim Məmmədov AMEA-nın Fizika İnstitutunun, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, akademik Dilqəm Tağıyev Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Fərzəliyev Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, biologiya elmləri doktoru Ulduz Həşimova Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və biologiya elmləri doktoru Vahid Fərzəliyev Mərkəzi Nəbatat Bağının, akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin, akademik Gövhər Baxşəliyeva Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsinə təsdiq olunublar.

Digər qərarla fizika üzrə fəlsəfə doktoru Yaşar Hüseynəliyev AMEA-nın “Kompozit” Elmi İstehsalat Birliyinin direktoru vəzifəsinə təyin edilib.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti